Milli Şuranın mitinqi baş tutdumu?
Tarix: 16-03-2015, 15:03 |
Çap et
Xəbər verdiyimiz kimi, Milli Şura adlı siyasi qurum martın 15-də mitinqini keçirdi. Rəsmi məlumata görə, mitinqdə 600 nəfər, təşkilatçıların verdiyi açıqlamada isə bu rəqəmin təxminən 16 misli qədər insan iştirak etdi.
Aksiyaya digər müxalifət partiyaları rəsmi qaydada qatılmasa da, üzvlərinə də iştirakla bağlı qadağa qoymadılar. Bütün bunların fonunda “Hafta.az-ın debatı” rubrikasında müxalifət-iqtidar görüşünə qatılan ADP və KXCP partiya funksionerlərinin mitinqlə bağlı fikirlərini təqdim edirik. Müxalifət-iqtidar görüşü məsələsini ona görə yazdıq ki, partiyaların hər ikisi daha öncə açıqlamalarında dialoqda iştirak etməyi mitinqə qatılmaqdan üstün tutduqlarını söyləmişdilər.
Milli Şuranın son mitinqini necə qiymətləndirirsiniz sualına, ADP-dən sədr Sərdar Cəlaloğlu bu cür cavab verdi:
“Mitinq göstərdi ki, camaat bir o qədər də mövcud iqtisadi vəziyyətdən narahat deyil. Əgər mitinqə yüz minlərlə, on minlərlə insan gəlmirsə bu onu göstərir ki, vəziyyət söylənildiyi qədər insanlara təsir etmir. Biz hesab edirik ki, ölkədə sosial-iqtisadi vəziyyətin ağır və ya yüngül olmasından asılı olmayaraq, iqtidar-müxalifət arasında dialoq olmalıdır. Dialoq daimi bir prosesə çevrilməlidir. Biz görürük ki, xalq qeyri-adi dərəcədə narazılıq ifadə etmir. Küçələrə çıxıb öz etirazlarını bildirməyə meyilli deyil. Buna görə də biz dialoqdan çəkilmirik və bunun davam etdirilməsini məqsədəuyğun hesab edirik. Milli Şuraya gəlincə, onlar bütünlüklə dialoqun əleyhinə olduğuna görə istənilən ictimai-siyasi hadisəni yalnız küçə etirazları ilə həll etməyə çalışırlar”.
Yuxarıdakı suala KXCP-dən sədr müavini Xəzər Teyyubi isə aşağıdakı kimi cavab verdi:
“Biz həmişə kütləvi aksiyaları müdafiə etmişik. Bu cür aksiyalar cəmiyyətin inkişafına xidmət edən vasitələrdən biridir. Bütün hallarda kütləvi aksiyalar əksər hallarda cəmiyyət üçün xeyirli olur. Burada insanlar toplanıb fikirlərini bildirir, demokratiyanın vacib şərtlərini bir daha xatırlayırlar. Mən şəxsən ümumiyyətlə, mitinq keçirilməsini normal qarşılayıram. Baxmayaraq ki, mitinqdə iştirak etmədik, amma biz bunu yüksək dəyərləndiririk. Dialoqa gəlincə, hər halda siyasətdə hər ikisi lazım olur. İkisindən də imtina etmək olmaz. Bütün məsələlərin son həll yolu danışıqlardan keçir. Kim hansını istəyir, onu seçsin”.