“Hafiz Məmmədovun ailəsinə dua edirəm”
Tarix: 4-04-2015, 11:01 | Çap et
“Hafiz Məmmədovun ailəsinə dua edirəm”
"Bakı"nın sabiq müdafiəçisi, hazırda Portuqaliyanın "Atletiko" klubunda azərbaycanlı futbolçu Amit Quluzadənin komanda yoldaşı olan İbrahim Karqbonun azerisport.az saytına müsahibə verib. Vertikal.az həmin müsahibəni təqdim edir

- Siz Amit Quluzadəni "Atletiko"ya keçənə qədər tanıyırdınız?

- Əlbəttə, mən onu Azərbaycan çempionatından tanıyırdım. O vaxt o, istedadlı gənclərdən biri hesab olunurdu. Amiti "Atletiko"da görəndə isə təəccübləndim. Amma yaxşı mənada. Gənc, perspektivli oyunçudur. Ancaq daha da artırması lazımdır.

- Amma o, "Atletiko"nun əsas heyətinə düşə bilmir...

- Mənə elə gəlir ki, baş məşqçi ona qarşı elə də ədalətli davranmır. Amit bütün məşqlərdə mənimlə birgə çalışır, onun necə məşq etdiyini görürəm. Amma meydana çıxanda onun mövqeyində başqa futbolçunun oynadığını görürəm. Fikrimcə, bu baş məşqçi olmasaydı, Amit əsas heyətdə oynayardı.

- Amitin "Boavişta"ya keçəcəyi barədə xəbərlər var. Siz bunu bilirsiniz?

- Bəli, belə bir söhbət vardı. Həmin komandanın baş məşqçisi Petit hətta onu iş başında görmək üçün oyunumuza baxmağa gəlmişdi. Amma Amiti yenə də ehtiyatda saxladılar.

- Bəs siz özünüzü "Atletiko"da necə hiss edirsiniz?

- Xoşbəxt olduğumu deməzdim.

- Niyə?

- Daha yaxşı yaşamaq istəyirəm.

- Bunu qazancınızın az olmasına görə deyirsiniz?

- Bəli. İndi aldığım vaxtilə "Bakı"da qazandığımla qətiyyən müqayisə oluna bilməz. Biz birinci divizionda oynayırıq, liderlər qrupunda deyilik. 3-4 klubu çıxmaq şərtilə, buradakı klubların əksərində maaşlar çox aşağıdır.

- Siz o vaxt "Bakı"nı niyə tərk etdiniz?

- Elə lazım gəldi.

- Hər halda səbəbi var idi...

- O haqda danışmaq istəmirəm. Amma mən orada çox xoşbəxt idim. Çoxlu məşq edirdim, ən yaxşılardan biri idim.

- Klubun sizə borcu qalmamışdı?

- Son üç ayın maaşı qalmışdı. Amma mən bunu problemə çevirmək istəmədim. Klubun prezidenti Hafiz Məmmədov mənə qarşı həmişə səxavətli davranırdı. Son üç ayın pulunu tələb etməyim düzgün olmazdı.

- Azərbaycanı tərk etdikdən sonra oradan kiminləsə əlaqə saxlamısınız?

- Xeyr. Amma mən həmişə Hafiz Məmmədov və onun ailəsinə dua edirəm. O, əla insandır. Həmişə oyunçularını yüksək qiymətləndirirdi.

- Yenidən "Bakı"ya qayıtmaq mümkündür?

- Hər şey ola bilər.

- Hətta klubun maliyyə problemləri olsa da?

- Mən istənilən halda Azərbaycana qayıtmaq istərdim. Fikrimcə, hər şey yenidən yaxşı ola bilər. Məni saxlayan yeganə bir səbəb var: necə də olsa, Azərbaycanla müqayisədə futbol burada daha güclüdür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net