İpoteka kreditində ciddi dəyişiklər gözlənilir
Tarix: 3-04-2015, 09:42 | Çap et
İpoteka kreditində ciddi dəyişiklər gözlənilir
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişikliklər sırasında ilkin ödənişin ləğvi gözlənilir.

Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Əliyev bunun əlavə problemlərə yol açacağını vurğulayıb:

“İlkin ödənişin ləğv edilməsi 3 əsas səbəbə görə məqsədəuyğun deyil. Əvvəla, ev alışında ilkin ödənişin ləğv edilməsi kredit almaq istəyənlərin sayını artıracaq. Adi ipoteka kreditləri üzrə ev alındıqda minimal ilkin ödəniş 20 faiz təşkil edir. İlkin ödəniş ləğv edildiyi halda yetərli gəliri və kredit almaq üçün digər kriteriyaları uyğun olan istənilən şəxs ev ala bilər. Nəticədə ipoteka krediti almaq istəyənlərin sayı ən azı 2 dəfə artacaq”.

İpoteka sahəsində gözlənilən yeniliklərdən biri də kreditlərin ümumi həcminin artırılmasıdır. Ekspert hesab edir ki, ilkin ödəniş ləğv olunarsa, vəsaitlərin artırılması əhəmiyyətini itirəcək:

“İlkin ödəniş olmadıqda həmin vəsait kreditə daxil olacaq. Bu isə kredit məbləğinin artmasına səbəb olur. Əgər ilkin ödəniş edilsə, İpoteka fondu hazırki ev alışı tempinin saxlanılması üçün kreditlərin həcmini 25 faiz artırmalıdır. Hesab edək ki, əvvəl 100 mənzilin alışına 7 milyon manat pul xərclənirdi. Bunun 5,6 milyon manatı İpoteka fondunun krediti hesabına ödənilirdi. Əgər ilkin ödəniş ləğv olunarsa, 100 evin alınmasına İpoteka fondu 5.6 milyon yox, 7 milyon manat ayırmalı olacaq”.

R.Əliyev bildirib ki, ipoteka proqramı üzrə kredit məbləğlərinin ümumi həcmi 25 faiz artsa, alınan mənzillərin sayı ümumiyyətlə artmayacaq. Onun fikrincə, mənzil bazarında ucuzlaşma baş verdikdə ipoteka kreditləri daha ciddi problemə çevriləcək.

“Hazırda adi ipoteka kreditləri üzrə kredit müddəti 25 ildir. Kredit üzrə ödənişlər əsas məbləğdən və faizlərdən ibarətdir. İlkin ödənişin mövcudluğu borclu şəxsin kreditə olan davranışlarına təsir edir. Əgər borclu olan ev alanda 20 faiz ilkin ödəniş edibsə, 2-3 ildən sonra evlərin qiyməti 15-20 faiz düşəndə o evdən imtina etməyəcək. İlkin ödəniş olmadığı təqdirdə isə 2-3 ildən sonra evlərin qiyməti 15-20 faiz düşəndə borclu şəxs evdən dərhal imtina edəcək. Çünki belə olan halda kredit üzrə əsas borc məbləği evin bazar dəyərindən çox olacaq”.

Xatırladaq ki, belə bir hal 2008-ci ildə ABŞ-da yaşanıb. O vaxt qiymətlər düşəndə çoxları ipoteka ilə götürdükləri evlərdən imtina etdilər, çünki qalıq borc məbləği evin bazar dəyərindən çox idi. Buna səbəb həm də həmin dövrdə ABŞ-da ilkin ödənişsiz kreditləşmənin tətbiqi idi. Bu təcrübənin ölkəmizdə tətkrarlanmaması üçün R.Əliyev ipoteka üçün ilkin ödənişinin 10 faizə kimi azaldılmasını təklif edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net