“Aslan Aslanov Şəmkirə İcra başçısı təyin ediləndə artıq arqan yox idi...” (CAVAB)
Tarix: 17-03-2015, 12:50 | Çap et
“Aslan Aslanov Şəmkirə İcra başçısı təyin ediləndə artıq arqan yox idi...” (CAVAB)
Bu gün “Yeni Müsavat” qəzetində “Aslan Aslanovun “arqan əməliyyatı” haqda yeni xəbər” başlıqlı və “Şəmkirdəki kirxadan oğurlanan, qiyməti milyonlarla dollarla ölçülən əntiq arqanın axtarışına başlanıb” və “Kommunistlərin talamadığı kilsədəki musiqi alətini 10 min dollara satıblar!” yarımbaşlıqlı yazı dərc olunub. Bu gün “Təzadlar”ın elektron poçtuna isə həmin yazı ilə bağlı vaxtilə Şəmkir Mədəniyyət şöbəsində çalışmış və adını məlum səbəbdən çəkməməyimizi istəməyən (hazırda Şəmkirdə daha məsul sahədə çalışır) rayon sakini bir məktub göndərib.
O, məktubunda bu məsələyə toxunaraq qeyd edir ki, “Mən həmin məktub-etirazımı adı çəkilən qəzetin saytının şərh yerinə göndərdim, lakin dərc etmədilər deyə, sizə göndərirəm, inanıram ki, bir neçə cümləlik bu qeydlərimə saytınızda yer ayıra biləcəksiniz... Ümumiyyətlə, el arasında bir məsəl var: kimsə eyni məsələdən dəfələrlə danışıb söhbət açanda deyirlər ki, ətin tökülməsin, bəsdi də saqqız kimi eyni məsələni çeynəyib şitin-şorbasın çıxardın! Adı çəkilən mövzunu mən artıq, yalan olmasın, iyirmi dəfədir eşidir, oxuyuram. Hər dəfə də deyilir və təkzib olunur ki, həmin arqan vaxtilə olub, heç istifadə də edilməyib... Hərdən paska bayramlarında kimsə dınqıldadardı. Və bir də toz basıb ahəngdən düşmüşdü, bəzi yerləri pas tutmuşdu. Bəzi adamların düşüncəsi pas tutan kimi. Mən şəxsən xatırlayıram ki, 1992-93-cü illərdə həmin arqan sökülüb harasa aparılmışdı. Deyirdilər ki, təmirə aparıblar. Məlum məsələdir ki, Şəmkirdə onu kim təmir edəcəkdi? Deməli, Bakıya aparıblar. Mən Aslan Aslanovun icra başçısı işlədiyi dövrü xatırlayıram. Bu insan başçı təyin ediləndə artıq həmin arqan yox idi. Müəllif ən azı maddi mədəniyyət nümunəsi hesab etdiyi həmin arqanın taleyini Mədəniyyət və turizm Nazirliyindən də öyrənə bilərdi. Amma niyə öyrənməyib və ya öyrənmək istəməyib, bu qaranlıq məsələdir... Xatırladım ki, adı çəkilən yazının müəllifi ilk cümləsindən məqsədini ortaya qoyur və rəy yaratmaq üçün “Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun köhnə əməli haqda yeni xəbər almışıq”, deyə yazısına başlayır. Sonra qeyd edir ki, sən demə, redaksiyaya daxil olan məlumata görə, guya A.Aslanovun gürcülərə satdığı iddia edilən əntiq arqanın geri qaytarılması üçün axtarışlara başlanıb. Həmin arqan isə 1819-cu ildə Şəmkirə köç etmiş alman ailələri tərəfindən tikilən alman kilsəsində 1909-cu ildə quraşdırılıbmış və s. Müəllif həm yazır ki, “Şəmkir şəhərinin 2-ci küçəsi kimi tanınan ərazidə inşa olunan Allah evində həmin arqan uzun illər istifadədə olub. 67 alman ailəsinin maliyyəsi hesabına inşa edilən kirxada quraşdırılan arqan 1998-ci ildə oradan oğurlanıb”. Sonra isə bildirir ki, həmin arqanı Aslan Aslanov 10 min dollara satıb... Gülməlidir, Şəmkir kimi bir rayonun icra başçısı 10 min dollara möhtac idimi ki, bir qədim musiqi alətini belə ucuz pula satsın? Sən demə, qəzet həmin arqan məsələsini bəhanə kimi ortaya atıb. Məqsəd nədir? Axı müəllif özü də xatırladır ki, artıq sən demə, “Yeni Müsavat”ın 29 oktyabr 2013 tarixli sayında “Aslan Aslanovun köhnə cinayəti üzə çıxdı” sərlövhəli yazıda bu yazıq və bədbəxt arqanın “acı talyeindən” bir dəfə yazıb... Və həmin yazı qəzetin bu gü günkü saytında təkrar yerləşdirilib... Nə məqsədə? Arqan məsələsinin şitini-şorbasını çıxarmaq üçünmü? Yoxsa, başqa məqsəd var???”.
Məsələnin ciddiliyini nəzərə alaraq bu dəqiqələrdə Şəmkir RİH başçısının birinci müavini işləmiş və bu yaxınlarda yaş senzinə görə işdən çıxmış Tariyel Məmmədovla əlaqə saxladıq. Bu da onun mövqeyi:
- Tariyel müəllim, siz uzun illər Şəmkirdə məsul sahədə çalışmısınız, rayonun ictimai-siyasi, təsərrüfat həyatında yaxından iştirak etmisiniz... Bu arqan məsələsi nə olan hadisədir?
- Harda yazılıb?
- “Yeni Müsavat” qəzetində...
- Nə yazıblar?
- Oxumamısınız? Yazırlar ki, Şəmkirdə kilsədə olmuş arqan Aslan Aslanovun sayəsində satılıb və sair...
- Vallah, mənim vaxtım hardadır həmin yazını oxuyam...
- Ümumiyyətlə, siz Şəmkirdə kilsədə arqan görmüşdünüzmü?
- Bəli... Komsomolda çalışdığım 70-ci illərdə görmüşəm... Təsadüfi tədbirlərdə istifadə olunardı. Sonralar, bildiyimə görə yoxa çıxdı... Amma mədəniyyət sahəsində çalışmadığımdan kimin balansında olub, necə olub, deyə bilmərəm...
- Təkminən hansı illərdə yoxa çıxdığını ehtimal edirsiniz?
- Hardasa 1990-93-cü illər ərzində...
- Bəs deyirlər ki, Aslan Aslanovun dövründə yoxa çıxıb, guya o, 10 min dollara satıb...
- (Gülür). Mən onu bilirəm ki, Aslan Aslanov icra başçısı gələndə artıq həmin arqan yox idi. Hara aparılmışdı, mən ehtimal edə bilərəm, dəqiq bir sözüm yoxdur... Məncə hakimiyyətsizlik vaxtı, cəbhə vaxtı yoxa çıxmışdı...
- Yəni siz Aslan Aslanovun dövründə işləmisiniz...
- Onun da dövründə, son dövrə kimi də... Bilirsiniz, mənim sahəm başqadır. Mədəniyyət şöbəsində rəhbər işçi olsaydım, dəqiq deyərdim ki, həmin arqan hara aparılıb. Bunu onlar dəqiq bilər. Amma mən onu bilirəm ki, Aslan Aslanov icra başçısı təyin olunanda artıq həmin arqan yox idi. Olmayan arqanı necə satmaq olar? Özü də 10 min dollara... Mən belə ehtimal edirəm...
- Təşəkkür edirik açıqlamanıza görə...
Bizcə əlavə şərhə ehtiyac yoxdur.

"Təzadlar"




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net