Nazirlik mart ayında 34 min taksi sürücüsünü cəzalandırıb - RƏSMİ
Tarix: 4-04-2015, 11:32 |
Çap et
Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında xəbər yayıb. Lent.az-ın məlumatına görə, mart ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5936 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
849 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 181 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 684 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edib.
201 vergi ödəyicisi tərəfindən 277 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 33752 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 65 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.