Məmur özbaşınalığı xalqa baha başa gələcək
Tarix: 31-03-2015, 17:12 | Çap et
Məmur özbaşınalığı xalqa baha başa gələcək
Qəbul olunmuş qanunlara görə məhkəmənin qəti qərar və hökmü olmadan heç kimə cinayətkar, cani demək olmaz. Nə deyirəm? Amma, burada bir balaca əmma var. Vəzifəli, ya da adi bir Allah bəndəsi min haramzadəlik etsə də, məsuliyyətə cəlb edilib məhkəmə qarşısında durmayıbsa, lazımi hökm oxunmayıbsa, deməli o mələk kimi məxluqdur. Pak, tərtəmiz, ətəyində namaz qılmaq olar!

Külli-ixtiyar sahibi olanların işləri isə tamam başqa məsələdir. Məsələn, əgər birisi vəzifəyə gətiriləndə günahlarının pişəzvəxt bağışlanacağı barədə xüsusi təminat alırsa, onda camaatın vay halına.

Çox yəqin ki, Xətai rayonunda icra başçısı Razim Məmmədov və onun səhabələri (daha dəqiq desək, qohum-əqrəbası) məqaləmi oxuyanda istehza ilə gülüb deyəcəklər: "- Sənin kimi yazanlar, ora-bura şikayət namələri göndərənlərin sayı bilinmir! İndiyə qədər bizlərə nə ediblər ki, bundan sonra da eləsinlər. Biz bu rayona müvəqqəti örüş yeri kimi baxmışıq, bundan sonra da baxacağıq!"

... Mən isə bu mövzuya dönə-dönə qayıdacağam, ədalət zəfər çalana qədər inadımdan dönməyəcəyəm. Bütün varlığımla əminəm ki, kəsilən ağacların ahı pulgir haramzadaları tutacaq, hörmətli Prezident bu rayonda bir saatda dayanmayan yaşıl qətliamdan, xalqda iqtidara qarşı inamsızlıq, narazılıq oyadan karyeristlərin bəd əməllərindən hali olacaq.

Xətai rayonuna təkcə ekoloji yox, mənəvi, ideoloji fəlakət zonası desək, səhv etmərik. On ilə yaxındır ki, məhz bu rayonda Ulu Öndərin müqəddəs irsinə həyasızcasına divan tutulur. "Müqəddəs " sözünü işlədəndə mübaliğəyə yol vermirəm. Bu irs, tutaş meşələri xatırladan bağ-bağat, zeytunluqlar, göylərə baş çəkən on minlərlə şam ağacı, yaşayış massivlərinin arasındakı bağçalar, saysız - hesabsız bəzək kolları idi. Yeni Əhmədli cənnəti xatırladırdı, halva deyildi, otuz il ərzində daşlıq, qayalığın üzərində yaşıl möcüzə yaranmışdı.

On il olar ki, pulgir haramzadalar bu yaşıllıqları məhv edib, torpağı "dədələrinin malı kimi" sağa-sola satırlar, hətta səkiləri belə.

Xətai rayonunda o küçə yoxdur ki, orada yüzlərlə ağac kəsilib, boşalmış torpaq hərraca çıxarılmasın. Bəli, məhkəmənin hökmü, qərarı yoxsa, nəinki indiki insanları, hətta gələcəkdə də işıqlı dünyaya göz açanları təmiz havadan məhrum edən bişərəflərə mən, məsum imam övladı deməliyəm.

S.Ə.Şirvani küçəsindən Əhmədli metrosuna qədər uzanan ərazidə əfsanəvi ağaclıqdan əsər-əlamət qalmayıb. Sarayeva küçəsində baş verən yaşıl terrora sakit baxmaq olmur, yüzlərlə qollu-budaqlı şam ağacı mişarlanıb.

Biri deyir, burada "qazon" salacaqlar, digəri növbəti fəvvarənin quraşdırılmasından danışır.

Hər halda yaxşı fırıldaqdır, rayonun başqa yerlərində torpaqları, hətta səkiləri də sat, külli miqdarda sərvət topla, sonra da gözə kül üfürmək xatirinə bir market sahibinin puluna gözə gəlimli yerdə fəvvarə sahmanla . Neçə illərdir fəvvarə "texnologiyası" ilə yaşıl terrorun fəsadları ört-basdır edilir.

Şah İsmayıl Xətainin heykəlinin qoyulduğu yerdə də olan-qalan ağaclar kəsildi və... fəvvarələr sahmanlandı. Yenə də gözə kül üfürüldü. Axı hökumət kortejləri həmişə buradan keçir...

Mütəxəssislər Bakı mühitini yaxşı bilənlər dəfələrlə deyiblər ki, bizim şəhərdə min fəvvarə də işləsə, onlar ağacların yerini vermirlər. Abşeronda yerli mühitə müvafiq ağacların yetişdirilməsi daha məqsədəuyğundur.

Fəvvarənin kölgəsi olmur, o çox məhdud dairədə havanı sərinlədir, insanlara lazım olan oksigeni vermir. Birdə ki, dekorasiya rolunu oynayan fəvvarələr bir gün işləyir, on gün yox.

Bəs cinayət nə cür olur ?

Sovet hakimiyyəti dövründə yaşayış binalarının təməlinə toxunmaq heç kimin ağlına gəlməzdi. Tikililərə xüsusi icazə olmadan əl gəzdirənlərin başına itin oyununu gətirərdilər.

Razim Məmmədovun Xətaidə ağalıq elədiyi illərdə isə, elə bina qalmadı ki, onun təhlükəsizliyi sıfra endirilməsin. Zirzəmilərdə, birinci mərtəbədə kim nə istədi elədi... Dükanlar, emalatxanalar, massaj otaqları, saunalar, daha nələr-nələr. Sakinlər hara gəldi şikayət etdilər, yazdılar. Onu görürdün ki , Razim ağanın bir əlaltısı, Fövqəladə Hallar Nazirliyinin şıq geyinmiş məmuru zühur edirlər. Üzlərinə yalandan ciddi ifadə verən bu yoldaşlar ora baxıb, bura baxıb, sonra da buyururlar: "Razreşeniya var!" Vəssalam !

Nə qədər desən ki, a kişilər, bina kibrit qutusu kimi silkələnir, sabah Allah eləməsin, kiçik bir zəlzələ baş versə, insanlar qırılacaq... veclərinə də almırlar...

Mən isə dəfələrlə demişəm, Əhmədlidəki evlər bir himə bənddirlər, bir-iki ballıq zəlzələ misilsiz fəlakətlə nəticələnəcək. Binaların daşıyıcı konstruksiyalarının, dəmir-beton sütunlarının, ağırlığı saxlayan ara divarlarının, özüllərin dağıdılmasına icazə verənlər, ya da bu işlərə biganə qalanlar əsl düşməndirlər.

Mənə inanmayanlar seysmoloqlara, tanınmış inşaatçılara müraciət edib, əsl həqiqəti öyrənə bilərlər. İnsanların həyatını təhlükə qarşısına qoyub ciblərini dolduran haramzadaların nə vecinə, hərəsinin neçə yerdə ev-eşiyi, bağı, villası var.

Ən dəhşətlisi budur ki, cinayətin göz qarşısında baş verdiyini bilə-bilə əlaqədar qurumlar susurlar. Doğrudanmı, bunların da rəhbərlərinin ağızlarını pulla yumublar?

Yaşadığım böyük binanın ( Yeni Əhmədli, Qaçaq Nəbi küçəsi ev ¹ 5 ) bütün birinci mərtəbəsi zəbt olunub, zirzəmisində (!!) sauna da işləyir, bütün daşıyıcı dayaqlar da yox edilib... Bina əsim-əsim əsir... Xətai rayonunda bu günə düşmüş binaların sayı-hesabı yoxdur.

Burada şəhidin ruhu da təhqir olunur

Qaçaq Nəbi küçəsindəki 7-ci evin arxasında gözəl bir bağ vardı. Hələ neçə il bundan əvvəl onun qəsdən plana uyğun tərzdə məhv edilməsini görəndə həyəcan təbili çaldıq, məqalələr yazıldı, ANS çəkiliş apardı... Səylərimiz boşa çıxdı... Razim Məmmədovun xeyr-duası ilə bağın bir hissəsi getdi güdaza, böyük bir bina tikildi... Hamı bilir ki, Xətai rayonunda icra başçısının izni olmadan daş-daş üstə qoyulmur...

İndi də olan-qalan ağaclar vəhşicəsinə kəsilib, məhv edilir. Görünür, bağın qalan hissəsi də hansısa oliqarxa satılıb... Bütün bunlara bir təhər dözmək olardı, amma tarımar edilən bağın düz ortasında zir-zibil içində eybəcər bir qalaq var. Bu guya xatirə abidəsidir, qara daşın üzərinə qoyulmuş sözlərdən öyrənirik ki, bu "sənət əsəri" 1994-cü ildə cəbhədə şəhid olmuş Məmmədov Şahin Səməd oğluna həsr olunub. Səkkiz il ərzində yaşıllıqların məhvi barədə məqalə yazanda hər dəfə şəhidin ruhuna hörmətsizliyi xüsusi vurğulamışam...

Üç il bundan əvvəl isə, "Ulu Öndərin irsini canla-başla qoruyan" bizim Razim Məmmədova belə sual vermişdim: - Ruhu təhqir edilən bu şəhid sizin yaxın qohumunuz olsaydı, bu rəzaləti ona rəva görərdinizmi?

Cavab gəlmədi...

Başqa bir şəhidin, Məzahir Rüstəmovun adını daşıyan küçədə ağacların məhv edilməsi barədə hamı məlumatlıdır... Yaşıl terror indi də davam edir... Qeyri ixtiyari olaraq sual yaranır, Xətai rayonunda şəhid ruhunun həqarətə məruz qalması təsadüfi sayıla bilərmi?

.... Hacıbala müəllimin Allah canını sağ eləsin... Kişi kimi sözünün üstündə durdu...

Mən də vaxtilə düşünürdüm ki, bundan sonra heç bir mer rəhmətlik Əliş Ləmbəranskinin yerini tuta bilməz. Hacıbala müəllim qolunu çırmalayıb işə başlayanda bəzilərimiz hissiyata qapılıb, onun əməllərinə ağız büzdük. Çox çəkmədi ki, kloakaya dönmüş meydanlardan, bağlardan şəhərin görkəmini korlayan yüzlərlə budka, çadır yığışdırıldı.

"Sizə deyirəm, on ildən sonra şəhəri tanımayacaqsınız!" - bu Hacıbala müəllimin bəzi tənqidçilərə cavabı idi. Bakımız doğrudan da tanınmazdır, o əcnəbi yoxdur ki, şəhərimizin fantastik axşam mənzərəsinə, təmiz küçələrinə, Dənizkənarı parkına, əzəmətinə heyran qalmasın.

İçəri şəhərin yenidən qurulması, abidələrin bərpa edilməsi işində qüsurlar olsa da, hörmətli Prezidentin klassizm üslubunda inşa edilmiş evlərin təmir və bərpa işlərini şəxsi nəzarətinə alması öz gözəl bəhrəsini verib. Şəhər göz oxşayır...

Yeni Əhmədlidə bizim məhəllələrdə gündə sel kimi axıdılan qanlara, səkilərə tökülmüş mal-qara içalatına, qənarələrdən asılmış şaqqalanmış heyvan cəmdəklərinə baxanda elə bil vəhşi yamyamların düşərgəsindəsən.

Bizim məhəllədə radiusu heç iki yüz metr olmayan bir sahədə səkkiz yerdə qəssabxana işləyir. Küçədən keçən, dərsə gedən psixikası hələ formalaşmamış balaca uşaqların gözü qarşısında qan tökülür. Cah-cəllalı şəhər hara, belə barbarlıq hara... Bu barbarlıq Xətai rayonunun çox məhəlləsində baş verir.

Sovet hakimiyyəti illərində tanınmış ictimai xadim Semaşko gözəl bir söz demişdi: "Sanitariya mədəniyyəti olmayan yerdə heç bir mədəniyyətdən söhbət gedə bilməz!"

Razim Məmmədovun vəsfəgəlməz "fədakarlığı" nəticəsində Xətai rayonunda mədəniyyət deyilən nəsnənin üzərindən bir qara xətt çəkilib.

Masaj salonları adı altında əsl fahişəxanalar işləyir, olan-qalan yaşıllıq məhv edilir, küçələrdə mal-qara qanı sel kimi axıdılır, yaşayış binalarının seysmik təhlükəsizliyi heçə endirilib, camaatın şikayətinə də baxan yoxdur. Mədəniyyət, hər dəfə iş bərkə düşəndə toyxana "vokalistlərini" çağırıb fonoqramlı konsertlər təşkil etmək, atəşfəşanlıq düzəltmək deyil.

Ən dəhşətlisi, millətin inamının qırılmasıdır. Özü də nə vaxt! Bəzilərinin gözlərini pul elə kor edib ki, onlar Vətənimizin səmasındakı qara buludları görmürlər. İndi deyəcəyim sözlərdən kim hansı nəticəni çıxaracaqsa özü bilər.

Azərbaycanı bu dəqiqənin özündə xarici müdaxilədən, xaosdan, neçə istiqamətdən gözlənilənhücumlardan hörmətli Prezidentin zərgər dəqiqliyi ilə yürütdüyü xarici siyasət xilas edir, qoruyur. Məcburən bir müddət bundan əvvəl yazdıqlarıma birdə qayıdıram.

23 ildir ki, müstəqilik! Keçən əsrin əvvəllərində Vətən, istiqlaliyyət uğrunda özlərini qurban vermiş namdar şəxslər millətin nücəbası idi, savadlarına, ensiklopedik biliklərinə söz ola bilməzdi. Amma, belə nadir şəxslər cümhuriyyəti qoruya bilmədilər. (Onları heç kim qınamır!)

23 il! Bütün naqisliklərə , rüşvətxor məmurların azğınlığına, çörəyi dizi üstə olan namərdlərin, səlib-mason dünyasından lakey-muzdu olanların təxribatlarına baxmayaraq, məmləkət gündən-günə güclənir, dövlət strukturları işləyir, silahlı qüvvələrimiz, təhlükəsizlik orqanları vəzifələrinin öhdəsindən gəlirlər.

Belə əsnada camaatın iqtidara, hörmətli Prezidentə inamını qırmaq əsl xəyanətdir. Hələlik isə, sakinlərdən bu sözləri eşidirik: "Razim ağa çox arxayındır, səkkiz il ərzində əlindən gələni beş qaba çəkdi!", " Dərd ondadır ki, bu adam bütün iqtidarı hörmətdən salır!", "Niyə bu qədər siqnallara reaksiya verən yoxdur?" "Şəxsən mən daha heç kimə, heç nəyə inanmıram ! " Görün nə günlərə qalmışıq, adi bir icra başçısı həm Heydər Əliyev kimi nəhəng siyasi xadimin irsinə qənim kəsilir, həm də indiki hörmətli Prezidentin xəbərdarlıqlarına məhəl qoymur! "Bir nəfər deyə bilərmi ki, o, Razim Məmmədovun məmurları vətəndaşlarla adam kimi görüşüb müşkülünü həll edib ?!" "Deputatımız da ona yaraşır, min ağac kəsilsə ,evlər bərbad olsa da səsini çıxarmır! "...

.. Hələlik isə yaşıl terror davam edir. Razim ağanın səhabələri isə şayiə yayırlar ki, yaxşı işlədiyinə görə onun vəzifəsini böyüdüb, Sumqayıt kimi şəhəri ixtiyarına verəcəklər. Oranı da abıra salsın.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net