Putin hakimiyyətin 15 ilinin tamamında: sevgi və nifrət arasında
Tarix: 30-03-2015, 09:15 |
Çap et
Düz 15 il əvvəl, 2000-ci ilin mart ayının sonunda, rusiyalılar Boris Yeltsin istefaya getdikdən sonra, Rusiya tarixində ilk dəfə olaraq, prezidentin vəzifəsini icra edən Vladimir Putinə ölkənin idarə olunmasını etibar etdilər.
Rusiyada 2000-ci ilin iyununda keçirilməli olan seçki kampaniyası Boris Yeltsinin istefası ilə vaxtından əvvəl keçirilməli oldu. Prezidentliyə, əksəriyyətinin bu günədək siyasətdə önəmli fiqur olaraq qalan 11 namizəd iddialı idi: Gennadi Züqanov, Vladimir Jirinovski, Aman Tuleyev, Qriqori Yavlinski, Ella Pamfilova ... O vaxtkı siyasi arenada, Vladimir Putin, demək olar ki, ən az tanınan namizədlərdən idi. Əlbəttə, söhbət geniş xalq kütlələri arasında tanınmaqdan gedir. B.Yeltsinin Putini öz varisi elan etməsinə qədər sıravi rus seçicisi bəlkə heç ağlına da gətirməzdi ki, cəmi 3 aydan sonra məhz bu şəxsə səs vermək barədə düşünəcək.
Bütün bunlara baxmayaraq, Vladimir Putin seçkilərin birinci turunda 52,94 faiz nəticə ilə bütün rəqiblərini məğlub etdi...
Hazırda 15 il ali dövlət postlarında olan Rusiya prezidenti Vladimir Putinin elektoral reytinqi kifayət qədər maksimum səviyyədədir: Ona seçicilərin 74 faizi səs verməyə hazırdır. Prezidentin özünüdoğrultma reytinqi isə daha da yüksəkdir: 2015-ci ilin 13 mart tarixli sorğunun nəticələri göstərdi ki, Vladimir Putinin dövlət başçısı postunda fəaliyyətini rusiyalıların 88 faizi dəstəkləyir.
Prezident seçildiyi vaxtdan onun haqqında ən azı 70 kitab və saysız-hesabsız məqalə yazılıb, dünya miqyasında bir neçə dəfə "ilin adamı" adına layiq görülüb, 2013 və 2014-ci illərdə isə o, "Forbs" jurnalının versiyası üzrə "dünyanın ən nüfuzlu adamı" seçilib. Analitik.az Rusiya prezidenti Vladimir Putinin ölkəni idarə etdiyi 15 il ərzində nə ilə yadda qaldığına nəzər salmağa çalışacaq.
Çeçenistan uğuru
1999-ci ildə başlanmış "ikinci Çeçenistan müharibəsi" 2009-ci ilin aprel ayında rəsmən başa çatıb. Amma analitiklərin fikrincə, Vladimir Putinin Ramzan Кadırovun timsalında düzgün kadr siyasəti hələ müharibə bitməmiş terror aktlarının sayını xeyli azaltmışdı. Onun hakimiyyəti illərində Çeçenistan paytaxtı müharibə meydanından çiçəklənən şəhərə çevrildi.
Avrasiya İttifaqı
Kimsə bunu SSRİ-nin bərpası, kimisi isə qarşılıqlı -əlverişli inteqrasiya adlandırır: 2010-ci ildən keçmiş İttifaqın bəzi respublikaları gömrük və digər maneələri aradan qaldıraraq, vahid norma və qaydalar barədə razılığa gələrək, fəal yaxınlaşır. Əvvəlcə Azad Ticarət Zonasından Gömrük ittifaqına keçən bu respublikalar, 2015-ci ilin yanvarında isə Gömrük ittifaqının bazasında (Rusiya, Belarus, Qazaxıstan və Ermənistan) Avrasiya İttifaqını yaratdılar.
Terrorlar, müharibələr, sanksiyalar
Putinin epoxasından danışarkən, bu illərdə Rusiyanın payına düşən dramatik hadisələri yada salmamaq mümkün deyil. "Kursk" sualtı qayığının batması (118 ölü); Terrorçuların paytaxtda "Nord-Ost" müziklinin tamaşaçılarını girov götürülməsi (130 qurban), Beslanda məktəbin ələ keçirilməsi (333 qurban), Sayan-Şuşensk SES-də baş vermiş texnogen qəza (75 ölü) və bir çox digər terror aktları.. .
Putin hakimiyyəti 2008-ci İldə Gürcüstanla 5 günlük müharibə ilə də yadda qalıb. 2014-ci ildə isə Ukraynanın cənub-şərqində qanlı münaqişə baş verib, bundan sonra Rusiya Federasiyası qərbin sanksiyaları içində yaşamalı olub, neftin qiyməti və rublun məzənnəsi aşağı düşüb.
Qərb Rusiyadan üz döndərib
Bu dövrdə Rusiyanın qərblə münasibətləri kəskin pisləşib. Hətta o qədər pisləşib ki, bir çox Avropa dövlətləri 9 mayda keçiriləcək faşizm üzərində qələbənin ildönümü tədbirlərinə qatılmaqdan imtina ediblər. Nəticədə Rusiya Çin, Hindistan və hətta KXDR ilə geniş əməkdaşlıq edərək, bu balansı tənzimləməyə çalışır.
“Xarici təzyiq yalnız prezidentin dəstəklənməsinə gətirib çıxarır”
Ölkəsinin iqtisadiyyatı böhran içində boğulan, Ukraynaya qarşı tutduğu mövqeyinə görə beynəlxalq birliyin böyük hissəsinin əleyhinə qalxdığı Putin, qərbin və Vaşinqtonun fikrincə, prezidentliyinin son mərhələsini yaşayır. Qərb ölkələrinin liderlərindən tutmuş, ayrı-ayrı diplomatları, müəyyən siyasi elektoratlar müəyyən qədər Putinə nifrət də edirlər. Ona mənfi münasibətini açıq biruzə verənlər az olsa da, son illərdə yaranmış iqtisadi-siyasi problemlərin səbəbkarı kimi onu günahlandıranlar çoxdur. "Planetin qurtuluşu üçün" Putindən qurtulmağın vacibliyini vurğulayanlar da var...
Lakin bütün bu əks-fikirlərə baxmayaraq, V.Putinin reytinqi yenə də artmaqda davam edir.
Bu günlərdə Vaşinqtonun sifarişi ilə Çikaqo Universitetinin nəzdində NORC araşdırmalar mərkəzinin maliyyə dəstəyi ilə keçirilmiş sorğunun nəticələri qərbi şoka salıb. Associated Press Agentliyinin ictimaiyyətlə əlaqələr mərkəzi müəyyənləşdirib ki, rusiyalıların 81%-i Putini əvvəlki kimi dəstəkləyir. Yeri gəlmişkən, 2012-ci ilin yayınada keçirilən analoji sorğuda bu göstərici 20% az idi. "Bu, rus xarakterinin tipik xüsusiyyətidir. Xarici təzyiq yalnız prezidentin dəstəklənməsinə gətirib çıxarır. Axı Rusiyada təzyiq altında heç nə etmək istəmirlər. Bu, sadəcə vətənpərvərlik deyil, həm də praqmatizmdir", - belə, xarici mətbuatda son dövrdə artan problemlər fonunda Putinə olan inam və sevgini izah edirlər...
Şəxsi həyatı
Ölkəsində etdiyi dəyişikliklərlə yanaşı, Putin şəxsi həytında baş verən hadisələrlə də tez-tez gündəmə gəlir. Uzun sürən şaiyələrdən sonra, 2013-cü ilin mayında Rusiya prezidenti Vladimir Putin və Lyudmila Putin efirdə nikahlarının başa çatdığını elan ediblər. Putin özü bu qərarı “sivil boşanma” adlandırmışdı. Putinin 30 illik evliliyini bitirməsinə səbəb isə 30 yaşlı Alina Kabayeva sayılsa da, cütlük rəsmi olaraq ailə həyatına az vaxt ayırmalarını, bir yerdə çox qısa müddət ola bildiklərini əsas gətirib. Rusiya prezidenti həyat yoldaşından boşanmamışdan xeyli əvvəl — hələ 2009-cu ildə, gimnast Alina Kabayevanın Putindən oğlan uşağı dünyaya gətirməsi haqda məlumat yayılmışdı. Əlbəttə, bu haqda rusiyalılar yalnız Qərb mediasından xəbər tutmuşdular. Ancaq yerli mətbuatda bu faktı təsdiq və ya təkzib edəcək heç bir məlumat verilmirdi. Bu günlərdəsə, Putinin yenidən ata olması xəbəri yayıldı. Belə ki, yenə də xarici mətbuata istinadən yayılan xəbərə görə, Olimpiya çempionu Alina Kabayevanın İsveçrədə oğlu dünyaya gəlib. İsveçrə mətbuatı yazır ki, uşağın atası Rusiya prezidenti Vladimir Putindir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin deputat Alina Kabayeva ilə birlikdə olması barədəki xəbərlər yeni deyil. Bu məlumatlar rəsmən təsdiqlənməsə də, rəsmi şəkildə təkzib də edilməyib. A.Kabayevanın Moskvada inanılmaz dərəcədə güclü mühafizə altında gəzməsi, Putinin isə həyat yoldaşından rəsmən boşanması bu deyilənləri dolayısı ilə təsdiqləyən fakt kimi qiymətləndirilir.
Yeni dövlət başçısı seçkiləri isə düz üç ildən sonra keçiriləcək. Konstitusiyaya uyğun olaraq, 2018-ci ildə Vladimir Putin, növbəti 6 illik müddətə namizədliyini irəli sürə bilər. O, özü bu yaxınlarda bildirib ki, bu barədə qərar qəbul etmək hələ tezdir: "Rusiya Federasiyasının vətəndaşlarının maraqları naminə əzmlə işləmək lazımdır, bundan sonra nəticələrə və cəmiyyətdəki əhval-ruhiyyəyə görə 2018-ci ildə seçkilərə kimin getməli olduğu bilənəcək ".
Bu qeyri-müəyyən bəyanatla V.Putin yenə də "sirr qutusunu" özündə saxlamağı bacarır...