AzTV-də ciddi ixtisarlar başlayıb
Tarix: 7-04-2015, 09:08 |
Çap et
Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində işçilərin ciddi ixtisarı başlanıb.
Vertikal.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə qurumun keçmiş əməkdaşı Kamal Almuradlı sosial şəbəkədəki profilində yazıb. O qeyd edib ki, telekanalda ixtisarlar yeni təyin olunmuş baş proqram direktoru Elsevər Dünyamalıyevin göstərişinə əsasən aparılır: “Elsevər Dünyamalıyev göstəriş verib ki, hər redaksiyanın işçilərinin əlli faizi ixtisar olunsun, həmçinin yerdə qalan işçilərin maaşlarından 50-80 manat arası pul tutulsun. Ortaya sual çıxır, bəs yaxşı, bu işçilər lazım deyildisə, nəyə görə işə götürülüb. Əgər lazımdırsa, niyə işdən çıxarılır?”.
Bu ilin yanvar ayından bəri isə AzTV-də işçilərin aylıq əmək haqlarının gecikdirilməsi barədə mətbuatda tez-tez məlumatlar yer alırdı. Onlara əmək haqlarının yubanmasının səbəbləri bəlli deyil. İşçilərə mühasibatlığın pulları banka köçürməsi, amma bankın pulları buraxmaması barədə bildirilib. Bankdan isə onların hesabına pulun daxil olmadığı deyilib.
AzTV-də manatın devalvasiyası söhbəti çıxandan işçilərin ixtisar edilməsi gözlənilirdi. Məlumata əsasən, xüsusilə dublyaj studiyalarında və texniki işçilər arasında ixtisarların aparılacağı və bəzi yaradıcılıq verilişlərinin bağlanacağı barədə də qeyri-rəsmi xəbərdarlıqlar edilmişdi.
AzTV-nin timsalında baş verən bu hadisə ümumən media sektorunda son bir neçə ayda yaşanan ciddi ixtisar, büdcənin azaldılması ilə bağlı mənzərəni də yada salmağı mütləq edir. Təxminən bir ay öncə bir gündə 6 saytın bağlanması, ciddi işçi ixtisarı hakimiyyətin media siyasətində fərqli taktika yürütdüyünü göstərir. Neft qiymətinin aşağı düşməsi, qarşıdan gələn Bakı Avropa Oyunlarına sərf olunan milyonlar media sektorunda ixtisarlarla müşayiət olundu. Bunun hökumətin bir çox media layihələrinə təsirsiz ötüşməyəcəyi gözlənilir.