AMAY-ın rəhbərinin məhkəməsində zərərçəkənlər ifadə veriblər
Tarix: 31-03-2015, 17:25 | Çap et
AMAY-ın rəhbərinin məhkəməsində zərərçəkənlər ifadə veriblər
Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə iş üzrə ilk zərərçəkən kimi tanınan Sahibkarlığa Kömək Fondunun nümayəndəsi, sektor müdiri Emin Nəzərovun nümayəndəsi iştirak edib: “O, ifadəsində bildirdi ki, 2006-2008-ci illər üzrə verilən kreditlər təyinatı üzrə istifadə edilməyib. Bu günə kimi “Birlikbank”ın fonda 3 milyon 986 min manat əsas borc, 923 min manat cərimə, 138 min manat faizi var.

Vəkillərin, eləcə də Abdulla Abdullayevin verdiyi bəzi suallara cavabda məlumatsız olduğunu bildirən fond nümayəndəsi növbəti prosesdə bəzi dəqiqləşdirmələr aparıb cavab verəcəyini dedi.

Prosesdə digər zərərçəkən kimi tanınan Orxan Cəfərov da dindirilib. Ötən proseslərdə iddia edirdi ki, nənəsi Minarə Quliyeva 2003-cü ildə torpaq sahəsi alıb. Torpağı aldıqdan bir müddət sonra “Xudafərin” MMC həmin ərazini zəbt edib. Məhkəmələr də onları haqlı sayıb. Nənəsi də 2011-ci ildə rəhmətə getdiyi üçün məhkəmələrdə onun hüquqi varisi kimi tanınıb.

Dindirilmədə Orxan Cəfərov həmin ərazidə yerləşən evdə köçüb yaşadığını və heç bir şikayətinin olmadığını deyib. Əlavə edib ki, istintaq orqanlarında dindirilərkən də heç bir şikayətinin olmadığını deyib.

Hətta notarial qaydada bunu təsdiq edən sənədləri də məhkəməyə təqdim edib. Növbəti proses aprelin 2-də davam edəcək”. Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net