"Heç kim cəsarət edib məni aldada bilməz" - Tanınmışların 1 aprel açıqlamaları
Tarix: 1-04-2015, 15:03 | Çap et
"Heç kim cəsarət edib məni aldada bilməz" - Tanınmışların 1 aprel açıqlamaları
Bu gün bir çox ölkələrdə, eləcə də Azərbaycanda gülüş kimi qeyd olunan 1 Apreldir. Məlum olduğu kimi, adı “gülüş günü” olsa da insanlar bu gün daha çox bir-birilərini aldatmağa üstünlük verirlər.

Hafta.az tanınmışların bir neçəsindən aldadan yoxsa, aldanan olduqlarını və bu günə olan münasibətlərini öyrənib.

Politoloq Elxan Şahinoğlu bu günü ilin digər günlərindən ayırmadığını söyləyib:

“Heç kimi aldatmamışam və aldanmamışam. Çünki, martın 31-dən artıq özümü hazırlamışam ki, sabah məni aldada bilərlər”.

Yazıçı Elçin Əfəndi isə bu günlə bağlı şahidi olduğu hadisəni paylaşıb:

“Aprelin 1-ilə bağlı ən qəribə əhvalat biz tərəfdə baş vermişdi. Deməli bir gün Vahid adlı şəxs sinifyoldaşı Sahibə zəng vurur ki, "bəs ay Sahib, atan rəhmətə getdi". Sahib də Bakıda yaşayırdı. Bu da inanır və Bakıda olan qohum-əqrəbaya xəbər edir ki, "bəs kişi rəhmətə gedib, yığışın gedirik". Bunlar yolüstə olanda Vahid fikirləşir ki, bundan heç bir reaksiya çıxmadı. Qoy zəng vurum, deyim ki, bəs bu gün 1 apreldi. Zarafat edirdim. Bu zəng etmək istəyəndə kəndə xəbər yayılır ki, filankəs rəhmətə getdi. Vahid də elə zənn edir ki, xəbəri çatdıran bununla zarafat edir. İnandığı adamlardan biri ilə danışır və o, xəbərin həqiqət olduğunu deyir. Vahid birtəhər olur. Əynini dəyişib hüzür yerinə gedir. Bu gedənə kimi rayonda yaşayan qohum-əqrəba Sahibə zəng edir ki, "bəs atan rəhmətə getdi". O da deyir ki, "xəbərim var, artıq çatırıq". Camaat şoka düşür ki, necə yəni xəbərim var uje çatırıq. Kişi indicə keçinib və hələ heç kim kənarda yaşayan övladlara xəbər etməyib axı. Sonradan məlum olur ki, sən demə Vahid 1 aprel zarafatı edib, amma zarafat həqiqətə çevrilib”.

Politoloq Ərəstun Oruclu 1 Aprellə bağlı aşağıdakıları söyləyib:

“Bu günə olan münasibətim normaldır. Çünki insanlar bəzən əylənməli, zarafat etməli və yumor hissini göstərməlidilər. Hələ ki, gün başlayandan aldanmamışam”.

Jurnalist İlhamiyyə Rza isə fərqli fikir ortaya qoyub:

“İstənilən gündə insanların bir-birilərini aldatmasına pis baxıram”.

Millət vəkili Fazil Mustafa da İlhamiyyə Rza ilə ortaq fikir sərgiləyib:

“1 Aprel mənim üçün elə bir məna kəsb etməyən bir gündür. Ümumiyyətlə, hansı gün olursa olsun, aldatmaq yaxşı iş deyil. Hər halda aldanmağı xoşlamıram və çalışıram aldanmayım”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib ki, əgər onu kimsə aldadarsa həmin şəxsi bu əməlinə peşman edər:

“Yaşadığımız həyat elə başdan ayağa gülüşdür. Ancaq mən həyatda aldanan adam deyiləm. Hər kəs bilir ki, Hafiz Hacıyev çox ciddi bir insandır. Bu baxımdan heç kim cəsarət edib məni aldada bilməz. Kimsə düşünürsə ki, Hafiz Hacıyevi aldadır o çox yanlışlığa yol verir. Məni aldadan adamın axır aqibəti çox pis nəticələnər. Heç mən də kimisə aldatmamışam. Bir üzü olan ciddi insanam. Məni aldadan adamla da ömür boyu düşmən oluram. Nə bacarıramsa ona zərbə vururam”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə söyləyib ki, artıq onun aldadan və ya aldanan yaşı deyil:

“Uşaq vaxtı aldanım aldadmışam. O barədə isə danışmaq istəmirəm”.

İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, həyat özü yalandan ibarətdir:

“Həyatda o qədər yalan varkən, 1 apreldə xüsusi yalan danışanları anlamıram, amma zarafat, gülüş günü kimi qəbul edirem”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net