Ağasəlim Mircavadov: Çingiz Abdullayevin əsərlərini sevə-sevə oxuyuram
Tarix: 30-03-2015, 17:06 |
Çap et
“Neftçi”nin yeni prezidenti Çingiz Abdullayev təyin edilib? Bu, necə baş verib? Açığı, xəbərim yox idi, sizdən eşitdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
“Neftçi” klubundakı prezident dəyişikliyi haqda danışan Mircavadov klubun başına yazıçı Çingiz Abdullayevin keçməsi haqda yayılan xəbəri sürprizlə qarşılayıb. Təcrübəli mütəxəssis Abdullayevin romanlarının vurğunu olduğunu bildirib: “Mən onu güclü yazıçı kimi tanıyıram. Kitabları çoxdu. Abdullayevə böyük hörmətim var. Əsərlərini sevə-sevə oxuyuram. Çingiz müəllimlə dostluq münasibətim yoxdu. Sadəcə, romanlarını çox bəyənirəm. Hər şeyi olduğu kimi, yəni real yazır. Buna görə də, onun oxucusuyam”.
Mircavadovun fikrincə, əgər bu təyinat rəsmiləşsə, Abdullayevin köməkçiləri mütləq futbol adamları olmalıdı: “Yazıçı futbol klubunu idarə edə bilərmi? Müasir futbolda biznesmen də klub prezidenti təyin olunur. Roman Abramoviç buna bariz nümunədi. Təki klub üçün faydalı olsun. Yəqin ki, köməkçiləri futbol adamlarından olacaq. Əgər belə olsa, məncə, problemlə üzləşməz”.
Sadıq Sadıqovla yolları ayrılan “Neftçi”nin baş məşqçisi postunda da dəyişikliyin olacağı istisna edilmir. Həmin vəzifəni tutmağa namizədlər sırasında isə Ağasəlim Mircavadovun da adı hallanır. 68 yaşlı məşqçi bu məsələyə də münasibət bildirib: “Sadıq Sadıqovun istefa verəcəyi haqda xəbərlər yayılsa belə, mətbuatda onun postunu yayda tərk edəcəyi yazılırdı. Nə üçün istefa verdiyini bilmirəm. Amma mən Sadıqovun “Neftçi”dəki fəaliyyətini yüksək qiymətləndirirəm. O ki qaldı baş məşqçi məsələsinə, komandanı Arif Əsədov çalışdırır. O, postunda qala-qala, mənim “Neftçi”yə baş məşqçi keçəcəyimi demək düzgün olmaz. Əsas odu ki, klublarımızda yerli məşqçilər çalışsınlar. Mən həmişə bunun tərəfdarı olmuşam”.