Türkiyənin meqastarı Tarkan uzun müddətli səssizliyini pozdu. ANS PRESS-in məlumatına görə, müğənni Kubada tətilindən sonra kameralara tuş gəlib.
O, Türkiyəni tərk edəcəyi ilə bağlı yayılan xəbərlərdən çox təəssüfləndiyini deyib. "Ölkəmi çox sevirəm. Burdan necə gedə bilərəm? Tez-tez xarici ölkələrə getmək yaxşı təsir edir. Birdəfəlik gedə bilmərəm. Onsuz da bir ayağım xaricdədir. Amma daimi olaraq Almaniya və ya başqa ölkəyə köçməyimdən söhbət gedə bilməz".
Sənətçi tanındığı üçün küçədə gəzməyin onun üçün çətin olduğunu desə də, bundan şikayət etmir. "Küçədə rahat-rahat gəzmək istəyirəm. Ona görə də tez-tez xaricə gedirəm. Gəzməyi, yeni yerlər görməyi çox sevirəm".
Tarkan Kuba səyahətindən də danışıb. Onun sözlərinə görə, uzun müddət bu sayəhət haqqında düşünüb. "Tam səmimi deyirəm ki, mükəmməl bir yerdir".
Xatırladaq ki, meqastarın bir müddət öncə İstanbulu tərk edərək Egey dənizi sahilindəki Şirincə qəsəbəsinə köçəcəyi deyilirdi.