İlham Əliyevin kral Salmanla kritik danışıqları: pul, geosiyasət və neft...
Tarix: 6-04-2015, 18:01 | Çap et
İlham Əliyevin kral Salmanla kritik danışıqları: pul, geosiyasət və neft...
Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına qəfil səfəri ölkə və regional miqyasda sensasion hadisə oldu.

Ona görə qəfil ki, prezidentin səfəri haqda ancaq onun başçılıq etdiyi nümayəndə heyətinin ər-Riyadda rəsmi görüşlərə başlamasından sonra mətbuata rəsmi məlumat verildi.

Kral Salman Azərbaycan prezidentini sarayında yox, ər-Riyaddakı hərbi-hava bazasında qarşıladı və bu da səfərin həm son ana qədər məxfi saxlanılması, həm də regional və geosiyasi baxımdan nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini göstərirdi. Daha sonra kral Salman prezident Əliyevlə danışıqları ər-Riyaddakı kral sarayında davam etdirib.

Əvvəlcədən qeyd etmək lazımdır ki, Səudiyyə tərəfinin yaydığı rəsmi məlumatlara əsasən kral Salman Azərbaycan prezidenti ilə danışıqlara geniş tərkibli nümayəndə heyəti ilə qatılıb. Danışıqlarda ər-Riyadı müdafiə, xarici işlər, ticarət və sənaye, mədəniyyət və informasiya, daxili işlər nazirləri ilə yanaşı, baş nazirin müavini, şahzadə Muqrin bin Əbdüləziz əl-Saud, şahzadə Feysəl bin Bəndərbin Əbdüləziz, şahzadə Miteb bin abdulla bin Abduləziz, kral ailəsinin - hakim sülalənin digər önəmli üzvləri yer alıb.

İran üzrə səudiyyəli araşdırmaçı Muhammed əl-Salyami prezident İlham Əliyevin səfərini “əl-Ərəbiyyə” kanalına şərh edərkən bildirib ki, ər-Riyadın məqsədi İranla həmsərhəd Mərkəzi Asiya respublikaları ilə iqtisadi, siyasi və mədəni əlaqələri möhkəmləndirmək yolu ilə Tehranı regiona dair siyasi mövqeyinə yenidən baxmağa məcbur etmək istəyir.

Səudiyyəli ekspert haqlıdır. Məsələ burasındadır ki, səfər həm Azərbaycan, həm də Səudiyyə Ərəbistanı üçün kritik geosiyasi proseslərin getdiyi, geniş Yaxın Şərq bölgəsində kimin söz sahibi olmasını müəyyənləşdirmək üçün mübarizənin kəskin xarakter aldığı bir vaxtda baş verir.

İranın Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək səyləri Yəməndə şiə qiyamçılarının - husilərin hakimiyyəti ələ keçirməsi ilə nəticələnib. Səudiyyə Ərəbistanın başçılıq etdiyi sünni koalisiyası isə buna sərt cavab verib - Yəməndə husi qiyamçılarına qarşı genişmiqyaslı hava əməliyyatları başlayıb və bu əməliyyatların quru fazasına keçməsi gözlənilir.

Digər tərəfdən, İsveçrənin Lozanna şəhərində İranla “altılar” qrupu ölkələri arasında nüvə razılaşması əldə edilib və bu da həm Səudiyyə Ərəbistanının ciddi narahatlığına səbəb olub, həm də Tehranın Yaxın Şərqdə və Mərkəzi Asiyada mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açıb.

Bir çox analitiklərə görə, İranla Qərb arasında anlaşma Tehranın Azərbaycan kimi qonşu ölkələrdə öz siyasi maraqlarını təmin etməsi üçün fürsət yaradacaq.

Həmçinin analitiklər gözləyir ki, İranla nüvə anlaşmasısonra dünya bazarlarında neftin qiymətinə əlavə təzyiq göstərən amildir-proqnozlara görə yaxın aylarda neftin qısa müddət də olsa, hətta 10 dollara qədər ucuzlaşacağı istisna deyil.

Hansı ki, neftin ucuzlaşması prosesi indiyə qədər Səudiyyə Ərəbistanının siyasəti ilə izah edilirdi. Bir tərəfdən, Səudiyyə Ərəbistanı çalışırdı ki, nefti ucuzlaşdırmaqla İranı və Suriyada Əsəd rejiminin müttəfiqi olan Rusiyanı cəzalandırsın, digər tərəfdən isə ABŞ-da neft hasilatına zərbə vursun və nəticədə Amerika bazarındakı payını qoruyub saxlasın.

Hər halda bu, neftin ötən ilin sonlarından başlayaraq kəskin ucuzlaşmasının ən ağlabadan səbəbi kimi aktual olaraq qalır.



İndi isə İran sanksiyaların götürülməsindən istifadə edib bazara daha çox neft çıxaracaq və nəticədə gəlirlərini artırmaq imkanl qazanacaq. Həmçinin iri xarici neft şirkətlərini ölkəyə cəlb edərək uzaq perspektivdə neft bazarında itirdiyi mövqeləri geri qaytaracaq.

Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi sünnü koalisiyası isə İranın güclənməsinə imkan yaradan bu və ya digər amillərdən şübhəsiz ki, narahatdır. Kral Salman həm də ondan narahatdır ki, Yəməndə İrandan dəstəklənən üsyan Səudiyyə Ərəbistanının əsas neft yataqlarının yerləşdiyi və əhalisi əsasən şiələrdən ibarət olan sərhəd regionlarına da yayıla bilər.

Azərbaycana gəldikdə isə rəsmi Bakı bir vaxtlar İranla xeyli gərgin olan münasibətləri yaxşılaşdıra bilib, ehtiyatlı, ancaq yaxın qonşuluq münasibətləri xəttini götürüb. Hərçənd ki, hər iki tərəfin bir-birinə dərin şübhələri qalır. Və İranın Qərblə anlaşması bir tərəfdən Azərbaycan üçün müsbətdir.

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, sanksiyalar götürülsə İran qazı TANAP kəməri ilə Avropaya nəql olunacaq. Çünki İranın öz qazını Avropaya nəql etmək üçün hələlik başqa alternativi yoxdur. Artıq İran TANAP-da pay almağa maraq göstərir.

Digər tərəfdən, sanksiyaların götürülməsi İranla ticarəti genişləndirəcək, Azərbaycan isə Avropa mallarının İrana çatdırılması üçün əsas tranzit ölkələrindən biri olacaq.

Ancaq digər tərəfdən İrana qarşı embarqoların götürülməsi neftin ucuzlaşmasına təsir edən daha bir amil olacaq və Azərbaycan bu perspektivdən narahat olmamış deyil. Həmçinin bir çox analitiklər düşünür ki, İran-Qərb anlaşması Azərbaycanın geosiyasi önəmini də azalda bilər.

Prezident İlham Əliyev ən mürəkkəb və kritik geosiyasi proseslərdə ən düzgün taktikanı seçmək qabiliyyətini dəfələrlə nümayiş etdirib. Bu baxımdan onun Ər-Riyada səfəri bir neçə addım uzağa düşünülmüş, strateji hesablamalara əsaslanmış taktiki gedişdir.

Azərbaycan şiə İranla qonşuluq və dostluq münasibətlərini saxlamaqla bərabər sünnü, həm də radikal sünni ər-Riyada, digər körfəz ölkələri ilə də ikitərəfli münasibətləri genişləndirməyə qərar verir. Və bölgədə kritik proseslərin getdiyi bir vaxtda öz rıçaqlarını genişləndirir, hər cür risklərə qarşı mövqeyini möhkəmləndirir. Azərbaycanın İran-Qərb anlaşmasından bərk qəzəbli olan İsraillə mövcud olan sıx münasibətləri də Bakıya bu risklərə qarşı yaxşı manevr imkanları verir.

O biri tərəfdən Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri ilə tərəfdaşlıq neftin ucuzlaşmasına görə kapital qıtlığı ilə üzləşən Azərbaycan üçün ərəb sərmayəsinin yolunu açır. İstisna deyil ki, Azərbaycan neftin ucuzlaşmasına görə təxirə salınan, yaxud dayanmaq təhlükəsi ilə üzləşən bəzi meqalayihələrə ərəb kapitalını cəlb etməyə hazırlaşır.

Xatırladaq ki, ötən həftə Dubay əmiri, şahzadə əl-Məktum Bakıya səfər edib və prezident İlham Əliyevlə danışıqlar aparıb. Daha sonra Azərbaycanın bölgələrində ova çıxıb. Şahzadə əl-Məktumdan əvvəl digər ərəb şeyxləri də tez-tez Azərbaycanda quş ovuna çıxırdı.

Lakin ərəb kapitalı ilə bağlı müəyyən risklər də var. Səudiyyə Ərəbistanı və Qətər radikal vəhhabiliyin əsas sponsorlarıdır, hesab edilir ki, onların yatırım qoyduğu ölkələrə pullarla bərabər radikal vəhhabilik ideologiyası da daxil olur. Təsadüfi deyil ki, Azərbaycanda vəhhabiliyin yayılması məhz ərəb fondlarının pullarına yaşıl işıq yandırıldığı dövrlərə təsadüf edir.

Bir çox Mərkəzi Asiya respublikaları məhz radikal vəhabiliyin daha geniş yayılmasından ehtiyat edərək ərəb kapitalının ölkəyə daxil olmasına müqavimət göstərirlər.

Məsələn, Qırğızıstan. Azərbaycan da son vaxtlar radikal dini cərəyanlarla bağlı təhlükəsizlik riskləri ilə üzləşir və Suriyada İŞİD sıralarında döyüşməyə gedənlərin gələcəkdə ölkə üçün təhdid yarada biləcəyini rəsmilər dəfələrlə deyiblər. Ona görə də Azərbaycan ərəb kapitalına qapıları taybatay açsa bu riskləri də nəzərə almalı olacaq.

Nəhayət, Rusiya amili haqda. Azərbaycanın şimal qonşusu sünni-şiə qarşıdurmasının getdikcə kəskinləşdiyi Yaxın Şərqdə ikincilərin tərəfində görünür. Moskva Suriyada Bəşər Əsəd rejimini sonadək qorumaqda qətiyyətlidir, embarqoların götürülməsindən dərhal sonra İrana milyardlarla dollarlıq silah satmaq, nəticədə Tehranın Yaxın Şərqdə mövqelərini gücləndirməyə dəstək vermək üçün hazır vəziyyətdə dayanıb.

Rusiyanın bir nömrəli geosiyasi düşməni olan ABŞ isə sünnü ittifaqının əsas müttəfiqidir. Bu baxımdan prezident Əliyevin ər-Riyada qəfil səfərini Moskvada da çox diqqətlə araşdıracaqlar.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net