Ağdamda kollec direktoru bazar açıb
Tarix: 18-03-2015, 12:15 |
Çap et
Xüsusilə son iki il ərzində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində yer almış çeşidli neqativ hallara dair ölkə mətbuatında ardıcıl dərc olunan məlumatlar, eləcə də əlaqədar instansiyalara göndərilən çoxsaylı şikayət məktubları bir müddət bundan əvvəl kollec rəhbərliyinin vəzifədən alınması ilə nəticələndi. Lakin yerli mənbələrdən aldığımız açıqlamalarda bildirilir ki, müəssisəyə yeni direktor təyin olunmuş Natiq Cavadov da hələ ki, ona bəslənən ümidləri doğrulda bilmir. İddialara görə təyinatından hələ az müddət keçməsinə baxmayaraq, direktorun bir çox qanunsuz hərəkətləri müəllim və tələbə kollektivini artıq bezdirib. Xatırladaq ki, bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Fiziki tərbiyə müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Maliyyə işi; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili ixtisasları üzrə mütəxəssislər hazırlanır.Kollecdə tələbələrin yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bununla belə mənbənin sözlərinə görə, Natiq Cavadov bu müəssisənin işini düzgün şəkildə təşkil edə bilmir. Məlumatda qeyd olunur ki, əvvəllər Gəncə Aqrar Universitetində işləmiş Natiq Cavadov Təhsil Nazirliyindəki müəyyən himayədarlarının dəstəyi ilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib. Lakin onun bu neçə ay ərzindəki fəaliyyəti elə də ürəkaçan olmayıb. Belə ki, kollecdə hələ də köhnə problemlər qalmaqda, köhnə qaydalar hökm sürməkdədir. İlk növbədə məlumatda vurğulanır ki, kollecdə dərslərə davamiyyət bu gün də köhnə rəhbərliyin dövründə olduğu kimi çox aşağı səviyyədədir. Məşğələlərdə iştirak etmək istəməyən tələbələr rüşvət müqabilində imtahanlardan qiymət ala biləcəklərinə əmin olduqları üçün dərslərə gəlmirlər. Hətta bir çox tələbələr semestr ərzində bircə dəfə belə olsun kollecdə nəzərə dəymirlər. Direktor və şöbə müdirləri isə bu kimi hallara maddi maraqlarının təmin olunması müqabilində göz yumurlar. Kollecdə olan mənbələrdən birinin verdiyi açıqlamada deyilir: “Heç bir tələbə özünü əziyyətə salıb dərs oxumur. Müəllimlərin bir çoxu dərs vaxtı dərsə aidiyyəti olmayan söhbətlər edir, tələbələr isə ya telefonla oynayır, ya da bir-birləri ilə söhbət edirlər. Kollecdə normal dərs deyən, yəni peşə borcunu qüsursuz yerinə yetirən 3-4 müəllim var. Yalnız həmin müəllimlər pedaqoq kimi öz peşələrinə layiqincə xidmət edir, vəzifələrini tam şəkildə icra etməyə çalışırlar. Qalanları isə ancaq nə yolla olursa-olsun, tələbələrdən pul qoparmağı düşünürlər. Vəziyyət elə bir həddə çatıb ki, bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecində oxuyub öz savadı ilə qiymət almaq istəyən tələbəyə pis baxırlar. Natiq müəllim kollecdə təhsilin inkişaf etməsi üçün lazım olan işləri görmür. Şöbə müdirləri, habelə bəzi müəllimlər direktora ən yaxın şəxslər hesab edilir. Bunun səbəbi isə odur ki, Natiq Cavadov öz idarəçilik üsullarını məhz şöbə müdirləri və müəllimlərin vasitəsilə tətbiq edir. Buna görə də kollecimizdə təhsil göstəriciləri çox aşağıdır...”Qeyd etmək lazımdır ki, son illər Ağdam Dövlət Sosial-İqtisadi Kollecində baş verən özbaşınalıqlar, qanunsuz əməllər bu təhsil müəssisəsinin nüfuzunu onsuz da xeyli aşağı salmışdı. Buna görə də Təhsil Nazirliyi tərəfindən kollec rəhbərliyinin dəyişilməsi barədə qəbul olunmuş qərar ictimaiyyət ərəfindən də rəğbətlə qarşılanmışdı. Lakin aradan keçən az bir müddət ərzində bu dəyişikliyin heç bir müsbət nəticə verməyəcəyi aydın oldu. Hətta bəzi mənbələrin iddialarına görə, Natiq Cavadovun təyinatı kollec üzrə yığılan məbləğlərin müəyyən artımı ilə əlamətdar olub.