Yerli məhsullar niyə baha satılır? - ARAŞDIRMA
Tarix: 6-04-2015, 10:20 | Çap et
Yerli məhsullar niyə baha satılır? - ARAŞDIRMA
Manatın devalvasiyasından sonra bahalaşan ərzaq və kənd təsərrüfatı mallarının qiyməti bayram ərəfəsində daha da bahalaşaraq “əl yandıracaq” həddə çatdı. Ancaq bayramın qurtarmasına baxmayaraq qiymətlərdə eniş baş vermədi. Əksinə, sanki bazarlar və marketlər qiymətləri hər gün bir az da qaldırmaq uğrunda yarışa giriblər.

Baş çəkdiyimiz “Yaşıl bazar”da da bunun şahidi olduq. Maraqlısı isə onda idi ki, yerli meyvələrin qiyməti xaricdən gətirilən meyvələrin qiymətindən dəfələrlə baha idi. Belə ki, Türkiyədən gətirilən mandarin 2 manat 50 qəpiyə, Astaradan gətirilən yerli mandarin isə 3-5 manat arasında satılırdı. Yerli limonun bir dənəsi 50 qəpik, üç dənəsi 1 manat, Türkiyədən gətirilən limon isə 5 ədədi 1 manata satılırdı.

Satıcı Süleyman Qurbanov yerli limon və mandarinin baha olmasını bu il bu məhsulların az olması ilə əlaqələndirdi: “Bu il quraqlıq oldu deyə mandarin, limon baha oldu. Demək olar ki, artıq mandarin tükənmək üzrədir. Ona görə də baha satırıq. Həm də yerli mandarinin, limonun dadı ilə Türkiyədən gətirilənlərin dadı bir deyil. Yerli məhsul daha dadlıdır”.

Söhbətə qatılan digər mandarin satıcısı Elşən isə onlara hər kilodan 20 qəpik qaldığını bildirdi: “Bizə də kəndlilər baha qiymətə satır. Niyə baha verdiklərini soruşduqda isə deyirlər ki, hər şeyin qiyməti qalxıb. Biz bundan qazandığımız pulla un, yağ, çörək alırıq. Dolanışığımızı təmin edirik. Aldığımız qiymətdən üstünə yalnız 20 qəpik qoyuruq”.

Bazarda hələ vaxtı yetişməyən meyvələrə də rast gəldik. Ancaq qiymətləri baha olduğundan heç bir alıcı bu meyvələrə tərəf baxmırdı. Pomidor satıcısı Rüfət Əliyev qiymətlərin yenə bahalaşacağını dedi: “Eşitdiyimizə görə dollar yenə qalxacaq. Dollar qalxsa, təbii ki, qiymətlər də qalxacaq. Alıcılar üçün vəziyyət nə qədər çətindirsə, inanın, biz satıcılar üçün də çətindir”.
Əvvəllər alıcılarla dolub-daşan bazarda indi çox az sayda alıcı gözə dəyirdi. Onlar da qiymətlərin artımından şikayətlənirdilər. Leyla Yusifova adlı alıcı qiymətlərin həddən artıq baha olduğunu və heç nə ala bilmədiyini deyirdi: “Qiymətlər od tutub yanır. 4 manata mandarin, 1 manat 30 qəpiyə kartof olar?! Bu nə deməkdir axı?! Biz nə alaq, nə yeyək?! Zəruri ərzaq məhsullarının hamısının qiyməti bahalaşıb. Un bahalaşıb. Sabah-biri gün çörək də bahalaşdı desələr, heç təəccüb keçirməyəcəyəm”.

Söhbətə qatılan digər alıcı Əşrəf Məmmədov isə həyatımızın manat üzərində qurulmasının yanlış olduğunu dedi: “Belə çıxır ki, sabah dollar 5 manat olsa, kartof da 1 manatdan qalxacaq 3 manata? İqtisadiyyatı düzgün tənzimləsəydilər, qeyri-neft sektorlarına pul yatırsaydılar, bəlkə də dolların bahalaşması bizə bu qədər təsir etməzdi”.

İqtisadçı ekspert Samir Əliyev yerli məhsulların keyfiyyətli və məhdud həcmdə olmasının onların baha qiymətə satılmasına səbəb olduğunu dedi: “Devalvasiyaya görə qiymət artımı yenə də gözlənilir. Xaricdən gələn iki rüsumlu məhsulların qiyməti qalxmalıdır. Ona görə qalxmalıdır ki, xaricdən gələnlər xarici valyuta ilə, yəni dollar, avro ilə gətirilir. Yerli mallarda ona görə bahalaşır ki, yerli malların istehsalında da xammal qismində xaricdən gətirilən materiallar ola bilər. Məsələn şəkər tozundakı xammal xaricdən gətirilir. Həm buna görə qiymət artımı baş verir, həm də qiymət artımı zəncirvari olduğu üçün bu hal yaşanır. Yəni malı satan adam da gedib nəyisə başqa yerdən baha alır. Ona görə məcburdur ki, malın qiymətini artırsın. Amma yerli məhsulların, xaricdən gətirilən məhsuldan baha satılması, məncə, mövsümi amillərlə də bağlı ola bilər. Məsələn, yerli kartoflar xaricdən gətirilən kartoflarla müqayisə də həmişə baha olub.

Yəni yerli məhsullar keyfiyyətli, məhdud həcmdə olduğuna görə baha satılır. Məsələn, Türkiyədən gətirilən məhsul əgər ucuz satılırsa, bu türk lirəsinin ucuzlaşmasını deməyə əsas verir. Türkiyədən gətirilən məhsullar lirə ilə alındığı üçün bu məhsulların bahalaşmasını hiss etmirik. O cümlədən də Rusiyadan gələn məhsulların bahalaşmasını hiss etmirik. Çünki onların da valyutası ucuzlaşıb. Yəni bizim qonşuluğumda olan ölkələrin valyutası ucuzlaşıb deyə hələ ki qiymət artımı təsir göstərmir. Amma ümumən yerli məhsulların həm keyfiyyətli, həm də məhdud olması onun daha baha satılmasına səbəb olur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net