Mingəçevir Rayonlararası Doğum Evində anarxiya
Tarix: 9-03-2015, 16:55 | Çap et
Mingəçevir Rayonlararası Doğum Evində anarxiya
Artıq bir neçə müddətdir ki, Mingəçevir Rayonlararası Doğum Evinin yarıtmaz fəaliyyətinə dair məlumatlar müxtəlif instansiyalara, o cümlədən ölkə mətbuatınatəqdim edilir. O cümlədən redaksiyamıza daxil olan şikayət məktubları əsasında biz də qəzetimizin ötən saylarında bir neçə tənqidi material dərc etmişdik. Diqqətəlayiq haldır ki, bu xüsusda aldığımız məlumatlarda mənbələr Mingəçevirin səhiyyə sisteminin ən zəif nöqtəsi kimi də məhz Rayonlararası Doğum Evini göstərirlər. Müxtəlif mənbələrin iddialarına görə bu səhiyyə müəssisəsinin baş həkimi Zəhra Dumanova burada dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, tibbi xidmət göstərilən xəstələrin sayından asılı olmayaraq doğum evinin hər bir işçisindən də aylıq haqq tələb edir. Cərrahi əməliyyatlar və digər müalicəvi prosedurların isə ayrıca qiymətləri var. Məlumatlara görə bu müəssisədə hər doğuş təxminən 750-1000 manata qədər başa gəlir. Eyni zamanda da mənbələr burada hökm sürən şəraitsizliyi və elə də yüksək səviyyədə təmin olunmayan sanitar vəziyyəti diqqət mərkəzinə gətirirlər. Bütün bu neqativ hallar isə təbii ki, müəssisədə daha ciddi fəsadların baş verməsinə səbəb olur. Ən acınacaqlısı da budur ki, Mingəçevir Rayonlararası Doğum Evində son illər ana və uşaq ölümü halları kəskin şəkildə artmışdır. Təkcə 2014-cü il ərzində müəssisədə bir neçə dəfə belə hallarqeydə alınmışdır. İlin ilk hadisəsi yanvar ayında baş verib. Doğuş zamanı Esmira Ocaqverdiyeva komaya düşüb və onun körpəsi dünyasını dəyişib. Mərhumun qohumları hadisə ilə bağlı həkimləri günahlandırıblar. Həkimlər uşağın doğuşdan əvvəl, yəni ana bətnində öldüyünü, xəstənin yaxın qohumları isə uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildiriblər. Bir müddət sonra 1984-cü il təvəllüdlü Svetlana Qasımova yenə də həmin müəssisədə dünyasını dəyişib. Doğuş zamanı ananın vəziyyəti qəflətən pisləşib, onda yüksək temperatur və üşütmə halları müşahidə olunub. Nəticədə qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Məlumata görə, yeni doğulan, çəkisi 4,1 kq olan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb. Həkimlər qadının dölyanı mayenin emboliyası, yəni dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən dünyasını dəyişdiyini bildiriblər. Svetlana Qasımovanın yaxınları isə ananın və körpənin həkimlərin məsuliyyətsizliyi ucbatından dünyalarını dəyişdiyini vurğulayıbar. Daha bir ölüm hadisəsi ötən ilin mayında qeydə alınıb. Günel Tağıyeva may ayının 27-də təbii yolla 2 kiloqram çəkidə uşaq dünyaya gətirib. Lakin sonradan onda qıcolmalar müşahidə olunub. Xəstənin müayinəsi üçün Bakıdan Mingəçevirə həkimlər də göndərilib. Amma ananın həyatını xilas etmək mümkün olmayıb… Bu faktların siyahısını istənilən qədər uzatmaq olar. Lakin əsas olan budur ki, müxtəlif mənbələrdən aldığımız bütün açıqlamalarda Mingəçevir Rayonlararası Doğum Evində ana və uşaq ölümlərinin artmasının əsas səbəbkarı kimi məhz baş həkim Zəhra Dumanova göstərilir.

Digər tərəfdən isə redaksiyamıza daxil olan məlumatlarda son vaxtlar ümumiyyətlə Mingəçevir şəhər səhiyyə sisteminin olduqca ağır duruma düşdüyübildirilir. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, Mingəçevirin səhiyyə sistemi Şəhər Mərkəzi Xəstəxanasından, 6 dispanser, 3 poliklinika, Rayonlararası Doğum Evi, Ana və Uşaq Müalicə Sağlamlıq Mərkəzi, Uşaq Nevroloji Sanatoriyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və s. tibb müəssisələrindən ibarətdir. Şəhərdə eyni zamanda Stomatoloji poliklinika, Gigiyena və epidemiologiya Mərkəzi, Taun əleyhinə şöbə, Dezinfeksiya stansiyası və Baytarlıq idarəsi fəaliyyət göstərir. Mingəçevirdə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə birlikdə 120 mindən artıq əhaliyə tibbi xidmət göstərən səhiyyə müəssisələrində 2200-dən çox işçi çalışır. Xatırladaq ki, qəzetimizdə bir neçə dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyətindəki xoşagəlməz məqamlarla bağlı materiallar da dərc olunub. Xatırladaq ki, 2013-cü ilin əvvəllərində isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə Yusif Quliyev təyin edilib. Lakin bu dəyişik Migəçevir səhiyyəsi üçün heç də uğurlu olmayıb. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, Mingəçevir şəhər mərkəzi xəstəxanasında, eləcə də rayonun digər tibb müəssisələrində Səhiyyə Nazirliyinin təlimatları yenə də əvvəlki kimi pozulur. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Təsadüfi deyil ki, Yusif Quliyev bu gün Mingəçevir Rayonlararası Doğum Evində mövcud olan problemləri də görmək istəmir. Mənbələrin iddiasına görə, bu vəziyyəti yalnız Zəhra Dumanovanın əldə etdiyi gəlirləri bölüşə bilmək qabiliyyəti ilə izah etmək olar…

Materialda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net