Azərbaycan KQB-sində işləmiş “Köstəbək” ləqəbli erməni “Tevosik”i Moskvaya niyə çağırdı...
Tarix: 18-03-2015, 15:18 |
Çap et
Ötən həftə rəsmi xronika xəbər verdi ki, Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sərkisyanla telefonla danışıb.
Maraqlı təsadüfdür ki, məhz həmin günlərdə “Tevosik” ləqəbi ilə tanınan iri kriminal avtoritet Tevos Səfəryan “Köstəbək” ləqəbli yüksək rütbəli rusiyalının dəvəti əsasında mühüm missiya ilə Moskvaya gedib.
Virtualaz.org saytı xəbər verir ki, 2014-cü ilin dekabrında İrəvan türməsindən buraxılan, biznesmeni oğurlamaq ittihamı ilə həbsdə olan “Tevosik”in Moskvaya səfəri haqda Rusiya mənbələri yazıb.
“Tevosik”in özünün dediyinə görə, o, Rusiya paytaxtına Federal Təhlükəsizlik Xidmətinin istefada olan zabiti, kriminal aləmdə “Köstəbək” ləqəbi ilə tanınan nüfuzlu şəxsin dəvəti ilə gəlib.
“Prestupnaya Rossiya” saytının yazdığına görə, “Tevosik” öz çevrəsində lovğa-lovğa danışır ki, Rusiyada “bütün erməni biznesmenlərinə” haqq qoymaq üçün mütəşəkkil cinayətkar qruplaşma yaradacaq.
Erməni avtoritet deyib ki, onun çevrəsinə artıq Rusiyanın Norilsk vilayəti üzrə “smotryaşiy” olan “Armençik” , habelə Şimali Qafqazdan olan xeyli kriminal element daxil olubş
Bildirilir ki, “Tevosik” sözəbamayan biznesmenləri haqq verməyə “otuzdurmaq” üçün təkcə ənənəvi bandit metodlarından deyil, Rusiya hüquq-mühafizə orqanlarındakı korrupsioner dostlarının köməyindən istifadə edəcək.
“Tevosik” danışırmış ki, “Köstəbək” onu Rusiyaya dəvət edəndə onun iştirakı ilə yığılan haqqın 70 faizini özünə tələb edib.
Tevos Səfəryan erməni cinayətkar qruplaşmalarının “xaç atası” hesab olunur. Ötən əsrin 90-cı illərinin sonlarında onun Rusiya Dövlət Dumasının erməni deputatı Aşot Yegizaryanla sıx əlaqələri var idi. Hazırda Yegizaryan Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarılır və ABŞ-da yaşayır. “Tevosik”in adı bir neçə dəfə sifarişli qətllərdə keçib, habelə o, erməni mafiozların çirkli pullarının Belçikada “yuyulması”nı təşkil edib.
Bəs “Tevosik”i Rusiyaya dəvət edən və onunla işbirliyinə girən “Köstəbək” kimdir?
Eyni vaxtda bir neçə Rusiya internet resursu yazıb ki, söhbət hazırda “Norilsk Nikel” korporasiyasının təhlükəsizlik xidmətinin rəhbəri, keçmiş Bakı ermənisi Vladislav Qasımyanovdan gedir.
Vladislav Qasımyanovun adı artıq bir dəfə Rusiya mətbuatında gündəmə gəlib. O, SSRİ KQB-nin ali kurslarını bitirdikdən sonra ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində, Qarabağda erməni separatizminin qızışdığı bir vaxtda Azərbaycan və Ermənistanda işləyib. Nə işləyib, bu haqda ətrafl məlumat yoxdur.
Bununla belə Qasımyanovun Azərbaycan və Ermənistanda işlədiyi vaxtlarda “qafqazlı kriminal işbazlarla, “sexovşiklər”lə sıx kommersiya əlaqələrinə malik olub.
1993-cü ildə isə Qasımyanovu Xankəndində, Qarabağdakı erməni separatçılarının o vaxtkı rəhbəri Robert Köçəryanın çevrəsində görüblər. Qasımyanov Köçəryanın yanında işləyərkən qanunsuz spirt və siqaret alverinə krışalıq edib. “Rospress” yazırdı ki, bu zaman Qasımyanov həm erməni, həm azərbaycanlı kriminal qruplaşmaların maraqları çərçivəsində çıxış edib.
Daha sonra Qasımyanov Moskvada peyda olub. 2003-cü ildə o, “Rosrezerv”in direktor müavini təyin edilib. Və bu vəzifədə Qasımyanov erməni, gürcü və azərbaycanlı biznesmenlərlə “levıy” müqavilələr bağlamağa, onlardan “şapka” almağa başlayıb. 2008-ci ilin dekabrında “Rosrezer”in direktoru ölüb və Qasımyanov 2009-cu ilin yanvarından martına qədər bu strukturun direktoru vəzifəsini icra edib.
Həmin ilin mayında isə iş yerini Kremlə dəyişib, Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsində rəis müavini vəzifəsini tutub. Qasımyanov bu vəzifədə Azərbaycan, Ermənistan və Gürcüstanla, habelə separatçı Cənubi Osetiya və Abxaziya, Dağlıq Qarabağla əlaqələri kurasiya edib. 2012-ci ildə isə Qasımyanovu sakitcə Kremldən uzaqlaşdırıblar - “Norilsk Nikel”in təhlükəsizlik blokuna rəis təyin ediblər.
Beləliklə, kifayət qədər güclü əlaqələri olan Qasımyanovun “Tevosik”lə ortaq olması o deməkdir ki, Rusiyadakı erməni biznesmenlərinin qara günləri qabaqdadır. Onları çoxdan unutduqları uzaq 90-cı illər gözləyir...