Gəncə dəmiryolunda Bəşir Əsədovun "Bəşər Əsəd" sistemi...
Tarix: 9-03-2015, 15:04 |
Çap et
Qəzetimizin ötən saylarında Gəncə Vaqon Deposunun rəisi Bəşir Əsədovun fəaliyyətindəki çatışmazlıq və nöqsanlar haqqında məlumat vermişdik. Qeyd edək ki, əvvəllər Hacıqabul Vaqon Deposuna rəhbərlik etmiş Bəşir Əsədov bir neçə ay öncə Gəncə Vaqon Deposuna rəis vəzifəsinə təyin edilib. "1978-ci ildə inşa edilən və o dövrdən bu günə kimi fəaliyyət göstərən Gəncə Vaqon Deposunda vəziyyət olduqca acınacaqlıdır.
Məlumatınız olsun ki, depo Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub. Mövcud olan hər iki inzibati binanın görkəmi dəyişib, fəaliyyətdə olan əsas sexlər təmir olunub. Bundan əlavə binanın həyətində yeni bağ salınıb. Binanın kommunikasiya xətləri yenilənərək vaqon deposunadək olan avtomobil yoluna asfalt örtük salınıb. Yəni dövlət tərəfindən Gəncə Vaqon Deposunun normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Buna baxmayaraq, deponun rəisi dövlət tərəfindən yaradılan bu şəraiti düzgün qiymətləndirə bilmir. Yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədi ilə deponun 5 texniki xidmət məntəqəsi fəaliyyət göstərir. Depoda həm respublikamıza, həm də xarici dövlətlərə məxsus vaqonlar təmir edilir. Burda aparılan təmir işlərinin keyfiyyəti isə çox aşağıdır. Vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir. Depo rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərək qanunları pozur. Belə olan halda nəzərdə tutulan təmir işləri keyfiyyətsiz şəkildə həyata keçirilir", deyə yazdığımız məqalədə qeyd olunurdu. Dünən isə qəzetimizin elektron poçtuna Gəncə Vaqon Deposunun rəisi Bəşir Əsədovla bağlı ilginc məlumatlar daxil olub. Adının anonim qalmasını xahiş edən şəxsin məlumatında deyilir ki, təxminən, 3-4 ay əvvəl depoya rəis təyin edilən Bəşir Əsədov burda ürəyi istədiyi kimi hərəkət edir: "Onun rəis vəzifəsinə keçməsindən sonra deponun işçiləri şənbə və bazar günləri də işə çağırılır. Halbuki, bu əmək qanunvericiliyinə tamamilə zidd məsələdir. İşçilər şənbə və bazar günləri işləsələr də, buna görə onlara əlavə əməkhaqqı ödənilmir. Buna etirazını bildirən işçilər isə işdən çıxarılmaqla hədələnir. Bəşir müəllimə yaxın olan bəzi şəxslər işçilərdən "şirinlik" alaraq onların maaşını artırır. Məsələn, əvvəllər hər kəs öz maaşını alırdı. Amma indi eyni işdə işləyən, yəni eyni işi görən işçilərdən biri 200, digəri 300-400 manat maaş alır. Bu isə işçilər arasında mübahisələrin yaranmasına gətirib çıxarır. Təəssüf ki, Bəşir Əsədov depoda mövcud olan problemləri aradan qaldıra bilmədi. Əksinə, onun gəlişindən sonra müəssisədə daha ciddi problemlər baş qaldırıb. Vaqonların təmiri üçün ayrılan vəsaitlər tamamilə başqa istiqamətlərə səmtləndirilir. Bəşir müəllim bu yaxınlarda depoya ayrılan vəsaitlər hesabına özünə 156 000 manatlıq ev alıb. Əgər vaqonların təmiri məqsədilə əvvəllər depoya az miqdarda vəsait ayrılırdısa, rəis dəyişəndən sonra rəqəmlərdə ciddi artım müşahidə edilməkdədir". Redaksiyamıza daxil olan məlumata görə, rəisin özbaşına hərəkətlər törətməsi və ayrılan vəsaitləri şəxsi işlərinə sərf etməsi heç də səbəbsiz deyil: "Belə ki, onun əsas himayədarı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Əlirza Süleymanovdur. Əlirza müəllimlə yaxın qohum olan Bəşir Əsədov məhz onun sayəsində bu sistemdə möhkəmlənməyi, eyni zamanda maliyyə imkanlarını yaxşılaşdırmağı bacarıb. Bəşir Əsədov Gəncə Vaon Deposuna rəis keçəndən sonra Əlirza Süleymanovun sayəsində müəssisəyə bir neçə dəfə külli miqdarda vəsaitin ayrılmasına nail olub". Qeyd edək ki, Əlirza Süleymanov 1958-ci ildə anadan olub. Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dəmir Yolunun Bakı Lokomotiv deposunda briqadir və sonra mühəndis vəzifəsində başlayıb. 1982-1985-ci illərdə Azərbaycan Dəmir Yolun Biləcəri Lokomotiv deposunda usta, briqadir və baş mühəndis, 1985-1988-ci illərdə Biləcəri Lokomotiv deposunun partiya komitəsi katibinin müavini, 1988-ci ildə Biləcəri Dəmiryol qovşağının partiya komitəsi katibinin müavini, 1988-1989-cu illərdə Azərbaycan Dəmir Yolun Bakı hissəsinin kadrlar şöbəsinin rəisi, 1989-1990-cı illərdə Bakı hissəsi rəisinin kadr və sosial məsələlər üzrə müavini və 1990-1991-ci illərdə Azərbaycan Dəmir Yolunun Bakı Vaqon deposunun rəisi vəzifələrində işləyib. 2010-cu ildən isə "Azərbaycan Dəmir yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Onu da bildirmək istəyirik ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri bir neçə gün əvvəl dəyişib. Yəqin ki, qurumun yeni rəhbəri hörmətli Cavid Qurbanov tezliklə QSC-yə tabe olan müəssisə və depolarda kadr islahatlarına start verib Bəşir Əsədov kimi rəisləri cəzalandıracaq.
Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik.
Gündəlik-Bakı