Cinayətkar polisi pulla “alıb”..?
Tarix: 30-03-2015, 15:15 |
Çap et
27 martda qafqaznews.org saytında “Polis zərərçəkənin təhlükəsizliyini təmin etmir” başlıqlı məqalə dərc olunmuşdu.
Martın 27-də Bakı şəhər sakini Vəfa Nəbiyeva qafqaznews.org saytına müraciət edərək bildirirdi ki, 26 martda o keçmiş əri Nevzat Abbasikeles tərəfindən möhkəm döyülüb: “ Biz 2009-ci ildə evlənmişik. Toydan sonra mən ərimlə Türkiyəyə getdim. 2012-ci ildə bizim oğlumuz oldu. 2013-cü ildə biz ayrıldıq və mən Bakıya qayıtdım”.
Zərəçəkənin dediyinə görə, bu yaxınlarda onun keçmiş əri Azərbaycana gəlib: “ O, mənimlə görüşdü və xahiş etdi ki, uşağımızın sənədlərini ona verim. O, Azərbaycanda yaşamağa icazə almaq istəyirdi. Nevzat həm də xahiş elədi ki, mənim evimdə yaşasın. Mən onun xahişini yerinə yetirmədim. O, mənə hədə-qorxu gəldi. Mən onun təhdidləri ilə bağlı DİN-in 102 xidmətinə məlumat verdim. Sonra 37-ci Polis Bölməsindən mənə zəng edərək bildirdilər ki, sizin şikayətiniz qeydə alınıb”.
Müxbirimizin “Polis hansı tədbir gördü?” sualına Vəfa Nəbiyeva belə cavab verib: “ Heç bir tədbir götülmədi. Nevzat mənə dedi ki, boş yerə şikayət eləmə, polis məni çağırsa da mən pulumu verəcəm məni buraxacaqlar”.
26 martda Nevzat yenidən Vəfa Nəbiyevanın qarşısını kəsərək ondan uşağın metrikasını tələb edir: “ O Azərbaycanda yaşamaq üçün icazə almaq istəyirdi. Mən imtina edəndə o məni ölümlə hədələdi. Mən razılaşmağa məcbir oldum. Ancaq ona bildirdim ki, metrikanı Miqrasiya Xidmətinə özüm gətirəcəm. Nevzat razılaşdı. Amma mən metrikanı Miqrasiya Xidmətinə deyil, 37-ci Polis Bölməsinə apararaq bildirdim ki, keçmiş ərim məni öldürmək istəyir. Orda mənə dedilər ki, narahat olma biz tədbir görəcəyik. Və mən arxayın olaraq bölməni tərk elədim”.
Ancaq axşam Nevzat Vəfa Nəbiyevanın iş yerinə gəlir. Müxbirimizin “Nevzat polis bölməsindən necə qaça bilib?” sualına cavab olaraq Vəfa Nəbiyeva qafqaznews.org-a aşağıdakıları söyləyib: “ O qaçmayıb. Nevzat mənə dedi ki, sahə müvəkkili Mehman onun pasportunu alaraq sərbəst buraxıb və deyib ki, axşam pul gətirərsən pasportunu qaytararam”.
Və Nevzat bıçaqla Vəfa Nəbiyevanın qulağını, dodağını kəsərək hadisə yerindən sakitcə gedib.
Hadisədən sonra Vəfa Nəbiyeva sahə inspektoru Mehmana müraciət edərək soruşub ki, nə üçün Nevzatı sərbəst buraxdınız.
Vəfa Nəbiyeva qafqaznews.org-a bildirib ki: “ Mehman mənə dedi ki, Nevzatın Sumqayıtda işi olduğu üçün onu buraxdım”. Vəfa Nəbiyeva onu da qeyd edib ki, mən neçə il Türkiyədə yaşamışam, orda belə qanunsuzluq ola bilməz.
Biz polisin nə üçün tədbir görməməsini aydınlaşdırmaq qərarına gəldik və sahə müvəkkili Mehmana müraciət etdik. O qafqaznews.org- bildirdi ki: “ Vəfa Nəbiyeva keçmiş ərinin ona hədə-qorxu gəlməsi ilə bağlı həqiqətən də bizə müraciət edib. Biz Nevzat Abbasikelesin pasportunu alaraq onu buraxdıq”.
Müxbirimizin “Nə üçün buraxdınız?” sualına sahə müvəkkili belə cavab verdi: “Ona görə ki, bizim başqa işlərimiz var idi”.
Müxbirimizin “Vəfa Nəbiyeva bizə bildirib ki, Abbasikeles ona deyib ki, siz rüşvət qarşılığında onun pasportunu qaytarmağı vəd eləmisiniz” fikrinə sahə müvəkkli belə münasibət bildirib: “ Bu yalandır. Biz pul tələb etməmişik. Qoy, Vəfa Nəbiyeva Abbasikelesin yerini müəyyən etsin, biz onu həbs edək”.