İaşə obyektləri I Avropa Oyunlarına necə hazırlaşır? ARAŞDIRMA
Tarix: 1-04-2015, 11:58 | Çap et
İaşə obyektləri I Avropa Oyunlarına necə hazırlaşır? ARAŞDIRMA
Məlum olduğu kimi, ölkəmizdə tarixdə ilk dəfə olaraq I Avropa Oyunları keçiriləcək. Bu ilin iyun ayının 12-dən 28-dək təşkil olunacaq Oyunlara Azərbaycanda qısa müddətdə yüksək səviyyədə hazırlıq işləri aparılır. Bakı 2015 Avropa Oyunlarının möhtəşəm şəkildə keçirilməsi üçün Azərbaycanda idman infrastrukturu daha da inkişaf etdirilib, yeni arenalar inşa olunub, bir çoxunda isə yenidənqurma və bərpa işləri aparılıb. Artıq işlər yekunlaşmaq üzrədir. Dünyanın ən tanınmış mütəxəssis və ekspertləri ölkəmizin I Avropa Oyunlarına hazırlıqlarını heyranlıqla izləyir, aparılan işlərin yüksək səviyyədə olduğunu bildirirlər.

I Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək minlərlə idmançı, nümayəndə heyəti və turistlərə daha da yaxşı xidmət göstərmək üçün Azərbaycanda nəinki idman sahəsi, bütün sahələrdə təkmilləşdirmə işləri aparılır. Bütün sahələrin dünya standartları səviyyəsinə çatdırılması üçün böyük islahatlar həyata keçirilir.

Bir çox sahələrdə aparılan hazırlıq işlərindən reportajlar hazırlamışıq. Bu dəfə isə Bakı 2015 Avropa Oyunlarına iaşə obyektlərinin hazırlıqlarını öyəndik. Belə müəssisələrdə işlərin hansı səviyyədə olmasının gərəkdiyini Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aydınlaşdırdı:

“Bakı 2015 Avropa Oyunları Azərbaycanın dünyada tanıdılması üçün çox əhəmiyyətli bir tədbirdir. Ona görə burada xidmət göstərən bütün şəxslər - nəqliyyat, iaşə, ticarət və digər sahələrdə çalışanlar Azərbaycanın imicinin daha da yüksəldilməsi üçün müəyyən işlər aparmalıdırlar. Təsadüfü deyil ki, İqtisadiyyat və Sənaye Nazirliyi artıq müəyyən tapşırıqlar verib. Bu tapşırıqlar çox əhəmiyyətlidir. Məsələn, sözügedən nazirlikdən daxil olan bildirişlərdə qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən 2015 il iyunun 10-dan 30-dək I Avropa Oyunları keçiriləcək idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə fəaliyyət göstərən istehsal, xidmət, tikinti, ticarət, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizatı işi, məişət tullantılarının və digər yüklərin daşınması saat 22:00-dan 07:00-dək təşkil olunmalıdır. Təchizatı gündüz saatlarında zəruri olan obyektlərin təchizat işləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılmalıdır və yük nəqliyyatı vasitələri həmin ərazilərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında daxil ola bilər.

İaşə müəssisələrinin gün ərzində tullantıları həmin obyektin kənarına atması qonaqlarda pis təsir yarada bilər. Bildirişdə də qeyd olunan kimi, tullantılar saat 22:00-dan sonra qapalı şəkildə müvafiq təyin olunmuş tullantı yerlərinə aparılmalıdır. Müəssisələrdə əl-üz yuyulan yerlər təmiz saxlanılmalı, orada mütləq dəsmal olmalıdır. Belə müəssisələrdə şəhər sakinlərinin və qonaqların müştəri olmasalar belə, sanuzeldən istifadə etməsinə icazə verilməlidir. Ümumiyyətlə, qeyd olunanlar Azərbaycan iaşə sahəsində çalışanların birdəfəlik mədəniyyətinə çevrilməlidir. Bələdiyyə qurumları da ərazilərində olan belə müəssisələrə nəzarət etməlidirlər.

Yaxşı olar ki, mağazaların daxili məhsullar olan bölmələrində Azərbaycanın məhsulları olduğu barədə məlumat yerləşdirilsin. Məhsulların etiketləşdirilməsinə diqqət yetirmək lazımdır. Xidmət göstərənlər ingilis dilinin elementlərini bilməli, insanlarla xoş rəftar etməlidirlər. Onlar bütün hallarda istehlakçının haqlı olduğunu düşünməli, ona jest etməlidirlər. Məhsullar Azərbaycan və xarici dillərdə markalanmalıdır. Xidmət göstərənlər istehlakçılara qarşı çox diqqətli olmalı və belə davam etməlidirlər”.

Paytaxtımızda fəaliyyət göstərən bir neçə iaşə obyektlərində də olduq və onların I Avropa Oyunlarına hazırlığını örəndik.

Bakının mərkəzində fəaliyyət göstərən “Town” restoranın müdiri Elşən Ağayev rəhbərlik etdiyi iaşə müəssisəsində I Avropa Oyunları zamanı qonaqların qəbul edilməsi üçün hər cür hazırlıq işləri görüldüyünü, restoranın standartlara cavab verdiyini qeyd edib: “Restoranımızda turistlərin qəbul edilməsi üçün bütün şəraiti yaratmışıq. Menyularımız Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Orada bütün yeməklərin tərkibi, qidaların qramları və qiymətləri qeyd olunub. Qonaqlar restoranımızda həm milli, həm də Avropa mətbəxindən yeməklər sifariş verə bilərlər. İşçi personalı da Azərbaycan, ingilis və rus dillərində ünsiyyət qurmağı bacarır. Ödənişi posterminal vasitəsi ilə də etmək mümkündür. 24 saat fəaliyyət göstəririk və restoran kamera sistemi ilə təchiz olunub. Burada televizorlar quraşdırılıb ki, Oyunlar zamanı qonaqlar yarışları izləyə bilsinlər.

Bizə İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriş daxil olub. Orada bildirilir ki, iyunun 10-dan 30-dək tullantıların daşınması və restoranın təchizatı axşam saat 22:00-dan səhər saat 07:00-dək aparılmalıdır. Bu da bizə daha da köməklik göstərir. Çünki axşam tıxac olmur və bu zaman işlərimizi daha asanlıqla yerinə yetiririk. Bu zaman heç bir vətəndaşa da maneçilik törədilmir”.

“Kontinental” marketin müdiri Rza Rzayev də mağazanın I Avropa Oyunları zamanı turistlərə yüksək səviyyədə xidmət göstərməyə hazır olduğunu bildiridi: “Oyunlar zamanı idmançı, nümayəndə heyəti və turistlərin ölkəmizə böyük axını olacaq. Biz onlara yüksək səviyyədə xidmət göstərməyə hazırıq. İşçi heyəti Azərbaycan, igilis və digər dillərdə danışa bilir. Məhsulların adları həm Azərbaycan, həm də ingilis dilində yazılıb. Bildiriş daxil olub ki, iyunun 10-dan 30-dək tullantıların atılması və marketin təchizat işləri saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir. Fikrimcə bu təcrübə yollarda tıxacların azalmasına, işin daha rahat və səmərli həyata keçirilməsinə şərait yaradacaq”.

Ukrayna mətbəxinin yeməklərini təqdim edən “Korçma” restoranının inzibatçısı Taleh Abdullayev müəssisədə I Avropa Oyunları zamanı qonaqlara xidmət göstərmək üçün hazırlıq işləri aparıldığını dedi: “Restoranın menyusu Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. İşçi personalı da qonaqlarla bu dillərdə danışa bilirlər. Restoranımızda ayrıca olaraq günün menyusu da var (“Lunch” - red). Bizə İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriş daxil olub. Qeyd olunur ki, iyunun 10-dan 30-dək tullantı məhsullarının daşınması və təchizat işləri axşam saat 22:00-dan sonra olmalıdır. Bu sistemlə işləmək bizə rahatlıq yaradır. Çünki, göstərilən saatlarda şəhərdə avtomobil sıxlığı olmur və işlərimizi vaxt itirmədən, heç kimə mane olmadan yerinə yetirə bilirik”.

Məlum olur ki, tarixdə ilk dəfə olaraq ölkəmizdə keçiriləcək Bakı 2015 Avropa Oyunlarının yüksək səviyyədə irs qoyması üçün bütün sahələrdə səylə çalışılır və dövlət qurumları ilə yanaşı, sahibkarlar da rəhbərlik etdikləri özəl xidmət sahələrində xüsusi hazırlıq işləri görürlər.

Xatırladaq ki, Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü və 4 qeyri-olimpiya idman növü təmsil olunacaq. Oyunlarda Avropanın 6000-dən çox idmançısı yarışacaq. 12 idman növü Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmağa imkan yaradacaq.

Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən verilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net