YAP-çı deputat: “Mitinqə icazə verilsə də, gələn olmayacaq”
Tarix: 2-04-2015, 17:25 |
Çap et
“Azərbaycan demokratik dəyərlərlə idarə olunan dövlətdir. Razılaşdırılmış qaydada mitinq keçirmək hər kəsin, o cümlədən müxalifətin hüququdur”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, hüququ olmaq dəstəyi olmaq anlamına gəlmir:
“Milli Şuraya istər ötən dəfə, istərsə də bu dəfə mitinq keçirmək üçün icazə verilib. Dövlət tərəfindən bu mitinqlərin keçirilməsinə şərait yaradılıb və mitinq iştirakçılarının təhlükəsizliyi təmin olunur. Amma gəlin görək Milli Şura kütləvi aksiya təşkil edə bilirmi? Əlbəttə, yox. O səbəbdən ki, Milli Şurada təmsil olunan qüvvələrin cəmiyyətdən heç bir dəstəyi yoxdur. Orada uzun illərdir müxalifətdə təmsil olunan qüvvələrlə yanaşı, vaxtilə hakimiyyətə çalışan şəxslər təmsil olunur. Hamısının da məqsədi yenidən səlahiyyət sahibi olmaq və öz şəxsi maraqlarını həyata keçirməkdir. Məhz elə bu səbəbdən də cəmiyyət onları müxalifət kimi qəbul etmir. Azərbaycan xalqı indiyə qədər keçirilən bütün seçkilərdə öz aydın mövqeyini ortaya qoyub. Müxalifət isə nöqsanları göstərmək, dövlətçiliyə xidmət etmək əvəzinə, ağa qara deməklə məşğul olub. Hesab edirəm ki, Milli Şuranın aprelin 5-də keçirəcəyi aksiyada ötən dəfə olduğu kimi, jurnalistlərin və müşahidəçilərin sayı aksiya iştirakçılarının sayından daha çox olacaq”.