Turan-ın müxbiri aprelin 6-da 10-15 yaşlarında iki oğlan və bir qız uşağını Bakının mərkəzində, Süleyman Rəhimov küçəsi 186 ünvanında açıq havada pilləkənlərin altında yatan vəziyyətdə görüb.
15 yaşlı Rüfət Turan-ın müxbirinə bildirib ki, 8 yaşından küçələrdə yaşayır. “Bizim hüquqlarımızı müdafiə edən yoxdur. İcra hakimiyyəti bizim sığınacaqla təmin olunmağımıza kömək etmir. Polis isə tutub Xızı rayonuna aparır, oradan da qaçırıq”.
Turanə adlı qız isə kimsəsiz olduğunu bildirib. Onlar insanların verdikləri pulla küçələrdə gecələdiklərini bildirib. Turan agentliyi uşaqlarla bağlı Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə məlumat verib.
QHT Alyansının əlaqələndirici Ruhanə Əhmədova “Amerikanın Səsi”nə deyib ki, uşaqları axtarıb tapacaqlar. “Biz müvafiq orqanlarla birgə uşaqları tapıb, uşaq evinə göndərəcəyik. Alyans bu uşaqların hüquqlarının müdafiəsini öz üzərinə götürür. Buna əmin ola bilərsiniz”, deyə o qeyd edib.
22-ci Polis Bölməsinin növbətçi hissəsindən isə bildirblər ki, uşaqlar üzrə polis inspektoru məlumatlandırılıcaq.