Putinin “zühuru” gözlənilir, Atambayev onunla görüşmək üçün Peterburqa gedib
Tarix: 16-03-2015, 15:00 |
Çap et
Rusiya prezidenti Vladimir Putinin bu gün Sankt-Peterburqda nəhayət telekameralar qarşısına çıxması gözlənilir.
Virtualaz.org saytı xəbər verir ki, Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşməlidir.
Qırğızıstan prezidentinin rəsmi saytına əsasən Atambayev martın 15-də axşam Sankt-Peterburqa gedib. Onu aeroportda qubernator Georgi Poltavçenko qarşılayıb. Hələ təsdiqlənməmiş məlumatlara görə, Putin də Peteburqdadır və bu gün onun Atambayevlə ikitərəfli görüşü gözlənilir.
* * *13:46
Martın 5-dən bu yana ictimaiyyət qarşısında görünməyən Rusiya prezidenti Vladimir Putinin “qeybə çəkilməsinin” mümkün səbəbləri haqda şayiələrin ardı-arası kəsilmir.
Virtualaz.org saytı xəbər verir ki, Qərb dairələrində Rusiyada nə baş verdiyini öyrənməyə çalışırlar və ən müxtəlif versiyaları, o cümlədən Putinin dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılması versiyasını araşdırırlar.
İsrailin Rusiyadakı keçmiş səfiri Tsvi Maqen “İl Giornale” qəzetinə açıqlamasında deyib ki, Kremldə hərbçilərin yerdəyişməyi hakimiyyətin dəyişdiyinə dəlalət edir.
Qəzetin yazdığına görə, bir tərəfdən nüfuzlu mənbələr Putinin martın 5-dən bu yana görünmədiyi bir vaxtda qəribə nəsə baş vermədiyini deyirlər. O biri tərəfdən şayiələr dayanmır. İsraildə isə hesab edirlər ki, Rusiyada Putinin devrilməsi ilə nəticələnən çevriliş baş verib.
“Mən dövlət çevrilişinin xeyli əlamətini müşahidə edirəm. Hərbçilərin Kreml ətrafında hərəkəti onu göstərir ki, ya rəhbərliyin əvəzlənməsi baş verib, ya ən azından buna cəhd edilir”- deyə keçmiş səfir deyib.
İsrail diplomatı bildirib ki, çevriliş ordu daxilində qarşıduran tərəflər və ya “nüfuzlu sahibkarlar” tərəfindən həyata keçirilə bilər.
İsrail diplomatının dediklərini sübut etmək mümkün olmasa da Rusiyada çevrilişin baş verə biləcəyini başqa mənbələr də iddia edir.
Putinin yoxa çıxmasının digər mümkün səbəbləri isə onun səhhətində yaranmış problemlər ola bilər. Məsələn, Avstriyanın “Kurier” qəzeti iddia etmişdi ki, Putinin belində ağrılar var və onu müalicə etmək üçün Vyanadan ortoped çağırılıb.
Digər şayiələrə görə, Putin qripdir və Valdaydakı rezidensiyasında müalicə alır. Rusiyalı jurnalistlər rezidensiyanın ətrafında uçuşların məhdudlaşdırıldığını müşahidə ediblər.
Başqa versiyalara görə isə Putin elə-belə yoxa çıxıb. Müşahidə etmək istəyir ki, ölkə onun müvəqqəti yoxluğuna necə reaksiya verəcək.
Lakin Putinin Qırğızıstan prezidenti ilə gözlənilən görüşünün təxirə salınması baş versə, deməli, onun yoxa çıxmasının daha ciddi səbəbləri var.
“Əgər Vladimir Putin Qırğızıstan prezidenti ilə planlaşdırılmış görüşə gəlməsə, o zaman biz Rusiyada hakimiyyət uğrunda kəskin mübarizənin başladığını deyə bilərik”- israilli professor, “Putinin kleptokratiyası” adlı kitabın müəllifi Karen Davişa “The Marker”ə deyib.
K.Davişanın sözlərinə görə, istənilən ssenari, o cümlədən hərbi çevriliş mümkündür. Qəzet diqqəti ona cəlb edir ki, Putinlə birlikdə nazirlərin çoxu da yoxa çıxıb, xarici işlər naziri Sergey Lavrov istisna olmaqla.
Kreml Putinin bir neçə fotosunu yaysa da onların köhnə olduqları üzə çıxıb.
Bu arada Putin ortalarda görünməsə də müdafiə naziri Sergey Şoyqu onun əmri əsasında Şimal Hərb Dairəsinin Qoşunlarına qəfil yoxlama üçün həyəcan siqnalı verib. Manevrlərdə 38 minlik canlı qüvvə və donanma qüvvələri qatılıb.
Kremlin rəsmi saytında isə göstərilir ki, martın 20-də Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dəvəti əsasında Astanaya səfər edəcək, Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin görüşünə qatılacaq. Həmçinin Nazarbayevlə ikitərəfli görüş keçirəcək.