Mircəfər və onun ermənilərlə vuruşan gizli dəstəsi - Fakt
Tarix: 31-03-2015, 11:11 |
Çap et
2002- 2003 cü illərdə Siyasi Partiyalar və İctimai Hərəkatlar dövlət arxivində (o dövr adı bu cür idi – A.M.) M.C.Bağırovun şəxsi işiylə tanış olduqda onun 1923-cü il yanvarın 29-da yazdığı tərcümeyi-halının mətni ilə rastlaşdım.
Tərcümeyi-halın 31 mart hadisələri ilə bağlı hissəsini təqdim edirəm.
Bağırov 1917-ci ilin mart ayından Əlib bəy Zizikski ilə əlaqəyə girərək Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün silahlı qüvvələr formalaşdırır. Bizə təqdim olunan tərcümeyi-halda isə bu dövrdə Bağırovun “Uçaqan” dəstə yaratdığı göstərilir. Guya M.C.Bağırov Ə.Zizinskinin dağıtdığı rus və yəhudi kəndlərinin gənclə¬rindən ibarət “Uçaqan” dəstəsi yaradır və bu gənclərin əksəriyyəti isə rus-alman cəbhə xəttindən fevral inqilabından sonra geri qayıdan əsgərlərdən ibarət olur.
Tərcümeyi-halda M.C.Bağırovun dili ilə guya deyilir ki, “Uçaqan” dəstəsinin üzvləri Quba bəyləri tərəfindən evləri dağıdılmış yəhudi, rus və keçmişi cinayətkar olmuş müsəlmanlardan təşkil olunmuşdu. Özünüz fikir verin, kim belə sadəlöhv ola bilər ki, cinayətkarlardan cəmlənmiş bir dəstəyə rəhbərlik etdiyini tərcümeyi-halında qeyd etsin.
Sözsüz ki, bu, absurddur! Düzdür, tərcümeyi-halda göstərilir ki, bu dəstə bəylərə, mülkədarlara qarşı mübarizə aparırdı. Ancaq 1956-cü idə Bağırov məhkəməsi zamanı qeyd edir ki, mənim rəhbərlik etdiyim silahlı dəstə mövcud olmuşdur və bu dəstə soyğunçuluqla məşğul olmayıb və hətta bəylərə qarşı da vuruşmamışdır (“M.C.Bağırovun məhkəməsi” kitabından). Əslində isə 1918-ci ilin Bakıdakı mart hadisələri zamanı erməni Hamazapsın Azərbaycanın şimalına doğru hərəkət edən dəstələrindən yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qüvvələrinə Ə.Zizikski rəhbərlik edirdi. M.C.Bağırovda bu dəstədə Əli bəyin ən sevimli əsgəri idi.
Tərcümeyi-halda qeyd olunur ki, M.C.Bağırov satqınçılıq nəticəsində Ə.Zizikskinin əlinə keçir və Əbu-Səttar adlı bir şəxsin vasitəsilə əsirlikdən qaçır. Əslində isə M.C.Bağırovun da daxil olduğu mülkədar Əlibəy Zizinskinin başçılıq etdiyi silahlı dəstə 1918-ci ildə Milli Hökumət qurulana qədər Daşnaksutyun liderlərindən olan Hamazapsın müsəlmanlara qarşı törətdiyi soyqırımın qarşısını almaqda böyük rol oynamışdır.
Artıq mart ayından Əlibəy Zizikski daşnakların Şamaxıda törətdiyi qırğının qarşısını almaq üçün silahlı dəstəsini Şamaxıya istiqamətləndirir. Qubada isə xırda bir dəstə ilə M.C.Bağırov qalır. Bax elə bu zamandan M.C.Bağırovun bolşeviklərlə açıq əlaqəsi başlayır. Ola bilsin ki, bu addım düşünülmüş şəkildə Əlibəylə razılaşdırılaraq atılmışdı. Belə ki, o, Qırmızı qvardiyanın Bakıdakı nümayəndəsi Georgi Stura ilə əlaqəyə girərək Quba qəzasında onlara qarşı çıxacaq qüvvə olmadığını və hakimiyyətin M.C.Bağırovun timsalında bolşeviklərə meylli şəxslərin əlində olduğunu bildirir. Bu addımla M.C.Bağırov Qırmızı qvardiyanı Qubaya dəvət etməklə Şamaxıdan Qubaya istiqamət almış Hamazapsın dəstəsinin törədə biləcəyi qırğınların qarşısını almaq istəyirdi. Bununla da bolşeviklərin Hamazapsla birləşmələrinin qarşısı alınır.
Bu danışıqlardan sonra Qubada İnqilabi Komissarlığın rəhbəri Gelovani təyin edilir. Gelovaninin gəlişindən bir müddət sonra 1 may 1918-ci ildə Bakıdan Notovas Oqanesovun başçılığı ilə silahlı drujina Qubaya gəlir. Bu ərəfələrdə isə Əlibəy Zizinski və Hacınskinin silahlı qüvvələri Şamaxıdan geri çəkilərək Dərbənddə bir müddət qalaraq qüvvə toplayır. Mayın üçündə onların silahlı dəstələri Qubaya doğru hərəkət edirlər. Komissarların Petrovskdən (Həştərxandan) köməyə çağırdıqları silahlı dəstələr üç günlük döyüşlərdən sonra məğlub olaraq Qubanı tərk edirlər. Çox güman ki, düşmənin planlarından və mövqeyindən xəbərdar olmaq üçün Əlibəy Mir Cəfərə Qubanı qırmızı dəstələrlə bir yerdə tərk etməyi tapşırır. Çıxan dəstələr Dərbəndə tərəf istiqamətlənir və bu zaman onlar Şimali Qafqazdan qayıdan qırmızı komissar Naniyşvilinin eşalonu ilə qarşılaşırlar və qırmızı silahlı qüvvələr belə qərara gəlirlər ki, Bakıya hərəkət edib qüvvələri səfərbərliyə alaraq yenidən Qubaya hücum etsinlər. Lakin qırmızı silahlı qüvvələr Bakıya qayıdarkən Dəvəçidə milli qüvvələr tərəfindən gülləbarana məruz qalırlar. Bu vaxt Hamazapsın başçılığı ilə Bakı tərəfdən gələn 4 eşalon silahlı daşnak dəstəsi Dəvəçidə Naniyaşvilinin qüvvələri ilə birləşirlər.
Hamazaps Şaumyanın göstərişi ilə Qubaya hərəkət etdiyini bildirir. Bu vaxt M.C.Bağırov Naniyaşvili tərəfindən bolşeviklərin Hamazapsın silahlı qüvvələrində nümayəndəsi təyin olunur. Bütün bunlara baxmayaraq, M.C.Bağırov Hamazapsı yaxşı tanıdığına görə bolşeviklərin bu dəstədə nümayəndəsi olmaq istəmir. Yaxşı ki, Sovet hökuməti qurulduqdan sonra daşnaklara münasibət mənfi olub. Bu cəhətdən tərcümeyi-halı saxtalaşdıran Moskva emissarları Bağırov həyatının bu hissəsini olduğu kimi saxlayıblar. Onu da nəzərə almaq lazımdır ki, Lenin 29 iyul 1918-ci ildə S.Q.Şaumyana göndərdiyi teleqrama qədər daşnaklarla bolşeviklər siyasi hakimiyyət mübarizəsində çox halarda eyni mövqedən çıxış edirdilər. (Haşiyə: 1923-ci ildə Bakıda Ə.Qarayevin “Yaxın keçmiş Azərbaycan kommunist partiyasının tarixinə aid materiallar” adı altında kitabı nəşr olunur. Kitabdakı hadisələrin təsvirinə diqqət edək: “1904-cü ilin sonlarında Alyoşa Çaparidzenin rəhbərliyi altında Bakıda müsəlman Hümmət təşkilatı yarandı». Hümmət təşkilatı RSDP-nın Bakı seksiyasının təşkilatı kimi fəaliyyətə başlayır, amma taktiki məqsədlər üçün Hümmət təşkilatı bəzən özünü müstəqil təqdim edirdi. Belə ki, Hümmət təşkilatı sosialist təşkilatları olan “Qnçak” və “Daşnaksutyun”la eyni blokdan çıxış etdikdə müstəqil görünməyə məcbur idi. 1924-cü ildə Ə. Qarayevin “Azərbaycanda Oktyabr inqilabı və Bakı bolşevik təşkilatı haqqında materiallar” adı altında yeni kitabı Bakıda nəşr olundu. Bu kitabda Ə.Qarayev yazır: “1918-ci ilin yayında ingilislər Bakını işğal etdikdə Hümmət təşkilatı fəaliyyətini gizli davam etdirməyə məcbur oldu. Yalnız 1919-cu ildə Hümmət açıq fəaliyyətə başlayaraq fəhlə və kəndlilər arasında öz təbliğatını davam etdirirdi. 1919-cu ilin yayında Hümmət təşkilatında parçalanma baş verdi. Parçalanma nəticəsində az menşevik tərəf bu təşkilatı tərk etdi. 1920-ci ildə Hümmət təşkilatı və İran kommunistlərinin cəmləşdiyi Ədalət RKP(b) partiyası ilə birləşərək həmin ilin 12 fevralında Azərbaycan Kommunist Partiyasının gizli şəkildə I qrultayını keçirdi». Bunları qeyd etməkdə məqsədim odur ki, Bağırovun tərcümeyi-halının sonradan oxuyacağımız hissələrində o özünün Hümmət təşkilatı ilə əlaqəli olduğu barədə dolayası yolla məlumat verməsini görəcəyik.
Sonradan, 1938-ci ildə Bağırov məhz hümmətçi olduğuna görə həbs olunmaq təhlükəsini də yaşayır. Bağırov Hamazapsın törətdiyi vəhşiliklərin və müsəlman xalqına qarşı törədilən genosidi öz tərcümeyi-halının yuxarıda qeyd etdiyim səbəblərdən saxtalaşdırılmamış hissəsində geniş təsvirini verir. Hətta bu vəhşiliklər zamanı o, əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və yeznələri Hacı Heybətin daşnaklar tərəfindən qətlə yetirilməsini qələmə alır. Bu vəhşiliklərə dözə bilməyən Mir Cəfər erməni quldur dəstəsinin soyğunçuluğu və qatilliyi barədə Bakıya teleqram göndərir. Dörd gündən sonra Alyoşa Caparidzenin səlahiyyətli nümayəndəsi Leon Qauberidzə Qubaya gəlir. Burada o, Mir Cəfəri təxribatda günahlandıraraq həbs etdirir. Qubanın inqilab komissarı yoldaş Çurayev təyin edilir. Nəzarət altında olan Mir Cəfər yenidən Stepan Şaumyanın adına məktub yazır. Bu məktubun da xeyri olmur. (Sanki burada M.C.Bağırov Quba qəzasında türklərə qarşı aparılan soyqırımda Şaumyanın özündən şübhələnməyə başlayır). 1938-ci ildə “Krasnıy arxiv” jurnalının 4-5-ci saylarında 1918-ci il 29 iyulda V.İ.Leninin S.Q.Şaumyana teleqram çap olunur. Teleqram aşağıdakı formadadır:
Ленин Написанное 29 июля 1918 г. ТЕЛЕГРАММА С.Г.ШАУМЯНУ Астрахан Для Шаумяна в Баку Всякие действия дашнаков против решения V съезда Советов и центральной Советской власти будут рассматриваться как восстание и как измена. Насчет посылки войск примем меры, но обещать наверное не можем. (Впервые напечатанное в 1938 г, в ъурнале печатается по рукописи «Красный Архив» № 4-5)
Göndərilən teleqramı təhlil etdikdə başa düşmək olur ki, Azərbaycan bolşevikləri Şaumyan haqqında və onun daşnaklara mənəvi liderlik etməsini təsdiq edən əsaslarla Lenin qarşısında dəfələrlə çıxış etmişlər. Görünür ki, Leninin bu teleqramının sərt məzmunda olması Şaumyanı daşnaklarla siyasi-mənəvi birliyindən çəkindirmək məqsədi daşımışdır. M.C.Bağırovun həbsdə qalmağı o vaxta qədər davam edir ki, Əlibəy Zizinski Həmidulla Əfəndinin silahlı dəstələri ilə birlikdə Qubanı azad edir. Onlar M.C.Bağırovu həbsdən buraxırlar və onu yenidən kəşfiyyat üçün Bakıya bolşeviklərin dəstəsinə göndərirlər. Lakin M.C.Bağırov sonralar tərcümeyi-halında bu hadisəni bolşevik mənafeyinə uyğun təsvir edirdi. “Bakıdan gəlmiş qırmızı qvardiyanın instruktorları R.Rubiridze və Kavtoridze Alyoşa Qusarda yerləşən Ə.Zizinski ilə danışıqlar apararaq Qubanı tərk etmək barədə razılığa gəlirlər. Qubaya yeni təyin olunmuş komissar Qoberidze bu vaxt Bakıda idi. Həbsdə oturan zaman mən bu danışıqlardan xəbərdar olduğum üçün Ə.Zizinskinin və Həmidulla Əfəndinin əlinə düşməmək üçün Qoberidzenin icazəsi olmadan Qubada həbsdən qaçaraq Bakıya gəlirəm”.
Bakıya gələn Mir Cəfər bolşeviklərlə məsləhətləşmələrdən sonra yol. Petrovun dəstəsinə yazılır. Mayın 28-də Gəncədə Azərbaycan Demokratik Respublikası yaranır. ADR yarandıqdan sonra Ə.Zizinski Bağırovu özünə köməkçi götürmək üçün Müsavat hökumətinin Daxili İşlər nazirinə məktub göndərir, ancaq sonradan onun kəşfiyyatda qalmağı daha vacib sayılır. Mir Cəfər Petrovun dəstəsi ilə Bakını tərk edərək Həştərxana gəlir. O, burada Rusiya kommunist bolşeviklər partiyasına qəbul olur.