Ramiz Yediyarovun Novruz biabırçılığı
Tarix: 31-03-2015, 14:46 | Çap et
Ramiz Yediyarovun Novruz biabırçılığı
Gədəbəydən aldığımız yeni məlumatlarda rayonun icra başçısı Ramiz Yediyarovun Novruz bayramı münasibətilə təşkil etdiyi “təntənəli” bayram şənlikləri barədə son dərəcə maraqlı açıqlamalar təqdim olunub. Mənbəmiz bildirir ki, icra başçısı bu bayramda gədəbəyliləri sevindirmək məqsədilə səxavət kisəsinin ağzını açıb. Və əlbəttə ki, bu görünməmiş “xeyriyyəçilik” aksiyasını tarixə salmaq məqsədilə tədbirə televiziya çəkiliş qrupu da dəvət olunmuşdu. Bəli, millət yığılır şəhərin mərkəzi meydanına, bir tərəfdə heyvanlar kəsilir, o biri tərəfdə üzərinə min-bir naz-nemət düzülmüş süfrələr açılır. Şənlik başlanır, nə başlanır... Artıq gədəbəylilər düşünürlər ki, yəqin Ramız Yediyarov uzun illərdən bəri rayon camaatına etdiyi zülmün acısını millətə unutdurmaq, Novruz ənənələrinə uyğun olaraq yarli sakinlərlə barışmaq niyyətindədir. Televiziya kameraları da bütün bu cah-cəlalı anbaan qeydə alırlar. Amma bütün bu bayram əhval-ruhiyyəsi, sən demə məhz elə kameralar üçün təşkil olunubmuş. Elə ki, çəkiliş başa çatır, televiziyaçılar kameraları söndürüb avadanlıqlarını toplayırlar, rayon icra hakimiyyətinin əməkdaşları da kəsilmiş heyvanların ətini də, bütün qalan naz-nemətləri də yığışdırıb maşınlara yükləyirlər. Bayrama gələn camaat da qalır mat-məəttəl...Əslində bütün bu olanlarda elə də təəccüblənəsi bir hal da yoxdur. Çünki Ramiz Yediyarovun Gədəbəyin idarə olunmasında illərdən bəri nümayiş etdirdiyi prinsipsizlik, ədalətsizlik və qeyri neqativ xüsusiyyətlər bu məmurdan istənilən bir rüsvayçı əməli artıq çoxdan gözlənilən edib. Həm də nəinki ayrılıqda götürülmüş hansısa bir əməl, ümumilikdə rayonun idarə olunması, müxtəlif müəssisə və təşkilatların işi, bu qurumlara rəhbərlik edən Yediyarovçuların şəxsi həyatları belə rayon camaatının heysiyyatına toxunacaq ən çirkin, biabırçı məqamlarla son dərəcə zəngindir.Məsələn, götürək elə 1 saylı orta məktəbi. Direktorun işi-peşəsi yalnız ayrılan büdcə vəsaitlərini saxta sənədləşdirmələr vasitəsilə “silib” mənimsəmək və Ramiz Yediyarovun “haqqını” hər ay vaxtlı-vaxtında çatdırmaqdır. Bu təhsil müəssisəsində mütəmadi olaraq həyata keçirilən müxtəlif pul yığımları və digər korrupsiya halları dərslərə davamiyyətin və tədrisin səviyyəsinin ən aşağı həddə düşməsinə səbəb olub. Digər tərəfdən də 1 saylı orta məktəbin direktoru Sevda Musayeva bir məmurla şəxsi münasibətləri artıq uzun müddətdir ki, xoşagəlməz söz-söhbətlərə yol açmaqdadır. Hələ bu azmış kimi, indi də Ramiz Yediyarovun müavini Qüdrət Paşayevlə həmin məmur arasında münasibətlər gərginləşməkdədir. Mənbələrin iddiasına görə bu gərginliyin də səbəbkarı məhz Sevda Musayevadır. İcra başçısı isə hələ də öz oyunlarını oynamaqdadır. Həm də biz oyun dedikdə sadəcə başçının Gədəbəy camaatının başına açdığı oyunları nəzərdə tutmuruq. Mənbələr bildirirlər ki, Ramiz Yediyarov mobil telefona yazılmış oyunların da böyük həvəskarıdır. Buna görə də başçının şəhərin küçələri ilə hərəkət edən avtomobilini müşahidə edən sakinlər, onu hər zaman başını aşağı salaraq öz telefonu ilə məşğul olan vəziyyətdə görürlər. Elə buna görə də sakinlərin gözlərinin içinə baxmağa üzü belə olmayan başçı, şəhərin bərbad vəziyyətini də görə bilmir. Bəzi mənbələr isə bununla bağlı hətta icra başçısının psixi durumunun da normal olmasını şübhə altına alırlar. Axı necə ola bilər ki, rayonun icra hakimiyyətinin rəhbəri ulu öndər Heydər Əliyevin adını daşıyan parkın ərazisinin böyük bir hissəsində kafe, çayxana və digər kommersiya obyektləri açmaqla, buranı da öz şəxsi gəlir mənbəyinə çevirsin? Amma Ramiz Yediyarov bu addımı da atmaqdan çəkinməyib. Görünür Gədəbəyin talanan büdcəsi, sahibkarların zorla əllərindən alınan var-dövlətləri, idarə və müəssisələrdən yığılan aylıq pullar da bu məmurun nəfsini təmin etməyə yetmir. Sadə gədəbəylilər isə hələ də bütün bu özbaşınalıqlara nə zaman son qoyulacağını gözləyirlər...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net