Deputatlar ilaxır çərşənbəni necə keçiriblər?
Tarix: 18-03-2015, 15:01 |
Çap et
İki gündən sonra Azərbaycanda Novruz bayramı qeyd ediləcək. Martın 20-si və 21-də ölkənin hər yerində milli adət-ənənələrə uyğun süfrələr açılacaq, tonqallar qalanacaq, qapılara papaq atılacaq.
Novruz bayramının gəlişi ilk çərşənbələrin keçirilməsindən başlayır. Dünən isə Azərbaycanda Novruzun sonuncu ilaxır çərşənbəsi qeyd edilib.
Maraqlıdır, Milli Məclisin deputatları ilaxır çərşənbəni necə keçiriblər? Deputatların qapısına papaq atan oldumu?
Modern.az saytı bir neçə deputatdan ilaxır çərşənbəni öz evlərində necə keçirmələrini soruşub.
Deputat Elmira Axundova dünənki ilaxır çərşənbənin bayram kimi keçirdiyini deyib:
“Dünən ailəmi başıma yığıb Novruz bayramının ilaxır çərşənbəsini keçirdik. Masallı rayonundan seçilən deputatam. Masallı rayonunda ilaxır çərşənbə bizim əsas bayramımızdır. Ona görə də axır çərşənbəni çox yüksək səviyyədə keçirirlər. Mənim üçün də bu ilaxır çərşənbənin keçirilməsi müqəddəsdir. Ona görə də dünən oğlum, gəlinim, nəvələrim, yoldaşımın bacısı və Bakıda yaşayan bütün yaxın qohumlarımı yığıb, süfrə arxasında əyləşib aşımızı, ləvəngimizi yedik. Bir az da oynadıq. Amma dünən qapımıza papaq atan olmadı. Adətən, hər il qapımıza çoxlu papaq atılır. Çox güman ki, dünən olmasa da, ya bu gün, ya da sabah papaq atacaqlar”.
Deputat Aydın Abbasov da ilaxır çərşənbəni ailə üzvləri ilə bir yerdə qeyd edib:
“Dünən ilaxır çərşənbəni anamla, qardaşlarımla, qardaşlarımın uşaqları ilə birgə keçirdim. Bizim qapımıza papaq da atdılar. Təbii ki, atılan papaqlar boş qaytarılmadı”.
Deputat Kamilə Əliyeva qapıya atılan papağı boş geri qaytarmamağı tövsiyə edir:
“İlaxır çərşənbəni həmişə olduğu kimi, dünən də ailə üzvlərimlə birgə qeyd etdim. Bizim də qapımıza papaq atdılar. Ümumiyyətlə, Novruz ərəfəsində papaq atmağa çox yaxşı baxıram. Bu bizim adət-ənənəmizdir. Eyni zamanda, hər bir ailə qapısına atılan papağı nə iləsə doldurmağa çalışır. Təbii ki, söhbət qiymətin baha olmasından getmir. Adətən, uyğun olaraq papağın içinə süfrədə olanlardan qoyulmalıdır. Düşünürəm ki, papağı geri qaytarmaq olmaz”.
Deputat Çingiz Qənizadə hər il bütün bayramları hansısa restoranda, xarici ölkələrdə keçirilməsini doğru hesab etmir:
“Dünən Milli Məclisdə Azərbaycan hökuməti 2014-cü ilin hesabatını verirdi. Hardasa, axşam saat 8-ə evə gedib çata bildim. Bütün milli və qeyri-milli bayramları ailəmlə birgə evimdə keçirirəm. Hansısa restoranda, xarici ölkələrdə bayram keçirməyi sevmirəm. Ən yaxşısı evdə ailə üzvləri ilə birgə olmaqdır. Dünən ilaxır çərşənbədə ailə üzvlərimlə birgə milli adət-ənənəyə uyğun süfrə arxasında əyləşdik. Papaqatma məsələsinə gəlincə, deyə bilərəm ki, nəinki dünənki ilaxır çərşənbədə, artıq 10 gündür uşaqlar papaq atmağa başlayıb. Papaqatma özü də Novruzun dəyərlərindən biridir. Təəssüf ki, papaqatma adətini də cılızlaşdırıblar”.
Deputat Əliağa Hüseynov xəstə olsa da, doğulduğu Salyan rayonunda yaddaqalan ilaxır çərşənbə keçirib:
“Dünənki ilaxır çərşənbəni Salyan rayonunda camaatla birgə keçirdim. Xəstə olmağıma baxmayaraq, insanlarla birgə keçirmək çox yaxşıdır. Qapımıza papaq da atdılar. Həyətdə böyük tonqal qaladıq. Bircə onu deyə bilərəm ki, bayramı böyük sevgilə qeyd etdik”.