Pərviz Həşimli ailəsi ilə görüşüb
Tarix: 30-03-2015, 15:12 |
Çap et
13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbus jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimliyə bayram ərəfəsində ailəsi ilə görüş verilib. Jurnalistin həyat yoldaşı İlahə Həşimli Modern.az saytına bildirib ki, görüş ötən həftə baş tutub: “Səhhəti və saxlanma şəraitindən şikayəti yoxdur. Gedəndə qızım Zeynəbi də özümlə apardım, görüş maneəsiz keçdi. Bu günə kimi o qədər xahişlərin, müraciətlərin heç bir nəticəsi olmadı. Buna görə də yenidən nəsə deməyimin əhəmiyyəti olacağına inanmıram. Hamı kimi biz də martın 18-də imzalanan əfv sərəncamında Pərvizin də adının olacağını gözlədik. Amma düşmədi... Yəqin ki, nəsə mane oldu”.
Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.