Polisi saymayan məşhurlar və cəzası - SİYAHI
Tarix: 2-04-2015, 16:54 |
Çap et
Son zamanlar sərxoş halda avtomobil idarə edən, yol polisinə tabe olmayan, hələ bu azmış kimi dövlət məmuruna təzyiq göstərən tanınmışlar, vəzifəli şəxslər və onların yaxın qohumları ilə bağlı məlumatlar tez-tez gündəmə gəlir. Nə qədər xoşagəlməz olsa da bu hadisələrin kökündə "kreslo” arxayınlığı, qohumbazlıq və qudurğanlıq dayanır.
Ölkə başçısı da dəfələrlə çıxışlarında bu məsələ toxunaraq ciddi şəkildə vurğulayıb ki, məmurlar və onların yaxın çevrələri insanlara qarşı normal rəftar etməli, özbaşınalığa yol verməməlidirlər. Prezident ailə üzvləri, yaxınları özbaşınalıq edən məmurların da cəzalandırılacağını diqqətə çatdırıb.
Amma təəssüflər olsun ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlərə baxmayaraq, qanun pozuntularına yol verən vəzifə sahibləri hələ də var.
Ötən gün yerli KİV-lərdə yayılan bir xəbər də bu qəbildən idi. Belə ki, Bakıda rəis müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb. Hadisə bir neçə gün əvvəl Bakı-Quba yolunda qeydə alınıb. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin (PB) rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlunun idarə etdiyi 90-BZ-455 dövlət qeydiyyat nişanlı "Land Rover" markalı avtomobil kobud qayda pozuntusuna yol verdiyi üçün yol polisləri ona "Saxla!" əmri verib. Lakin rəis müavini yol polislərinə tabesizlik göstərərək maşını saxlamayıb. Hazırda rəis müavini barəsində DİN-in Daxili Təhqiqat İdarəsində araşdırma aparılır.
Göründüyü kimi, bəzən qanunu qoruyanlar da qanunu poza bilirlər.
Məşhurların polisə tabesizlik göstərdiyi daha bir xəbəri nümunə göstərə bilərik:
Bir neçə gün öncə Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.
Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Onun bu əməlinin cəzasını isə atası çəkdi. Belə ki, o tutduğu vəzifədən azad olundu.
Ümumiyyətlə DYP əməkdaşlarının qanuni şəkildə "Saxla” tələbini yerinə yetirməyən tanınmaş haqqında mətbuatda bir neçə dəfə xəbərlər yer alıb.
Daha bir nümunə:Ötən ilin dekabr ayında Bakıda yol polisinə xəsarət yetirən "Porsche”nin sürücüsü də məşhur nəslin nümayəndəsi idi.
Bakının Səbail rayonunda Şeyx Şamil və İstiqlaliyyət küçələrinin kəsişməsində, metronun "İçərişəhər” stansiyasının qarşısında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlı, yol polisi serjantı xidməti zamanı "Porsche Cayenne” markalı, "90-KF-155" dövlət nömrə nişanlı avtomobilin sürücüsünə istiqamətin dəyişdirilməsi barədə göstəriş verib. Lakin "Porsche”nin sürücüsü əmrə tabe olmayıb, polis serjantına qarşı kobudluq nümayiş etdirib və avtomobilini onun üstünə sürüb. Daha sonra hadisə yerindən uzaqlaşıb. Bundan sonra Dövlət yol polisi tərəfindən tərtib edilmiş raport əsasında həmin sürücü barəsində dərhal axtarış elan edilib. Həmin sürücü tapılaraq barəsində tədbir görülməsi üçün sənədləşdirmə aparılıb.
Aparılan sənədləşdirmə zamanı məlum olub ki, sürücü özəl şirkətlərdən birində işləyən 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylıdır. Səbail rayon məhkəməsinin qərarı ilə Ə.Kürçaylı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) tələbi ilə 15 sutka inzibati həbs cəzasına layiq görülüb.
Həmin şəxs Azərbaycanın tanınmış şairi, dramaturqu Əliağa Kürçaylının nəvəsi olub.
Milli Məclisin deputatı Ayaz Orucovun oğlunun da DYP əməkdaşlarına tabesizlik göstərməsi ilə bağlı xəbər vermişdik.
O, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Deputat oğlu yol polisi tərəfindən saxlanılarkən kobudluq edərək tabesizlik göstərib. Hətta, atasının deputat olduğunu deyərək yol polislərinə problem yaradacığını da bildirib. Lakin DYP əməkdaşları geri çəkilməyib və deputat oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı sənədləşdirilib.
Deputat oğluna protokol yazılıb, avtomobili isə cərimə meydançasına salınıb.
Bəs, qanun nə deyir?
Bu cür halların artması ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzVision.az-a açıqlamasında bildirib ki, sərxoş vəziyyətdə olarkən, qanuni tələblərin yerinə yetirilməməsinə meyllik dərəcəsi yüksəkdir.
Bölmə rəisinin sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulmuş bütün alternativ variantlardan istifadə edərək həmin sürücülər qanun qarşısına çıxarılır:
"Bunların nəticəsi də göz qabağındadır. Bu gündə bu tədbirlər davam etdirilir. Tutduğu mövqeyindən və vəzifəsindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Hər kəs törətdiyi xətaya uyğun olaraq məsuliyyətə cəlb olunur. Kimsə yol polisinin qanuni fəaliyyətinə kölgə salmaq istəyindən əl çəksin. Bu gün polis təhlükəsizliyin təmin edilməsində, asayişin qorunmasında, müstəsna xidmətini davam etdirir.
Çalışırıq ki, hər bir hərəkət iştirakçısı mənzil başına sağ-salamat yetişsin. Sözsüz ki, qanuna tabe olmaq istəməyənlər intizamsızlığa meylli olanlardır. Onlar da keçirdiyimiz tədbirlər zamanı aşkar edilərək məsuliyyətə cəlb olunur. Sürücü tanınmış şəxs olsa da qanunun tələbini pozduğu halda dərhal saxlanılır. Odur ki, bir neçə belə şəxs haqqında protokol yazılıb. Qanunun gücündən istifadə edərək vəzifəmizi yerinə yetiririk”.