Novella Cəfəroğlu: “ “Azercell”səbəb göstərmədən mənim balansımdan pul silib”
Tarix: 6-04-2015, 10:56 | Çap et
Novella Cəfəroğlu: “ “Azercell”səbəb göstərmədən mənim balansımdan pul silib”
Bu günlərdə “Azercell Telekom” şirkətinin prezidenti Vahid Mürsəliyevin imzası ilə məktub almışıq: “Sizin müraciətdə “Azercell Telekom” MMC-nin əleyhinə əsassız ittihamlar irəli sürülüb. Bu məlumatlarda qərəzli olaraq, naməlum mənbələrdən əldə edilmiş məlumatlara əsassız istinadlar edilir, şirkət tərəfindən təqdim edilən xidmətlər barədə məlumatsız olanların yanıldılmasına, xidmətlər və tərəfdaşlar ilə müqavilə münasibətləri barədə məlumatlar bilərəkdən qarışdırılaraq, aydın olmayan şəkildə təqdim edilməklə anlaşılmazlıq və neqativ hallar olduğunu vurğulamağa cəhd göstərilir və bütün bunlar da ictimaiyyət qarşısında şirkətimizin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Məlumat üçün bildirək ki, şirkətimiz tərəfindən təqdim edilən xidmətlər çərçivəsində danışıq kartlarında qiymət dəyişikliyi olmayıb və danışıq kartlarının üzərindəki nominala uyğun da satılması nəzərdə tutulur. “Azercell” öz abunəçilərinə məsləhət bilir ki, sim-kartları bizim rəsmi dilerlərdən əldə edin. 3-cü şəxslərdən nominalına uyğun olmayan qiymətə əldə olunan danışıq kartlarına görə “Azercell” məsuliyyət daşımır. Göstərilənlərlə yanaşı bildiririk ki, “Azercell” MMC danışıq kartlarını rəsmi diler və distribüterlər vasitəsilə yayır. Diler və distribüterlər isə müvafiq danışıq kartlarının satışını üzərindəki nominala uyğun olaraq təmin edirlər. “Azercell” ilə diler və distribüterlər arasında münasubətlər isə müvafiq müqavilələr, prosedura və təlimatlar ilə tənzimlənir. Müqavilə, prosedura və təlimatların tələbləri pozulduqda isə müvafiq müqavilə münasibətlərinə və mülki hüquq normalarına uyğun olaraq tədbirlər görülür”. Xatırladaq ki, bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə “Bir qrup sahibkar” imzası ilə məktub daxil olmuşdu. Məktubun məzmunundan bəlli olurdu ki, məktubun müəllifləri sim-kart satışında ixtisaslaşmış sahibkarlardır. Məktubda bildirilirdi ki, son vaxtlar manatın devalvasiyası ölkədə müəyyən problemlər yaradıb. Bir çox ticarət obyektlərinin sahibləri məhsulların qiymətlərini istədikləri kimi artırırlar. Hətta bu məsələ ölkə başçısının diqqətində oldu və İlham Əliyev cənabları onlara xəbərdarlıq etdi. Ancaq buna baxamayaraq “Azercell” kimi şirkətlər istədiklərini edirlər.

Məktub müəllifləri qeyd edirdi ki, “Azercell” şirkəti öz nömrə və kartlarının satışını 3 monopolist şirkət – Axundoff, ABC və İnteqral arasında bölüşdürüb. Bunlar isə alt distribüterlərdən, xidmət təminatçılarından və diler mağazalarından aldıqları miliyonlarla pula Azercell-in nömrə və danışıq kartlarını satırlar. Yəni heç nə etmədən külli miqdarda pul qazanırlar. Sahibkarlar öz məktubunda onu da qeyd edirdilər ki, süni qiymət artımı üçün “Azercell” qeyri-leqal qurum yaradıb. Bu quruma NLT, BakTell, Novotech, Elz-Line, Klik, A & T mobile, Cenub, West mobil, İnam və Turkan telekom kimi şirkətlər daxildir. Məktubda “Azercell”ə məxsus nömrə və kartların satış mexanizmi də göstərilib. “Azercell” öz məhsulunu “Axundoff” ABC və İnteqral-a satır. Onlar isə həmin məhsulları aşağı distribüterlərə satır və növbəti etapda məhsulu sahibkarlar alır və realizə edirlər. Hər biri də məhsulun üzərinə öz “xeyrini” qoyur və məhsul 3 etapdan sonra alıcıya çatır. Məktubun sonunda sahibkarlar Azercell şirkətinin rəhbərliyindən xahiş edirlər ki, pilləli satışa son qoyulsun və məhsul birbaşa satış şəbəkəsinə göndərilsin. Məktubun müəllifləri bizə bəlli olmadığı üçün məktubu dərc etmədik və problemə aydınlıq gətirmək üçün, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və əlbəttə ki, Azercell-ə göndərdik. “Azercell”in prezidenti bizə cavab məktubunda bildirir ki, sizin müraciətin məqsədi şirkətin nüfuzuna zərbə vurmaqdır.

Bu məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu bizə bildirb ki: “ Hər kəsin istənilən quruma müraciət etmək hüququ var. Sizin mətbuatda dərc olunmayan müraciətiniz Azercell-in nüfuzuna necə zərbə vura bilər? Bu ağılsızlıqdır..”. Novella Cəfəroğlu “Azercell”in fəaliyyəti ilə bağlı narazılığını da bildirdi: “ Bu şirkət səbəb göstərmədən mənim balansımdan pul çəkib. Mən bu barədə öz yazılı etirazımı bildirmişəm”.

Sözardı: Biz Novella Cəfəroğlunun açıqlamasını “Azercell”in elektron poçtuna göndərmişik. Şirkətdən cavab alan kimi onun məzmunu ilə oxucuları tanış edəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net