“Qızımı öləndən sonra əməliyyat ediblər” - Burun əməliyyatında ölən qızın atası
Tarix: 6-04-2015, 11:06 | Çap et
“Qızımı öləndən sonra əməliyyat ediblər” - Burun əməliyyatında ölən qızın atası
İndi gənc qızlar arasında yeni zərərli adətlər ortaya çıxıb. Hər cəhətdən sağlam həyat sürmək əvəzinə, bir-biri ilə bəhsə girərək, estetik əməliyyat eşqinə düşürlər. Bunun üçün özlərində qüsur axtarır, hansısa aktrisaya, müğənniyə bənzəməyə çalışırlar. Belə olanda ailəni yola gətirib əməliyyat stoluna asanlıqla uzanırlar. Halbuki rinoplastika-burun estetik əməliyyatları heç də asan tibbi müdaxilə deyil. Hər halda mütəxəssislər belə deyir. Həkim axtarışına çıxan pasiyentlərin hədəfi istədiyinə nail olmaqdır. Çox az hissəsi əməliyyat və həkimlər barədə ətraflı məlumatla tanış olurlar. Bir çox həkimlər isə maddi maraq qarşısında həkimlik məsuliyyətini unudaraq, lazım oldu-olmadı, əməliyyatlara hər zaman hazırdılar. Səhiyyədə baş alıb gedən nəzarətsizlik, özbaşınalıq isə həkim-pasiyent arasında problemləri artırır.

Martın 18-də Maliyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi 18 yaşlı Leyla Mürsəlova Starmed Klinikasında həyatını itirdi. Adı məşhur olan plastik cərrah Sənan Mehdiyevin xəstəsi olan Leylanın əməliyyatda verilən yüksək dozalı narkozun təsirindən öldüyünü dedilər. Əlbəttə, ailə üçün gənc övladının ölümü böyük faciə və şok oldu. Leylanın qəfildən ölümü ətrafında da çox suallar doğurdu. Artıq mərhumənin ölümündən xeyli vaxt keçsə də, məsuliyyət daşıyan həkimlər barədə hər hansı cəza tədbiri görülməyib. Əməliyyat stolunda ölən qızın atası Namiq Mürsəlov Analitik.az-la söhbətində qızının ölümündə cavabdeh olanların cəzalandırılmasını tələb etdiyini bildirib. Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu və başqa qurumlara yazılı müraciət edən çarəsiz atanın sözlərinə görə, hələ də səriştəli orqanlardan hər hansı cavab gəlməyib: “Star Med klinikasının fəaliyyəti dayandırılıb. Səhiyyə Nazirliyinin başqa reaksiyasını görməmişik. Ölüm halı ilə bağlı Yasamal
rayon Prokurorluğuna müraciət etmişəm, müvafiq maddə ilə (ehtiyatsızlıq üzündən adamöldürmə) cinayət işi açılıb. Fuad adlı müstəntiqin apardığı ilkin istintaq prosesi davam edir. Əməliyyatda iştirak edən tibbi heyətdən ilkin ifadələr alınıb. Tibbi Ekspertizanın rəyini gözləyirik.”

“Klinikada əməliyyatla bağlı hər hansı sənədləşmə aparılmayıb”

Bəziləri gənc qızın ölümünü “qisməti beləymiş” deyib keçsə də, bir qrup faciənin baş verməsində həkimlərlə yanaşı ailəni də günahlandırır: “Valideynlər bu yaşda gənci əməliyyata göndərməməli idi”, “özəl klinikaya güvənmək olmazdı”, “gəncin müayinəsini yaxşı etdirməli idilər” kimi qınaqlar az deyil. Məsələ ondadır ki, hər bir valideyn övladı üçün belə bir son olmasını xəyal etməyə qorxar. Fakt odur ki, valideynlərdən çox, əməliyyatı boynuna götürən həkim diqqətli olmalı idi. Ata Namiq Mürsəlov həkimi qızının seçdiyini Analitik.az-a deyib: “Sənan Mehdiyev haqqında yaxşı cərrah rəyi var. Leyla da deyilənlərlə bizi razı saldı. Əslində mən və anası ona çox dedik, ehtiyyacın yoxdu, qızımın şəkillərdə də heç qüsurunun olmadığını görə bilərsiz. Leylanın əməliyyatı tək plastik məqsədli yox, həm də tibbi tərəfdən lazımlı idi. Burununda çəpər əyriliyi də vardı. Xəbərlərdə qızımın ürək problemini gizlətdiyimizi, elə bu səbəbdən öldüyünü yazırlar. Bəli, Leylanın kiçik yaşlarında ürəyində azca narahatlığı vardı və müalicə etdirmişdik. Son illər şikayəti də yox idi. Biz fevralın 20-də həkimlə ilk konsultasiyaya getdik, martın 9-u analizlər, müayinələr aparıldı. Sənan həkim kobud insandı, onun xəstələrlə davranışı əvvəldən xoşuma gəlmədi. Həkim pasiyenti ilə danışanda sağlamlıq problemlərini, istəkləri, psixoloji vəziyyətini nəzərə almalıdır. Əməliyyatdan qabaq hazırlıq mərhəsi heç olmadı. Əməliyyatla bağlı sənədləşmə qəti aparılmayıb. Sadəcə əməliyyat haqqı-1500 manat danışmışdıq, vəssəlam. Qızımın ətraflı müayinə və psixi hazırlığı tam edilmədi. Bunları sonradan daha aydın başa düşdüm. Təssəvvür edin, əməliyyatda rol oynayan anestezoloqu yalnız faciəmizi xəbər verəndə gördük. Ona kimi bizdən hər hansı sorğu-sual olunmadı. Ən azı qızımın əməliyyatına icazəsi üçün müqavilə, sənəd belə imzalamadım. Belə çıxır ki, onlar qeyri-qanuni və yaxının izni olmadan əməliyyata başlamışdılar.”

“Qızımı öləndən sonra əməliyyat ediblər”

“Qızımı öləndən sonra əməliyyat ediblər” - Burun əməliyyatında ölən qızın atası

Əməliyyat günü baş verənləri xatırladan Namiq Mürsəlov deyib ki, Starmed klinikasına 17 mart, səhər doqquzun yarısı gəliblər: “Hətta bizdən qabaq başqa ailənin əməliyyatı vardı. Mən də maraqlandım, sübhdən nə əməliyyatdı olub, görəsən? Sonra Leylanı əməliyyat otağına apardılar.
Saat 11-ə işləmiş anestizoloq gəlib dedi ki, bəs Leylanın təzyiqi düşüb, temperaturu çox yüksəkdir, ürəyi dayanmaq üzrədir, amma biz vəziyyətini normala qaytarmağa çalışırıq. Həmin vaxt onlar bizdən Leylanın vəziyyətini gizlətdilər, bəlkə də onda qızım keçinmişdi. Amma bizə ölüm xəbərini təxminən axşam saat 4-də dedilər. Vaxtında bizə doğru məlumat versəydilər, mən də əlavə həkim gətirməyə çalışardım. Amma qızımın doğrudan da vəziyyəti ağır olub və bunlar hətta əlavə reanimatoloq da gətiriblər sonradan, o da gec gəlibmiş. Bir də, həmin klinikanın tibbi avadanlıq və əməliyyat otağının hazırlığı kifayət qədər olmayıb. Biz əməliyyat zamanı dəhlizdə gözləyəndə bir kişi tez-tez xəstəxana ilə çöl arasında qaça-qaçda idi. Maraqlandıq, sən demə həmin kişi əməliyyat otağı üçün dərmanlar dalınca göndərilibmiş. Belə çıxır ki, klinika əməliyyat zamanı baş verəcək hər hansı vəziyyət üçün tibbi preparatla təmin olunmamışdı.”

“Qızımı əziyyətlə öldürüblər”

Çox maraqlıdır ki, ölkə səhiyyəsində belə bir fikir var. Həkimlər təqsirkar ola bilməz, həkim səhv etməz. Axı ən təcrübəli həkimin belə səhlənkar davranmasa da, səhv addımı ola bilər. Namiq müəllim deyir ki, Sənan həkimin ilkin ifadələri saxtadı: “Sənan həkim deyir ki, güya qızımın vəziyyəti əməliyyatı başa çatdırana yaxın pisləşib. Axı əməliyyat saatına nəzər salsaq, həkimin qızımın vəziyyəti haqqında ara-sıra bizə verdiyi məlumatlarla onun ifadəsində böyük fərq görərik. Çünki narkozdan sonra qızımın pisləşməsini xəbər edən həkimlər, vəziyyətini normala qaytarmadan necə əməliyyat ediblər? Belə çıxır ki, qızım keçinəndən sonra əməliyyata başlayıblar. Çünki qızımın burnunda tamponlar vardı. Bunu əlbəttə Leylanın ölümündə məsuliyyətdən qaçmaq üçün ediblər. Axı Sənan həkim tanınan biridi. Heç bir həkim əlində xəstənin ölməsini arzulamaz, amma Sənan Mehdiyev qızımın ölümündən sonra da özünü təqsirli hesab etmədi. Mənə ağır gələn odur ki, qızımı zülmlə ölüdürüblər. Biz onu görəndə qolları, biləkləri gömgoy idi. Görünür ki, qızım hansısa iynəyə reaksiyası zamanı şok keçirib və onu qollarından bərk saxlayıblar. Tibb bacısının ifadəsi isə məni lap özümdən çıxardı. Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı görəndə pis olub və otağı tərk edib. Axı əməliyyatdakı tibb işçisi müdaxilə, əl-ayağa düşmək əvəzinə niyə qaçmalıdır ki? Belə naşı, məsuliyyətsisız tibb işçiləri niyə insanları bədbəxt edirlər?..”
Söhbətinin sonunda ata, bu işin arxasınca gedəcəyini və təqsirli həkimlərin cəzalandırılması üçün hər şey edəcəyini deyir.

“Leylanın çox arzusu vardı”

Mərhumənin qrup yoldaşı Fidan Cabbarova Analitik.az-la söhbətində bildirib ki, Leylanın ölümü hamıya pis təsir edib: “Ölüm xəbərini eşidəndə şok keçirdik. Leyla bizlə hec vidalaşmamışdı da. Sadəcə əməliyyata girmək istəyirdi. Son sözü də o oldu ki, mənim üçün dua edin. Onun əslində heç bir qüsuru yox idi. Sadəcə kompleks edirdi. Analizlərinin cavabını səbirsizliklə gözləyirdi, elə problemli də çıxmadı. Anası bizə deyir ki, əməliyyat günü səhər dəfələrlə “Leyla bəlkə getməyəsən”dedim, razı olmadı. Təəssüf, gənc idi Leyla. Arzuları var idi, alman dilini öyrənirdi, kolleci bitirən kimi imtahan verəcəkdi. Bir qardaş, bir bacı idilər. Kiçik qardaşına deyirmiş ki, əməliyyatdan salamat çıxım, sənə hədiyyə alacam.”

“Bu sadəcə əcəldi”

Baş vermiş ölümlə bağlı başqa bir həkim-cərrahın fikiriylə maraqlandıq. LOR və plastik cərrah Vüqar Fərhadovun fikirləri maraqlı oldu: “Bu əcəldi. Allah əzrailə can almağı tapşıranda narazılıq edir ki, məni heç kəs sevməyəcək. Allah isə buyurur ki, mən canı elə şəkildə alacam ki, sən heç yada düşməyəcəksən.” Heç bir tibbi şərhi olmayan və ölüm faktına belə laqeyd münasibət göstərən həkimın belə məntiqsiz və əsassız münasibəti adamı heyrətləndirməyə bilmir. Belə çıxır ki, cərrahların çoxu elə fikirlə əməliyyata girirlər. Hər şey aydındır və bu yerdə bizə, “Allah belə üzdəniraq həkimlərdən bizləri qorusun...”, demək qalır, vəssəlam.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net