“Gərək əvvəlcə onların işi məhkəməyə çıxsın, ömürlük cəza ilə bağlı hökmə xitam verilsin”
Tarix: 17-03-2015, 11:25 |
Çap et
Martın 17-sində Rövşən Cavadovun başçılığı ilə yaradılmış Xüsusi Təyinatlı Polis Dəstəsinə (“OMON”) qarşı həyata keçirilən əməliyyatın 20-ci ildönümü tamam olur. Martın 13-dən OMON-la Daxili Qoşunlar arasında gedən silahlı münaqişə Rövşən Cavadovun öldürülməsi, “OMON”çuların təslim olması ilə nəticələndi.
Qeyd edək ki, mart hadisələri 1995-ci il martın 13-də Qazaxda başladı. Həmin gün XTPD-nin Qazax bölməsinə hücum olundu və qanlı döyüş baş verdi. Bununla da mart hadisələrinin əsası qoyulub. Martın 14-də daxili işlər naziri “OMON”un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalayıb. Əmrə görə, silahı könüllü təhvil verənlər bağışlanacaq (törətdikləri cinayət əməllərinə görə) və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində prezident Heydər Əliyev “OMON”çulara bağışlanmaq imkanı yaradan xüsusi fərman verdi. Lakin Rövşən Cavadov bununla razılaşmadı.
Martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki “OMON” qərargahı yaxınlığında başlanan atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 8 XTPD əməkdaşı öldürülmüş, 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi.
“OMON” hadisələrinin canlı şahidlərindən biri olan “Turan” agentiliyinin direktoru Mehman Əliyev bildirdi ki, A.Mütəllibovun hakimiyyətdən getməsi və AXC-nin hakimiyyətə gəlməsi dövründə Rövşən Cavadov, ona sadiq qüvvələr AXC-ni dəstəklədilər. AXC-nin hakimiyyətinə son qoyulandan sonra isə onlar Heydər Əliyevi dəstəklədilər: “Heydər Əliyevin hakimiyyətə gəlməsi zamanı onlar təhlükəsizliyi təmin edirdilər.
Mövcud durumla, Azərbaycanın geosiyasi arientasiyası, bir dövlət kimi formalaşması ilə bağlı Rövşən Cavadovun özünün baxışları var idi. O, daha çox öz oyununu oynamağa başladı, onun özünün iddiaları var idi. Bu iddialar da sonradan özünü göstərdi və nəticədə 1994-cü ilin sentyabr-oktyabr hadisələrinə gətirib çıxardı. Rövşən Cavadov və Surət Hüseynov Heydər Əliyevin hakimiyyətdən getməsində maraqlı idilər.
Xarici qüvvələrin əlbəttə ki, burda marağı var idi. Ancaq onlar həm də öz maraqlarını təmin etmək üçün çalışırdılar. Amma fakt odur ki, 1994-cü ildə bu ssenari hazırlanırdı, onlar bu prosesdə iştirak etdilər... O zaman diplomatik korpusun iştirakı ilə danışıqlar getdi. Heydər Əliyev birtəhər onları dilə tutaraq sakitlik yarada bildi. O, Rövşən Cavadovla görüşdü, atasını çağırdılar, birtəhər problemin qarşısı alındı. Ancaq bu, müvəqqəti geri çəkilmə idi”.
M.Əliyev qeyd etdi ki, 1995-ci ilin mart ayında Rövşən Cavadov artıq neytrallaşdırılmışdı: “Ona vaxtilə dəstək verən siyasi və başqa qüvvələr ondan üz döndərdi. Onlar hesab etdi ki, Rövşən Cavadov satqınlıq etdi, zəif çıxdı. Artıq onun çağırışına heç kəs cavab vermədi, tək qaldı. Onu sövq elədilər ki, təzədən gedib hərbi bazaya girdi və sanki sandıq qapandı, məsələ bununla da bitdi. 17 mart hadisələrində mən orda idim. Əsas məsələ o idi ki, ”OMON" hadisələri ilə Azərbaycanda hərbi müxalifət anlayışı aradan götürüldü. Yəni hərbi müxalifət siyasi səhnədən getdi, bu, çox ciddi, qorxulu və faciəvi bir proses idi, bununla da bitdi".
“Bu gün, bu vaxtlar 20 il bundan əvvəl, Bakıda, Qaqarin körpüsü yanında, 39 əsgərimlə zirehli maşinlarla təchiz edilmiş 425 nəfərdən ibarət polis batalyonunun mühasirəsində idim. Onlar məni əsgərlərimlə öldürməyə çalışdılar, Allah imkan vermədi. Niyə? Çünki biz özümüz özümüzü əlimizdə silah o düşmənlərimizdən müdafiə edirdik, onlara təslim olmağı, onların həbsxanasında əsir olmaği özümüzə ayıb bilirdik. Əvvəl özümüzə, sonra o düşmənlərimizə heyfimiz gəlmədən...”
Bunu isə Mahir Cavadov şəxsi facebook səhifəsində yazıb.
“Yeni Müsavat”ın həmin hadisələrlə bağlı sualına cavab olaraq M.Cavadov yazdıqlarından əlavə nəsə demək istəmədiyini bildirdi.
Mart hadisələri ilə bağlı həbs edilənlərin əksəri siyasi məhbus kimi azadlığa buraxılıb. Lakin “OMON”un Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov, eləcə də Arif Kazımov, Səfa Poladov, Şəmsi Abdullayev, Dəyanət Kərimov, hələ də həbsxanadadır. Mahir Cavadov isə bir müddət İranda yaşasa da, sonradan Avstriyada siyasi sığınacaq alıb. Rövşən Cavadovun atası, keçmiş prokuror Bəxtiyar Cavadov da neçə il əvvəl vəfat edib. Onun yasında iştirak etmək üçün Bakıya gələn R.Cavadovun oğlu Laçın Moskvaya qayıtdıqdan 3 gün sonra müəmmalı şəraitdə dünyasını dəyişib.
Keçmiş “OMON”çuların əfv və ya amnistiya yolu ilə azadlığa buraxılması gözləniləndirmi?
Hüquq müdafiəçisi, İnsan hüquqları üzrə birgə işçi qrupun üzvü Novella Cəfəroğlu bildirdi ki, “OMON”çuların məsələsi onları da ciddi narahat edir: “Həbsdəki ”OMON"çuların ikisinin adı bizim təqdim etdiyimiz siyahıda da var. Amma məsələ burasındadır ki, onlar əfvə düşmür. Gərək əvvəlcə onların işi məhkəməyə çıxsın, ömürlük cəza ilə bağlı hökmə xitam verilsin. Ömürlük cəza 15 illik həbslə əvəzlənəndən sonra onlar əfv oluna bilər. İndiki vəziyyətdə isə qanun onların əfv olunmasına imkan vermir". N.Cəfəroğlu qeyd etdi ki, İşçi Qrupu bütün digər məsələlər kimi, “OMON”çuların məsələsinə də baxır: “Bizim mövqeyimiz belədir ki, bu adamlar artıq 20 il həbsdə yatıblar, onların azadlığa buraxılması məsələsinə baxmaq olar”.(musavat.com)