Aslan Aslanovun adı hallanan sui-qəsdlə bağlı yeni məqamlar
Tarix: 1-04-2015, 09:59 | Çap et
Aslan Aslanovun adı hallanan sui-qəsdlə bağlı yeni məqamlar
“Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun adı hallanan sui-qəsdlə bağlı yeni məqam ortaya çıxıb.

Martın 27-də polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilib. Mərhum polkovnikin yaxınlarının da qatıldığı və Bakı Aviasiya Universitetində baş tutan tədbirdə çox mübhəm bir fikir səsləndirilib: polkovnik iş başında olarkən sui-qəsd nəticəsində həlak olub. Lakin tədbirdə Cahangir Rüstəmova sui-qəsdi kimin və niyə təşkil etdiyi sualına aydınlıq gətirilməyib. Bir polkovnikə, düşmənə bir qarış torpaq verməyən batalyon komandirinə sui-qəsdin niyə araşdırılmaması sualı da havada qalıb.

Bu sual tədbir təşkilatçılarına niyə verilməyib, bəlli deyil.

Hər halda, ortada suallar və C.Rüstəmovun öldürülməsi ilə bağlı iddia var...

Yada salaq ki, “Yeni Müsavat”ın 10 mart tarixli sayında “İş adamı Aslan Aslanovun ”ölüm eskadronu" qurbanlarının adlarını açıqladı" sərlövhəli yazıda Şəmkir sakini Elpərəst Həsənli 6 ölüm işi haqda məlumat vermişdi. E.Həsənlinin dilə gətirdiyi ölümlər sırasında Gədəbəy batalyonunun komandiri Cahangir Rüstəmova sui-qəsd haqda məlumat da yer alırdı. E.Həsənli qeyd etmişdi ki, C.Rüstəmovun həyatına son qoyulandan sonra A.Aslanov onun oğlunu vəzifəyə qoydurub və onun qohumlarını sakitləşdirib. Sui-qəsdin araşdırılması kölgədə qalıb.

Həmin yazıdan sitat: “Cahangir sayılıb-seçilən komandirlərdən idi, Aslanovun onun işlərinə qarışmasına imkan vermirdi. Onun maşınını Nəbi vardı, onun əli ilə minaya saldılar. Cahangir öldü, sürücüsü sağ qaldı. Bu məsələni araşdıran müstəntiqi də güllələdilər. Cahangir Rüstəmovun oğlunu da aparıb Qazaxda Gömrük Keçid Məntəqəsində işə qoydu”.

Maraqlıdır ki, E.Həsənli bu iddianı dilə gətirəndən 17 gün sonra polkovnikin anım tədbiri düzənlənib. Və tədbir haqda Aslan Aslanov haradansa möcüzəli şəkildə xəbər tutub. Tədbir baş tutmazdan günlər əvvəl A.Aslanov polkovnikin yaxınlarına orada iştirak edəcəyini vəd edib və son anda vədini tutmayıb. Aslan Aslanov tədbirə gəlməyib. Bu tədbirin Aslanovun təşkilatçılığı ilə baş tutması haqda hər hansı məlumat yoxdur. Onun tədbirin keçiriləcəyi haqda xəbər alması isə çox maraqlı mətləblərdən xəbər verir...

E.Həsənli qəzetimizə əvvəlki açıqlamasında demişdi ki, Cahangir Rüstəmovla Aslan Aslanov xoş münasibətdə olmayıblar. Dünən o, redaksiyamızla əlaqə saxlayaraq mərhum polkovniklə Şəmkirin sabiq icra başçısı A.Aslanovu münasibətlərinin niyə kəskin olduğuna aydınlıq gətirib:

“Cahangir Rüstəmov mənimlə qardaş idi. Aslan Aslanov ona demişdi ki, batalyonunu dağlardan çək Gədəbəyə. Qəbiristanlıqda babalarının uyuduğunu demişdi və 1 metr də olsa batalyonu geri çəkməyəcəyini söyləmişdi. Aslan Aslanov da demişdi ki, sonra peşman olacaqsan, bu, Səfər Əbiyevin əmridir və sənə deməyi mənə tapşırıb. Cahangir Rüstəmov demişdi ki, sən kimsən ki, bunu mənə deyirsən, get təsərrüfatınla, rayonla məşğul ol. Aslan Aslanov da ona deyib ki, özün bil, gedirəm, 2 gün sonra gələcəyəm. Cahangir Rüstəmov da ona demişdi ki, gəlsən səni güllələyəcəyəm. Aslan Aslanov Cahangir Rüstəmova deyib ki, onda nazirlə danış. O da demişdi ki, nazirə lazım olsa mənimlə danışacaq”.

E.Həsənli deyir ki, C.Rüstəmova ölümündən xeyli əvvəl A.Aslanov tərəfindən öldürülə, zəhərlənə biləcəyi haqda xəbərdarlıq da edib: “Aradan bir qədər vaxt keçdi və onu minaya saldılar. İşi araşdırmağa gedən müstəntiqi də güllələdilər. Açılmadı, yazılmadı. Gədəbəyin 10-15 kəndini erməniyə vermək istəyirdilər, mane oldu, onun üstündə öldürdülər”.
Belə bir iddia ortada ikən C.Rüstəmova qarşı sui-qəsdin araşdırılmaması çox böyük suallar yaradır. Mərhum polkovnikin yaxınlarının susması isə daha böyük suallar doğurur.

Qeyd edək ki, C.Rüstəmov 1939-cu ildə Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirib. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirərək, ordu hissələrində müxtəlif vəzifələrdə işləyib. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə ordu sıralarından tərxis edilib. Buna baxmayaraq, Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə yollanıb, Şəmkir-Gədəbəy batalyonunu yaradıb. Bir neçə belə özünümüdafiə batalyonları birləşdirilən vaxt müdafiə naziri tərəfindən alay komandiri təyin edilib.

Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 kilometrlik sərhədin müdafiəsinə cavabdehlik daşıyıb. 1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən, C.Rüstəmov hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməyib. O, 11 ədəd “SU-24", ”MİQ-25", 3 ədəd “İL-26" təyyarələrini, 1 ədəd ”Mİ-8" vertolyotunu, aviatexnikanı, külli miqdarda hərbi sursatı müsadirə edib. Elə həmin il uğurlu Başkənd əməliyyatında iştirak edib. 1988-ci ildən Gədəbəyin, Şınıxın sərhəd kəndlərinin qorunması bilavasitə C.Rüstəmovun adı ilə bağlıdır. 1992-ci ildə Başkənd əməliyyatı uğurla başa çatdı. Elə bu döyüşdə də onun sərkərdəlik bacarığı, mahir hərbçi olmaq keyfiyyətləri aşkara çıxdı. Vətən torpaqlarının erməni quldurları tərəfindən işğalına yol verməyən polkovnik C.Rüstəmovun ömür yolu 1994-cü ilin mart ayında başa çatıb. İş başında olarkən sui-qəsd nəticəsində həlak olub. (musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net