"Səhliyalı"nın ət məhsullarında kimyəvi qatqılardan istifadə edilir?
Tarix: 3-04-2015, 08:53 | Çap et
"Səhliyalı"nın ət məhsullarında kimyəvi qatqılardan istifadə edilir?
Qeyd edək ki, 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayan "Səhliyalı" kiçik müəssisəsi dəfələrlə aidiyyəti qurumların tənqidinə tuş gəlib. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri bir müddət əvvəl müəssisədə yoxlama aparmış və məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5 faiz təşkil etdiyi halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə kərə yağı aşkar etməmişdilər. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ "qarışıq kərə yağı" kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda "HALAL KƏRƏ YAĞI", kiçik həflərlə isə, "qarışıq" sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib. Qeyd olunanlarla əlaqədar nazirlik "Səhliyalı" kiçik müəssisəsində yoxlamaya başlayıb. İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən "BS" əmtəə nişanlı əla növ bişmiş "Südlü", "Doktorskaya" və "Lyubitelskaya" kolbasalarının və əla növ "Manqalüstü" sosiskanın, yağlılığı 1,4 faiz olan ayranların, 15 faiz və 25 faiz yağlılıqlı xamaların, "Səhliyalı" brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, "Min bərəkət, halal nemət" əmtəə nişanlı əla növ "Ovçu", "BS" əmtəə nişanlı əla növ "Doktorskaya" kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub. Bundan başqa, müəssisədə satış üçün nəzərdə tutulmuş, lakin normativ sənədlərə əsasən vaxtı ötmüş 362,7 kiloqram ət məhsulları, habelə məhsul istehsalında istifadə olunan vaxtı ötmüş 19 kiloqram inqridiyentlər aşkar edilib. Müəssisədə istehsal olunan ət və süd məhsullarından, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammallardan nümunə götürülərək laborator müayinəyə göndərilib. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, "Səhliyalı" kiçik müəssisəsi tərəfindən istehsal edilən ət və süd məhsullarının tərkibinin təmiz olması ilə bağlı mübahisələr davam etməkdədir. Nəzərinizə çatdıraq ki, ayrı-ayrı müəssisələr "halal" adı altında kolbasalar istehsal edirlər ki, onların əslində bu adla hər hansı əlaqəsinin olduğunu söyləmək çətindir. Xatırladaq ki, iqtidar qəzetlərindən biri "Halal nemət, min bərəkət" ticarət nişanı ilə kolbasalar istehsal edən "Səhliyalı" müəssisəsinin saxta məhsullar buraxdığını yazıb. "Məhsulların üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir" ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında "Səhliyalı"nın adı yoxdur. Kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın", deyə qəzetin məlumatında qeyd olunub. Həmçinin şirkəti reklam edən "ATV" kanalı da tənqid atəşinə tutulub: "ATV kanalında həmin sexdəki istehsal prosesindən hazırlanan reklam çarxında buradakı ideal təmizliyi, əsas xammal kimi müəssisənin hansısa rayondakı yardımçı təsərrüfatda bəslənən və təzə kəsilmiş dana ətindən istifadə olunmasını az qala tamaşaçının beyninə yeridirlər. Bu sexdə gördüklərim isə, "halal" kolbasaların necə halallıqla hazırlanması haqda təsəvvürlərimi alt-üst etdi". Apardığımız qısa araşdırmalar nəticəsində isə aydın oldu ki, İqtisadiyyat və Sənaye Nazirliyinin, o cümlədən Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin həyata keçirdiyi müxtəlif tədbirlərə rəğmən, müəssisə rəhbərliyi qanunsuz işlərdən əl çəkmir. Əksinə, "Səhliyalı" firmasının istehsalı olan ət və süd məhsulları bazarda gündən-günə yerini daha da möhkəmləndiməkdədir. Bu da müəssisənin reklam etdiyi məhsulların keyfiyyətinə inanan minlərlə insanın sağlamlığını təhlükə qarşısında qoyur. Əldə etdiyimiz məlumatlara görə, "Səhliyalı" bir ailə müəssisəsidir: "Səhliyalı bu şirkəti quran Bəşirov qardaşlarının atasıdır. Səhv etmirəmsə, onlar əslən Ağdam rayonundandır. Sovet vaxtı Səhliyalı Bəşirovun Ağdamda fermer təsərrüfatı olub. 90-cı illərdə isə, onun oğlanları bu işə başlayıb. Firmanın emblemindəki BS loqotipi Bəşirov Səhliyalı ad-soyadının ilk baş hərflərindən götürülüb. Əslində bu, bir ailə müəssisəsidir. Bəşirovlar ailədə dörd qardaşdır. Şirkəti idarə edən isə, İlham və Fəxrəddin Bəşirovlardır. Bu ailənin biznesinin özəyini məhz "Səhliyalı" firması təşkil edir. Amma qardaşların şəhərin ayrı-ayrı yerlərində biznes obyektləri, həmçinin İsmayıllı rayonunda böyük mülkləri var. "Halal" adı altında məhsul istehsal edən müəssisədə halallıqdan, dini qayda-qanunlardan əsər-əlamət yoxdur. Camaata keyfiyyətsiz məhsulları sırıyan iş adamları hansı halallıqdan danışa bilər? Kolbasa və sosiskaların hazırlanmasında kimyəvi politenlərdən istifadə olunur. Halbuki, təbii bağırsaqdan istifadə edilməlidir". Onu da qeyd edək ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bir müddət əvvəl mətbuata açıqlamasında Azərbaycana sosiska və kolbasa istehsalı üçün idxal edilən ət məhsullarının Braziliya və Hindistandan gətirildiyini demişdi. Bizə çatan məlumatlarda isə "Səhliyalı" kiçik müəssisəsində kolbasa və sosiska istehsalında istifadə edilən ətin mənşəyinin dəqiq bilinmədiyi vurğulanır. Həmçinin məlumatınız olsun ki, "Min bərəkət, halal nemət" nişanlı məhsulların tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var. Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 3-cü maddəsinə ziddir. Qanunda göstərilir: "...malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüququdur...". "Səhliyalı" şirkətinin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Bu haqda şirkətin rəsmi sahliyali.com saytında da məlumat yerləşdirilməyib. Qeyd edək ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərə qoyulan tələblərdə həmin vasitələrin halal mənbələrdən olmalı və istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir (AZS 731 standartı). Mütəxəssislərin dediyinə görə, Azərbaycanda natrium nitrit olmadan heç bir kolbasa və sosiska məmulatı istehsal olunmur. Bu isə o deməkdir ki, "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan ət məhsullarında müxtəlif kimyəvi qatqılardan istifadə edilir. Bunu biz demirik, mütəxəssislər deyir. Odur ki, aidiyyəti dövlət qurumları "Səhliyalı" firması ilə bağlı irəli sürülən ittihamları ciddiyə almalı və şirkətdə dərin tərkibli yoxlamalara start verməlidir. Ümid edirik ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Vergilər Nazirliyinin rəsmiləri tezliklə sözügedən müəssisədə araşdırmalara başlayıb mövcud qanun pozuntularını aşkara çıxaracaqlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net