Kürdəmirdə sahibkarlara təzyiq edilir: Sakinlər aksiyaya hazırlaşırlar
Tarix: 1-04-2015, 17:54 | Çap et
 Kürdəmirdə sahibkarlara təzyiq edilir: Sakinlər aksiyaya hazırlaşırlar
Martın 29-da Kürdəmirdə baş verən aksiyadan sonra rayonda gərginlik qalmaqdadır. Həbs edilən rayon sakini hələ də buraxılmayıb. Həmçinin, aksiyaya çıxan və dövlət başçısına məktub yazan vətəndaşlara təzyiqlər edilir. Rayon sakinləri bildiriblər ki, onlar yenidən dövlət başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşırlar. Eyni zamanda, rayonda yenidən aksiya keçirilməsi gözlənilir.

Bildirilir ki, martın 29-da aksiyanın keçirilməsinə səbəb yerli sakinlərdən birinin həbs edilməsidir. Həmin şəxsin Kürdəmir rayonunda mövcud olan vəziyyətdən Bakıdakı dövlət orqanlarına şikayət etdiyi qeyd edilir. Şikayətdən xəbər tutan rayon rəhbərliyi onu həbs edib. Rayon rəhbərliyinin bu addımı isə Kürdəmir sakinləri arasında ciddi narazılıq yaradıb.

Nəticədə təxminən 60-70 nəfərlik bir narazı qrup Kürdəmir rayon Məhkəməsinin qarşısında piket keçirib və Kürdəmirdəki vəziyyətdən Bakıdakı mərkəzi dövlət orqanlarına şikayət etdiyinə görə həbs olunmuş həmin şəxsin azad olunması tələb edilib.

Əldə etdiyimiz məlumata görə, həbs edilən rayon sakini Əlvan Nəbiyevdir. Ona beş sutka həbs verilib. Aksiyadan sonra isə rayonda daha bir neçə sakininin həbs olunduğu bildirilir.

Sakinlərdən Natiq Məmmədov musavat.com-a bildirib ki, problem martın 6-də 25 rayon sakininin dövlət başçısı İlham Əliyevə yazdığı məktubdan sonra ciddiləşib: “Biz ayın 6-da Prezidentə məktub yazdıq, rayondakı özbaşınalıqlardan cana doyduğumuzu bildirdik. Dövlət başçısına və xanımına məktub göndərdikdən sonra bizə təzyiqlər başladı. Dükanlarımızı, mağazalarımızı sökməyə, dağıtmağa başladılar. İcra başçısı Ceyhun Cəfərov və polis rəisi Oqtay Məmmədov bizə zülm edir. Deyirlər ki, niyə Prezidentə məktub yazmısınız? Hətta polis rəisi hədə-qopxu gəldi ki, “Siz kimsiniz, neyləyəcəksiniz?” Rəis icra başçısı ilə kirvədir və birləşib, bizə zülm edirlər. Deyirlər ki, rayonda dövlət bizik. Bizə edilən zülmlərin sayı-hesabı yoxdur. Dükanları bağlayanda da ərizə yazanlardan Əlvan Nəbiyevi tutublar. Guya polisə tabe olmayıb. Ərizə yazanlardan bir neçəsi polis tərəfindən təhqir edilib, döyülüb. İndi gözləyirik ki, bu işin axırı necə olacaq. Burada özünü yandırmaq, binadan atmaq istəyənlər var. Bizi İsmayıllıdakı kimi hərəkətlər etməyə məcbur edirlər”.

Rayon sakinlərindən Taleh Nəbiyev isə musavat.com-a deyib ki, dövlət başçısına şikayət məktubu göndərən vətəndaşlara təzyiqlər edilir və onlar hədələnir: “Bizə hədə-qorxu gəlirlər, incidirlər. Deyirlər ki, şikayətimizi geri götürməsək, həbs edəcəklər. Bizi şərləyəcəkləri ilə hədələyirlər. İcra başçısı və polis rəisinin tapşırığı ilə bizimlə bu cür davranırlar. Bizim dükanlarımızı bağlasalar da, həmin ərazidəki digər dükanlar fəaliyyət göstərir. Biz prezidentə məktub yazdığımıza görə, rayondakı haqsızlıqları dediyimizə görə dükanlarımızı sökdülər. Rayon rəhbərliyi qeyri-qanuni işlərlə məşğuldur. Biz dövlət başçısına müraciət yazıb, kömək istəməyə məcbur qalmışıq”.

Sakinlərin sözlərinə görə, rayonda özbaşınalıq baş alıb gedir, sahibkarlar sıxışdırılır: “Obyektləri işlətmək üçün pul tələb edirlər. Rayonda görülən abadlıq işlərinin hamısı sahibkarların hesabınadır. Büdcədən rayona ayırılan pulları “yeyirlər”. Sahibkarlarsa, həmin abadlıq işlərinə görə pul ödəməyə məcbur edilirlər. Biz rayondakı özbaşınalıqdan, sosial vəziyyətin bərbadlığından yazmışıq. İcra başçısı bizi işləməyə qoymur”.

Qeyd edək ki, rayonun icra başçısı Ceyhun Cəfərov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, sahibkarlara təzyiq olunması ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Kürdəmirdə heç bir sahibkara təzyiq edilmir. Küçə ticarəti ilə mübarizə aparılır. Bu zaman kimsə polisin qanuni tələblərinə qarşı çıxıb və müqavimət göstərib. Həmin adama məhkəmə inzibati qaydada cəza kəsib. Təəssüf ki, Kürdəmir kimi sakit rayonda bəzən belə hallar olur. Bunu sahibkarlara təzyiq kimi qiymətləndirmək düzgün deyil”.

İcra başçısı qeyd edib ki, bir neçə ildir, qazılan kanalizasiya xətlərinə görə yolların vəziyyəti pisdir. İşlər maya qədər yekunlaşacaq və yollara asfalt döşənəcək.

Sakinlər isə vurğulayırlar ki, yenidən piketə hazırlaşırlar. Həmçinin dövlət başçısına da növbəti dəfə məktub yazacaqlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net