Qanlıgöldəki maşın bazarı "qan ağlayır" – FOTO
Tarix: 7-04-2015, 11:50 | Çap et
Qanlıgöldəki maşın bazarı "qan ağlayır" – FOTO
Avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərin yüksək olmasından gileylənirlər. Bu da bazarda durğunluğun yaşanmasına gətirib çıxarır. Alıcı qüvvəsi əvvəlki aylarla müqayisədə xeyli aşağı düşüb. Bazar günü Qanlıgöl ərazisində, Badamdarda yerləşən Bakı Avtomobil Satış Mərkəzində olarkən apardığımız müşahidələrimiz və araşdırmalar belə deməyə əsas verir.

Bazarda sovet istehsalı olan avtomobillərlə digər ölkələrdən gətirilənlər arasında xeyli fərq var. Belə ki, sovet istehsalı olan maşınların qiyməti çox düşüb. Ancaq alıcısı da azalıb. Ümumilikdə sovet istehsalı avtomobillərə maraq azalıb. İndi insanlar yanacaq sərfiyyatı daha qənaətli və təhlükəsiz avtomobillərə həvəs göstərirlər.

Yanvarın 1-dən etibarən mühərrikin həcminə görə avtomobillərə tətbiq edilən yeni vergilərin müəyyənləşdirilməsi xaricdən gətirilən avtomobillərin qiymətinə xüsusi təsir göstərib. Bazara gələn azsaylı alıcılar da qiymətlərin yüksək olmasından narazıdırlar.

“Hamı gəlib maraqlanır, gedir. Satış çox zəifdir. İki aydır maşını gətirmişəm, qalıb burada, sata bilmirəm. Məndə ”Priora"dır. 8 minə verirəm. Əvvəl 10 min manata satırdım. Qiymət dəyişib. Manatın ölməsi də çox təsir edib", - deyə satıcı Vüsal bildirir.

Ancaq ondan fərqli olaraq bazara gələn alıcı Namiq qiymətlərin qalxmasından şikayətlənir. Deyir ki, məsələn, “Kia Rio” markalı işlənmiş maşınlar əvvəl 8-9 minə tapmaq olardısa, indi 10-11 mindən aşağı yoxdur. “Chevrolet Aveo” da 11 mindən aşağı tapılmır.

Satıcılar deyirlər ki, daha əvvəl rus rublunun aşağı düşməsi maşın bazarında durğunluğa səbəb oldu. İndi isə manatın ucuzlaşması bu durğunluğu pik həddə çatdırdı. Hər kəs gözləmə mövqeyindədir, artıq kimsə əmlakını satmaq istəmir, səbəbi isə odur ki, uduzacağından qorxur.

Lakin elanlarda qoyulan qiymətlər dollar ekvivalentinə uyğun dəyişdirilir. Dolların bahalaşmasının maşının qiymətinə təsir etmədiyini deyən satıcılar bazarda yenə də alıcı qıtlığından gileylənirlər. Hətta “Opel Astra” markalı maşınlar da bahalaşıb.

Avtomobil bazarı üzrə ekspertlər deyirlər ki, manatın devalvasiyası, maşınların dollarla satılması qiymət artımına gətirib çıxarıb. Dollar ekvivalentində qiymət artımı baş verməsə də, manat ekvivalentində qiymət artımına gətirib çıxarıb. Əvvəl 15 min dollara satılan avtomobil əgər 12 min manat təşkil edirdisə, indi həmin maşın yenidən bazara 15 min dollara təklif olunur.

Bu artıq 15 mindən bir qədər artıq manat deməkdir. Ekspertlər hazırda bazarda durğunluq olduğunu, müştərilərin qiymətlərin aşağı düşəcəyini gözlədiklərini bildirir.

Bundan başqa, manatın ucuzlaşması avtomobillərin qiymətləri ilə yanaşı, onların ehtiyat hissələrinin və təmir xərclərinin artmasına da təsir göstərib. Təmirçilər qiymətlərin 10-20 faiz bahalaşdığını bildirir. Ehtiyat hissələri isə təxminən 20-30 faiz bahalaşıb.

Onu da deyək ki, “Toyota”, “Hyundai”, “KİA”, “Cehvrolet” brendlərinin Azərbaycandakı rəsmi distribüterlərindən verilən məlumata görə, avtomobillərin qiymətinin artırılmasına səbəb nəqliyyat vasitələrinin xarici ölkədən dollarla alınıb gətirilməsi və Azərbaycanın milli valyutasının ucuzlaşmasıdır. Distribüterlərin məlumatına görə, modelindən və markasından asılı olaraq avtomobillərin qiyməti 30-40% artıb.

Yeni “Mercedes E 200" maşının köhnə qiyməti 52 000, yeni qiyməti 68 000 manatdır. ”KİA Optima"nın köhnə qiyməti 27 900, yeni qiyməti 34 900 manat edir. “Chevrolet Aveo”da köhnə qiymət 15 450, yeni qiyməti 18 270 manat civarındadır.

Maşın bazarında müşahidə apararkən 2015-ci ilin buraxılışı olan avtomobillərə də rast gəldik. Öyrəndik ki, bu ilin istehsalı olan “Mitsubishi” markalı avtomobilin qiyməti hazırda 47 min manatdır. Mühərrikinin həcmi böyük olan bu avtomobillərin gələn aylarda qiymətinin artacağı istisna deyil. Maşın salonları isə kredit təklifləri də irəli sürür.

Məsələn, “KİA” salonunda bu maşının “Rio” markalı 2014-cü il istehsalı üçün 4 min manat ilkin ödəniş, banka isə 36 ay ərzində 430 manat kredit ödənişi təklif edilir. Təqribən maşın 18-19 min manata başa gəlir.

Odur ki, söhbətləşdiyimiz alıcıların əksəriyyəti maşınlara baxıb keçirlər. Onlar bu qiymətlərin maydan sonra dəyişəcəyinə ümid edirlər. Elə avtomobil elanlarına göz atmaq da kifayətdir. Məsələn, 2009-cu il buraxılışı olan “Hyundai” markalı avtomobilin qiyməti 10 min dollar olub. 10 min dollar manatın devalvasiyasına qədər 7844 manat idi. İndi 2200 manat bahalaşma var. Ekspertlərin fikrincə, Azərbaycanda maşın bazarı yoxdur.

Son bir ilin hadisələri göstərir ki, avtomobil bazarında inhisarçılıq meylləri həddən artıq yüksəkdir. Bir qrup şəxs avtomobil bazarındakı kiçik və orta sahibkarların üstündən keçib, onları yox eləməyə çalışır. Ümumiyyətlə, avtomobil bazarındakı xırda və orta sahibkarların uzaqlaşması müşahidə edilir. Kəsəsi, maşın bazarı “qan ağlayır”, üstəgəl də “od tutub yanır”.

Qanlıgöldəki maşın bazarı "qan ağlayır" – FOTO
Qanlıgöldəki maşın bazarı "qan ağlayır" – FOTO
Qanlıgöldəki maşın bazarı "qan ağlayır" – FOTO





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net