Elman Rüstəmovun təklifinin müsbət və mənfi tərəfi
Tarix: 18-03-2015, 15:24 |
Çap et
“Kommersiya bankları tərəfindən kredit faizləri aşağı salınarsa, bunun dollarla kredit götürən vətəndaşlara müsbət təsiri olacaq”.
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, kreditlərin vaxtının uzadılması dollarla kredit götürən vətəndaşlara mənfi təsir edir:
“Etiraf etmək lazımdır ki, bəzi kommersiya bankları kreditin ödənmə vaxtını uzatsa belə, uzadılmış müddətdə faiz hesablayırlar. Bu da ona gətirib çıxarır ki, kredit götürən vətəndaş daha çox vəsait ödəmək məcburiyyətində qalır. Ona görə də vaxtın uzadılması aylıq ödənişlərin məbləğinin stabil saxlanmasına və ya əvvəlki səviyyyədə qalmasına imkan verir. Amma vaxtın uzadılması son nəticədə vətəndaşın, kredit götürən şəxsin daha çox kredit ödəməsinə səbəb olur ki, o baxımdan vaxtın uzadılması vətəndaşların kredit ödəmək qabiliyyətinə heç bir təsir göstərmir”.
Ekspert hesab edir ki, kreditlərin faiz dərəcələrinin aşağı salınması çox vacibdir.
“Faiz dərəcələrinin aşağı salınması əslində imkan verir ki, artıq dollar ilə kredit götürən şəxs daha az vəsait ödəsin”.
V.Bayramov həmçinin vurğulayıb ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun banklara müraciəti sözdə qalmamalıdır.
“Bu tətbiq olunarsa, kommersiya banklarında kredit faizlərinin aşağı endirilməsi ilə bağlı qərarların qəbul edilməsi baş verəcək. Kredit faizlərinin aşağı salınması ilə bağlı qərarın qəbul edilməsi isə, birmənalı şəkildə dollar ilə kredit götürənlərin daha az ödəniş etməsinə və onların ödəmə qabiliyyətinin əvvəlki səviyyədə qorunub saxlanmasına imkan verəcək”.
Xatırıladaq ki, ötən gün Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə fəaliyyət göstərən kommersiya banklarına valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyyə edib. AMB rəhbəri banklara kreditlərin vaxtının uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görüb.