“Burada yaponlar da qazıntı aparır, ruslar, özbəklər də”
Tarix: 31-03-2015, 14:23 |
Çap et
Lent.az-ın əməkdaşı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri - Göytəpədən yazır
Tovuz rayonu ərazisində tapılmış dünyanın ən qədim yaşayış məskənlərindən sayılan Göytəpədəyik. Göytəpə arxeoloji abidələri ərazinin qədim şəhər mədəniyyətinə malik olduğunu sübut edir. Tovuz Sosial İqtisad Kollecinin tarix müəllimi İmran Məmmədov və “Tovuz” qəzetinin baş redaktoru Çingiz Qəribli də bizimlədi.
Fotolardan göründüyü kimi yağmurlu hava şəraitinə görə abidələrin üzərinə örtük çəkilmişdi. Lakin qar-yağışdan təhlükəsi olmayan eksponatlara - əcdadların yadigarı olan daş əmək alətlərinə toxunmaq xoşbəxtliyi mənə də qismət oldu. Oturub ibtidai daş alətlərindən birini hərəkətə gətirdim. Üst daşı oval şəkilli alt daşa sürtdükcə neçə minillər əvvəl burada yaşayan əcdadlarımızın səslərini eşidirdim sanki.
İmran müəllimə ilk sualım da kirkirənin əcdadı olan bu daş alətlər haqda oldu.
- İmran müəllim, əcdadlarımız bu alətdən dənli bitkiləri üyütmək üçün istifadə edirmiş, eləmi?
- Düz buyurursunuz, bu daş alətlər kirkirənin kəşfindən öncəki dövrün nişanələridir.
- Sizcə, qədim insanlar niyə məhz burada məskən salırdılar?
- Bu sual geniş tarixi izah istədiyinə görə, bir az uzaqdan başlamalı olacam. Tovuz rayonu coğrafi ərazi olaraq Qafqaz sıra dağlarının cənubunda, Kiçik Qafqazın ətəyində yerləşir. Azərbaycanın ən qədim süxurlarından biri “Əsrikçay” hövzəsi, Paleozoy erasına aid olub, 400-450 min illik tarixə malikdir.
Bu ərazilər sönmüş vulkanlardan sonra yaranan effuziv süxurlar, bulaqlar və faydalı qazıntılar - allunit, dəmir filizi, qızılla zəngin olduğundan insan yaşayışı üçün də əlverişli olmuşdur. Burdakı münbit torpaq, mülayim iqlim şəraiti, zəngin flora və fauna insanların qida və yaşayış tələbatını rahat təmin edirdi. Buna görə də qədim sakinlər təbiətə müqavimət göstərmədən oturaq həyata keçərək mədəni yaşayış məskənləri salmağa başlamışlar.
- Bəs, aşkar edilən bu Göytəpə şəhərinin yaşı necə müəyyən edildi?
- Öncə deyim ki, Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda Neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq yerüstü materiallar toplayıblar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, ərazinin 8 min illik şəhər mədəniyyəti tarixi var. Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsindən, proto-şəhərdən xəbər verir. Yəni belə abidələr insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.
- Elə dünyəvi əhəmiyyətinə görədir ki, ölkə prezidenti də bu qədim insan məskəninə biganə qalmadı.
- Bəli, bildiyiniz kimi, 2012-ci ilin aprelində dövlət başçısı İlham Əliyev Göytəpə abidələrini ziyarət edib. Kompleksdə aşkarlanan qədim tikillilərin bərpası və mühafizəsi, aparılan elmi tədqiqatların davam etdirilməsi məqsədilə 2012-ci il aprelin 18-də Tovuzda Göytəpə Arxeoloji Kompleksinin yaradılması barədə sərəncam verib.
- Bəs, Göytəpə abidələri ilə başqa hansı xarici ölkələrin tədqiqatçıları maraqlanır?
- Abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin marağına səbəb olub. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə arxeoloji qazıntılar aparılır. Göytəpə qədim yaşayış məskəninin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən “Britaniya Muzeyi”ndə, həmin ildə Parisdə “Kollec-de-Frans” təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı keçirilib. Ötən ilin avqust ayında Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq “Cənubi Qafqazın qədim mədəniyyətləri” mövzusunda beynəlxalq layihə çərçivəsində MDB-nin gənc mütəxəssislərindən ibarət “Gənc arxeoloqların yay məktəbi” tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilib.
Düşünürəm ki, Neolit dövrü insanlarının həyat tərzi, həmin dövrə aid sənət və memarlıq abidələrinin öyrənilməsi baxımından bu qədim yaşayış məskəni uzun müddət dünya arxeologiyasının diqqət mərkəzində olacaq.
- Bəs “Tovuz” toponimi ilə bağlı nə deyə bilərsiniz, sizcə, “Tovuz” adı haradan qaynaqlanır?
- “Tovuz” sözü müxtəlif mənbələrdən olan dəlillərə söykənir. Bir ehtimala görə “Tau Ok Uz” qədim türkcədə (huncada) “dağ tayfalarıyıq” anlamını, digəri “Tau Ust” – “Dağ üzərində qala” mənasını verir. Yəni, “Taus” qədim türkcədə “qala-istehkam” mənasında işlənib. Düşmən hücumlarını dəf etmək üçün tikilmiş qala - “Taus”un qalıqları bu günə kimi də qalmaqdadır. Akademik Sumbatzadəyə görə, “Taus” qalası miladın 3-4-cü əsrində buraya gəlmiş Atillanın başçılığı ilə qərb hunları tərəfindən tikilmiş, ətrafında şəhər salınmışdır.
I Şah Abbasın dövründə şəhər yandırıldığından, həmin ərazi “Yanıqlı” adlandırılmışdır.
Yəni, “Tovuz” adının mənşəyi ilə bağlı əsas versiyalar bunlardı, əlbəttə, başqa mübahisəli fikirlər də var.