“Qaçqınkom” sədrini bitirəcək dosye hazırlanıb
Tarix: 1-04-2015, 15:24 | Çap et
“Qaçqınkom” sədrini bitirəcək dosye hazırlanıb
Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun vəzifədən azad olunması gözlənilir. Bu məsələ artıq böyük ölçüdə həll olunub. Son qərarın elan olunması artıq sırf texniki məsələ sayılır və yalnız zaman amilinə bağlıdır. Seçki bitən kimi Əli Həsənovun məmur ömrü də bitəcək.
Bu məlumat cumhuriyyet.az-a hakimiyyətə yaxın mənbələrdən ötürülüb. İqtidardaxili proseslərdən yetərincə bilgili olan qaynağımız deyir ki, 1996-cı ildən bu vəzifədə çalışan Qaçqınkom sədri kreslosu ilə bağlı bir neçə dəfə təhlükəyə girsə də onun başı üstündəki qara buludlar heç vaxt indiki qədər sıx olmamışdı.
“Əli Həsənovun vəziyyəti bu dəfə doğrudan da çox mürəkkəbdir. Ona qarşı artıq elə ittiham irəli sürülüb ki, altından çıxması mümkünsüzdür. Özü də məsələdən birinci şəxsin də xəbəri var. Onun gördüyü işlərin, tutduğu əməllərin nəticəsi bütün hakim komandanı pis vəziyyətdə qoyub və hədsiz qəzəbləndirib. “Qaçqınkom” sədrinə olan qəzəb ona görə çox böyükdür ki, məsələ iqtidarın reputasiyası ilə birbaşa bağlıdır. Bunun seçki ərəfəsində üzə çıxması isə iri məmurlarla bağlı qərar vermək ranqında olan səlahiyyətlilərin əsəblərini bir qədər də tarıma çəkib» – deyə mənbə bildirir.
Mənbəmizin Ə.Həsənovun qəzəbə gəlməsinin konkret səbəbləri ilə bağlı dedikləri isə daha heyrətamizdir: “Hakimiyyət qaçqınların və məcburi köçkünlərin ona real münasibətini öyrənmək məqsədilə onların arasında gizli sorğu keçirib. Bu sorğunu keçirmək iqtidara yaxın qeyri-hökumət təşkilatlarından (QHT) birinə sifariş edilib. Həmin QHT də qaçqınların sıx məskunlaşdığı əksər şəhər və rayonlarda işləyib və ortaya hakimiyyətdən ötrü dəhşətə bərabər bir mənzərə çıxıb.
Gizli sorğu nəticəsində məlum olub ki, qaçqınların və məcburi köçkünlərin 70-75 faizi hakimiyyətdən ciddi şəkildə narazıdır. Bu sorğunun nəticəsi Prezident Administrasiyasında lazımi şəxslərə təqdim və hərtərəfli təhlil olunub. Sonra vəziyyət başqa kanallarla bir daha yoxlanıb. Əmin olublar ki, sorğunun nəticələri real vəziyyəti düzgün əks etdirir. Müzakirələrdən sonra Əli Həsənov saraya çağırılaraq möhkəm sıxılıb. Nəticələr komitə sədrinə təqdim edilib, ondan sərt şəkildə izahat tələb olunub. Sənin yarıtmaz fəaliyyətinin nəticəsidir 1 milyon insan hakimiyyətdən narazıdır» ittihamı ilə üzləşən Qaçqınkom sədri Prezident Administrasiyasından əzilmiş halda çıxıb».
Qaynağımız onu da deyir ki, məsələ təkcə tənbeh-danlaqla bitməyib. Gizli sorğunun nəticələrindən yola çıxan yuxarılar müvafiq strukturlara Qaçqınkomun fəaliyyəti ilə bağlı hərtərəfli araşdırmalara başlamaq göstərişi veriblər. Bu zaman daha betər faktlar üzə çıxıb. Onlardan biri BMT-nin azərbaycanlı qaçqın-köçkünlərə hər il ayırdığı yardımların talan edilməsi ilə bağlı olub. Söhbət on milyonlarla manatlıq yeyinti faktlarından gedir. Bu haqda danışan qaynağımız deyir ki, BMT-nin yardımları Qaçqınkom tərəfindən çox primitiv üsulla əridilirmiş: “Komitə rəhbərliyi ayrılan maliyyə vəsaitinin qaçqınlar üçün guya hətta çadır alınmasına sərf edildiyini bildirib. Halbuki çadır söhbəti çoxdan qurtarıb. Bütün çadır şəhərcikləri prezidentin göstərişi ilə çoxdan ləğv olunub, rayonlardakı qaçqın-köçkünlər üçün qəsəbələr salınıb. Çadır şəhərciyi yoxdursa, komitə çadırları harada qurub? Bu sual Əli Həsənova da verilib”.
Amma cənab Həsənovun problemləri bununla da bitmir. Qaynağımız Qaçqınkomun əli ilə həyata keçirilmiş kvota maxinasiyası barədə də danışır. Onun dediyinə görə, bu sahədə də inanılmaz qaranlıq işlər var: “Bəlli olduğu kimi, hökumət xüsusilə də Bakı və Sumqayıtda yaşayan qaçqınlara aylıq işıq və qaz kvotası müəyyən edib. Hər bir qaçqın ailəsi həmin kvota ilə müəyyən olunmuş qədər qaz və işıqdan pulsuz istifadə edə bilər. Hökumət “Azəriqaz”la Bakıelektrikşəbəkə yə çatmalı olan bu pulu hər ay Qaçqınkomun hesabına köçürür, sonuncu da öz növbəsində həmin qurumlarla hesablaşır. Yəni Qaçqınkom bu kvota ilə nəzərdə tutulan pulları hər ay “Azəriqaz”la “Bakıelektrikşəbəkə” yə ödəməlidir. Amma yoxlamalar zamanı məlum olub ki, elə ailələr var ki, onlara son vaxtlar hətta 3-4 min manat işıq borcu gəlib. Araşdırma onu da üzə çıxarıb ki, komitə hökumətin ayırdığı pulları “Azəriqaz”la “Bakıelektrikşəbəkə”yə ödəməyib. O pulların harada olduğunu bilən də yoxdur. Amma komitədə bilməmiş olmazlar».
Sonda onu da deyək ki, Əli Həsənovun yerinə gətiriləcək şəxs də bəllidir. O, qaçqın rayonlarından birinin icra başçısıdır. Həmin şəxsin adı redaksiyamıza məlumdur. Bircə onu deyə bilərik ki, onun hakim ailəyə qohumluğu da çatır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net