"DESFA-nın özəlləşdirilməsi prosedurunda irəliləyiş var"
Tarix: 18-03-2015, 12:09 | Çap et
"DESFA-nın özəlləşdirilməsi prosedurunda irəliləyiş var"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin alınması prosedurunda irəliləyiş müşahidə olunur.

"APA-Economics"in "Greek Reporter" saytına istinadən verdiyi xəbərə görə, bunu Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis deyib.

"DESFA-nın özəlləşdirilməsi prosedurunda irəliləyiş var. Yunanıstan hökumətinin bu məsələ ilə bağlı mövqeyi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunun çıxardığı qərardan asılı olacaq", - deyə nazir bildirib.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır.

Qeyd edək ki, bundan öncə SOCAR-dan “APA-Economics”ə verilən məlumatda qeyd edilib ki, dövlət şirkəti DESFA-nın səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib hazırlanması məqsədilə komissiya ilə sıx əməkdaşlığı davam etdirir.

Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin formal dövrü çərçivəsində “saatı durdurub”. Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi üçün əlavə vaxt verəcək.

Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı müşahidə olunan adi hallardan biridir. SOCAR yekun qərarın Avropa Komissiyasının preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.

Əlavə edək ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net