Qaz müharibələri: ABŞ Yunanıstana güclü təzyiqlərə başladı
Tarix: 2-04-2015, 15:41 | Çap et
Qaz müharibələri: ABŞ Yunanıstana güclü təzyiqlərə başladı
Yunanıstanın radikal solçuların koalisiyasından (SYRİZA) ibarət hökumətinin Moskva ilə oyuna girməsi Brüsselin və Vaşinqtonun qəzəbinə səbəb olub.

Virtualaz.org saytı xəbər verir ki, iki gün əvvəl Moskvaya səfər edən Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panayiotis Lafazanis səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında ABŞ administrasiyasının Afinaya güclü təzyiqlər göstərdiyini açıqlayıb.

Nazirin sözlərinə görə, ABŞ Yunanıstanın “Türk axını” qaz kəməri layihəsində iştirakını istəmir.

“Onlar böyük təzyiq göstərirlər”- deyə Lafazanis bildirib.

Bununla belə nazir əlavə edib ki, Yunanıstanın indiki hökuməti energetika siyasətində ölkənin milli maraqlarından çıxış edəcək: “Biz hesab edirik ki, Rusiya üçün bütün dəhlizlər açıq olmalıdır. Yunanıstan Transadriatik Qaz Kəməri (TAP) ilə “Türk axını”nı rəqib hesab etmir, çünki təkcə TAP Avropanın təbii qaza olan bütün tələbatını ödəmək iqtidarında deyil”.

Xəbərlərə görə, Lafazanis Moskvada “Qazprom”un Yunanıstana satdığı qazın qiymətinin aşağı salınmasını və “al və ya ödə” prinsipi ilə götürülən qazın həcminin azaldılmasını xahiş edib. O, “Qazprom”un bu müraciətə müsbət reaksiya verdiyini, məsələyə baxılacağını bildirib.

Nazir onu da deyib ki,Yunanıstan “Türk axını” layihəsinə qatılacaq. Çünki 2019-cu ildən etibarən Rusiya Ukrayna ərazindən Avropaya qaz tranzitini dayandırmaq qərarını bir daha bildirib.

“2019-cu ildən etibarən Rusiya qazı Avropaya şimal və cənub dəhlizi ilə daxil olacaq. Biz “Türk axını” layihəsində iştirak etmək və daha ucuz qaz əldə etmək istəyirik”- Lafazanis deyib.

“Türk axını” Rusiyadan Türkiyəyə (Qara dənizin dibindən keçməklə), oradan isə Yunanıstanla sərhədə qədər illik nəql gücü 63 milyard kubmetr olan qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəməri də “Türk axını” ilə eyni məntəqəyə - Türkiyənin Yunanıstan sərhədinə çəkiləcək, oradan TAP kəmərinə qoşulacaq.

“Türk axını” layihəsinin gündəmə gəlməsindən sonra Yunanıstanın solçulardan ibarət və Moskvaya yaxın hesab olunan hökuməti TAP-a dair əvvəlki hökumətin bağladığı müqavilələrə yenidən baxa biləcəyinə dair tələblər irəli sürməyə, kəmərdən daha çox gəlir əldə etmək üçün kommersiya şərtlərini dəyişdirməyə çalışır.

SOCAR artıq bildirib ki, TAP kəməri ilə Yunanıstana nəql olunacaq Azərbaycan qazının qiymətinin endirilməsi mümkün deyil, çünki buna Azərbaycan yox, “Şahdəniz” konsorsiumu qərar verməlidir.

Həmçinin Yunanıstana daha çox tranzit haqqı ödənilməsi məsələsini BP-nin rəhbərlik etdiyi konsorsium həll edə bilər.

Yunanıstan hökumətinin energetika və digər məsələlərdə Moskva ilə oyuna girməsi Avropa İttifaqını ciddi narahat edir. Bu günlərdə “Spiegel” jurnalı yazıb ki, Almaniyanın hakim Xristian-Demokrat İttifaqı yunan-rus oyununundan hiddələnib.

Almaniyada hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin bu şansdan istifadə edib Avropa İttifaqını parçalamaq və Cənubi Avropada mövqelərini möhkəmləndirmək istəyir. Bu baxımdan Yunanıstanın enerji nazirinin Moskvaya səfəri Brüsseldə ciddi əsəbilik yaradıb. Çünki Brüssel “Türk axını” layihəsini dəstəkləmir və onu qeyri-real hesab edir. Üstəlik aprelin birinci ongünlüyünün sonunda Yunanıstanın baş naziri Aleksis Tsipras da Moskvaya səfər edəcək.

“Tsipras çox riskli strategiya seçib. O, seçim etməlidir: Moskvanın aqressiv avtoritar sistemi, yoxsa azad, xalqların idarə etdiyi Avropa?” -deyə xristian-demokratlardan Avropa Parlamentinə seçilmiş alman deputat Manfred Veber deyib.

Onun sözlərinə görə, əgər yunanlar bundan sonra da Avropa İttifaqından yardım almaq istəyirsə, o zaman kompası Moskvaya yox, Brüsselə yönəltməlidir.

Yunan hökumətinin Moskva ilə oyuna girməsinə görə Brüssel hələ Afinaya iqtisadi kollapsdan xilas olmaq üçün zəruri maliyyə yardımını etməyib. Bu günlərdə Afinaya 1,2 milyard avro borc verilməsindən imtina edilib. 7,2 milyardlıq yardım paketinin taleyi də sual altındadır.

Yunanıstan hökuməti isə xəbərdarlıq edir ki, əgər Brüssel vəd edilən krediti verməsə, öz öhdəliklərini yerinə yetirmək imkanında olmayacaq və yardım üçün Moskvaya üz tutacaq.

Göründüyü kimi, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək “Cənub qaz dəhlizi” üzərində mürəkkəb geosiyasi oyunlar gedir və Bakı bu oyunlardan zərər çəkə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net