"Aztelekom"dakı yeyinti Milli Məclisə çıxarılır - RƏSMİ
Tarix: 6-04-2015, 14:55 | Çap et
"Aztelekom"dakı yeyinti Milli Məclisə çıxarılır - RƏSMİ
Azərbaycan Hesablama Palatası tərəfindən “Aztelekom” İstehsalat Birliyində qanunvericiliyin tələblərinə əməl edilməməsi nəticəsində maliyyə pozuntusu aşkarlanıb, Vergilər Nazirliyi tərəfindən Birliyə maliyyə sanksiyası tətbiq olunub.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında əksini tapıb.

Hesabatda bildirilir ki, nəzarət tədbiri zamanı audit dövründə qanunvericilik aktlarının tələblərinə əməl edilməməsi nəticəsində ƏDV-nin və yol vergisinin azaldılmasına, vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların dəyəri ödənilən gündən gec ƏDV-nin ödənilməsinə və vergi tutulan əməliyyatların vaxtının dəqiq müəyyən edilməməsi səbəbindən hesabat dövrləri üzrə büdcəyə ödənilməli olan ƏDV məbləğlərinin hesablanmasında kənarlaşmalara yol verilməsi müəyyən edilib.

Audit dövründə məlum olub ki, Birliyin idarə aparatı tərəfindən digər struktur vahidlərinə köçürülmüş pul vəsaitlərinin təyinatları üzrə istifadəsinə nəzarət edilməyib, Birliyin strukturuna daxil edilmiş telekommunikasiya qovşaqlarının əksəriyyəti zərərlə fəaliyyət fəaliyyət göstərib, 01 yanvar 2014-cü il tarixə təqdim edilmiş iş və xidmətlərə görə 45158,2 min manat debitor borcu, xarici kontraktlar üzrə iş və xidmətlərə, eləcə də, əsasən rayonların telekommunikasiya qovşaqlarında quraşdırılmaq üçün alınmış telekommunikasiya avadanlıqlarına görə 18187217,2 ABŞ dolları, alınmış mallara (iş və xidmətlərə) görə Azərbaycan Respublikasının rezidentləri üzrə 29945,22 manat kreditor borcları yaranıb.

Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Palataya məlumatın təqdim edilməsi barədə qərar qəbul edilib. Həmin qərar icra üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, o cümlədən “Aztelekom” İstehsalat Birliyinə, eyni zamanda Vergilər Nazirliyinə göndərilib.

Bununla bağlı Vergilər Nazirliyindən təqdim edilmiş məlumata görə, nazirlik yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən Birliyə 5313,9 min manat əlavə vergi məbləğinin hesablandığı və 2018,3 min manat maliyyə sanksiyasının tətbiq edildiyi, hesablanmış əlavə vəsait və maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsinin təmin olunduğu bildirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, o cümlədən “Aztelekom” İstehsalat Birliyinin məktubları ilə isə Nizamnamənin mövcud tələblərə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirildiyi, azaldılmış 528,5 min manat məbləğində ƏDV-nin, 2855,5 manat yol vergisinin dövlət büdcəsinə ödənildiyi və mühasibat sənədlərində müvafiq yazılışların aparıldığı, idarə aparatında və struktur vahidlərində aparılan maliyyə - təsərrüfat əməliyyatlarının mühasibat uçotu üzrə analitik və sintetik uçot sənədlərinin Birlik üzrə icmallaşdırılması prosesinin tam şəkildə avtomatlaşdırılması ilə əlaqədar işlərin sürətləndirildiyi, eləcə də dövlət əmlakının struktur daxili hərəkətinin uçotunun subhesablar vasitəsilə həyata keçirilməsinin tam təmin edilməsi məqsədilə qrup yaradıldığı, əsas vəsaitlərin silinməsi zamanı müvafiq normativ – hüquqi aktların tələblərindən irəli gələn əməliyyatların aparılmasına nəzarətin aparıldığı, habelə 01 yanvar 2014-cü il tarixinə olan 45158,2 min manat məbləğində debitor borcların ləğvi istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi məqsədilə debitor qrupun yaradıldığı, audit nəticəsində aşkar olunmuş kənarlaşma hallarının təkrarlanmaması üçün növbəti hesabat dövrlərində maliyyə - mühasibat, vergi və dövlət əmlakı sahələrini tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam əməl olunmasının təmin edildiyi bildirilib. Qeyd edək ki, hesabat aprelin 14-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net