Xəyanətə görə ər və arvad həbs oluna bilərmi? -Açıqlama
Tarix: 10-03-2015, 08:12 | Çap et
Xəyanətə görə ər və arvad həbs oluna bilərmi? -Açıqlama
Bu gün ailələrdə problem yaradan məsələlərdən biri də xəyanətdir. Bu səbəbdən nəinki ailələr dağılır, hətta tərəflərin bir-birini qətlə yetirməsi kimi ailə faciələri yaşanır. Bəs ölkəmizdə xəyanətin cəzası hüquqla müəyyən edilibmi? Yəni belə hallarda ər və yaxud arvad, qarşı tərəfi qanunla məsuliyyətə cəlb etdirə bilərmi? Hansı ki, bir çox ölkələrdə xəyanət cinayət hesab edilərək, hətta bir neçə illiyə xəyanətə yol verən şəxs həbs olunur. Hüquqşünas Xəyal Feyzullayev bildirdi ki, kişinin və ya arvadın xəyanətinə görə Azərbaycan qanunvericiliyində hər hansı hüquqi məsuliyyət nəzərdə tutulmur: “Əvvəllər, yəni, 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsində «çoxarvadlılıq» adlanan maddə var idi. Sovet dövründən qalmış bu maddədə 1-dən artıq qadınla ailə münasibətlərinin qurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulurdu. Əgər kişinin başqa qadınla yaşaması xəyanət kimi qəbul olunursa, o vaxtın cinayət hüququnda bu, «çoxarvadlılıq» kimi qadağan olunurdu. Hazırkı qanunvericilikdə belə bir müddəa yoxdur.

Ailəli şəxslərin – ər və ya arvadın xəyanət etməsi hüquqi məsuliyyətə səbəb olmur. Bu, nə onlar arasında boşanmaya dair mübahisə yarandıqda, nə də əmlak bölgüsü məsələlərində hüquqi cəhətdən rol oynamır. Yəni, «xəyanət ittihamı» ilə hüquqi üsullarla şəxslər biri-birinə qarşı hər hansı tədbir görə bilmirlər. Nə nikahda olan, nə də nikahdan sonra qadın kişiyə qarşı, «xəyanət edir deyə», hər hansı tələb irəli sürə bilməz. Həm kişi, həm də qadın ailənin saxlanması, bütövlüyü üçün məsuliyyət daşıyırlar. Burada mənəvi məsuliyyətlə yanaşı, həm də maddi məsuliyyətdən söhbət gedir. Bundan artıq hüquq onların üzərinə hər hansı öhdəlik, «xəyanət etməmək» qadağası qoymur.”

X. Feyzullayev sözlərinə onu da əlavə etdi ki, bu, yalnız mənəvi cəhətdən arzu edilməyən, qəbul olunmayan davranış kimi qınana bilər: “Yalnız mənəvi amillərin, ailə dəyərlərinin pozulması, ailə münasibətlərinə hörmət edilməməsi kimi ictimai məzəmmət mövzusu ola bilər.
Adətən, belə hallarda qadınlar ərlərinə qarşı nikahın pozulması və birgə əmlakın bölünməsi tələbinə dair iddia qaldırırlar. Lakin qeyd etdiyimiz kimi, hətta, bu cür mübahisəli məqamlarda da «çoxarvadlı» və yaxud xəyanət edən kişini hüquqi cəhətdən «tənbeh etmək» mümkün deyil. Eyni qayda ilə xəyanət edən qadının da bu motivlə cəzalandırılması nəzərdə tutulmayıb.”

İlahiyyatçı Əkrəm Həsənov isə vurğuladı ki, xəyanət zina sayılır, zina edənin isə İslam dinində ciddi cəzası var: “Zinanın həm islam hüququnda, həm də dünyəvi hüquqda ağır cəzaları var. Dini mətnlərdə belə zina edənin bu dünyada cəzası daş-qalaq edilib öldürülmək, bu cəza verilmədikdə isə onun müxtəlif ölümcül xəstəliklərə tutulmasıdır. Axirətdə qəbir sıxıntısı çəkməsi, qəbrində hər gün onun əzab görməsi, Qiyamət günündə dirildikdən sonra əbədi cəhənnəmə atılmasıdır. Bütün bu cəzalara bir insan bədəni necə tab gətirə bilər? Harada zina varsa, mütləq ən ağır xəstəliklər vardır. İstisna hal kimi, kim vaxtında bu pis əməli tərk edib tövbə edərsə, bağışlanmağını istəyərsə Allah onu bağışlayar.”

vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net