“Bazarstore”də alıcıları aldadan marketlər sırasına qatıldı
Tarix: 16-03-2015, 11:07 | Çap et
“Bazarstore”də alıcıları aldadan marketlər sırasına qatıldı
Manatın məzənnəsi dəyişdikdən sonra bir çox marketlər süni qiymət artımına başlayıb. Əhalinin narazılığını nəzərə alan, ən əsası isə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalardan, cərimələnməkdən qorxuya düşən bir sıra marketlər alıcıları aldatmaq yolunu seçiblər. Belə ki, bəzi marketlər ərzaqları piştaxtada bir, kassada isə başqa qiymətə satırlar.

Beləcə, mağazalar həm alıcını, həm də yoxlamaya gələn aidiyyəti qurumları aldatmış olur. Bu hal baş verən marketlərdən birinin də “Bazarstore” olduğu haqda söhbətləri nəzərə alıb yolumuzu bu marketdən saldıq. “Bazarstore”nin “28 Mall”da və Gənclik metrosu yaxınlığında yerləşən filiallarına baş çəkdik.

Müşahidələrimiz deyilənlərin doğru olduğunu göstərdi. Mağazada piştaxtadakı qiymətlərlə kassadakı qiymətlər arasında 10-50 qəpik arası fərq vardı. Belə ki, “Nescafe” paketlərinin bir ədədi vitrində 20 qəpik olduğu halda kassada 29 qəpiyə, 15 qəpiyə olan digər “Mackofe” kassada 20 qəpiyə, “Azərçay”ın vitrində kampaniyada olduğu və qiymətinin 82 qəpik olduğu qeyd edilsə də, kassada 1 manat 48 qəpikdən hesablanırdı. Həmçinin də düyü, qənd, yağ, şirniyyatların da vitrindəki qiyməti ilə kassada hesablanan qiyməti arasında böyük fərq vardı. Vitrində qiyməti 20 qəpik yazılan bir kofeni götürüb kassaya yaxınlaşdıq.

Kassadakı xanım 29 qəpik ödəməli olduğumuzu bildirdi. Vitrində 20 qəpik yazıldığını və nəyə görə 9 qəpik aldıqlarını soruşduqda kassir xanım “o qiymətlər köhnədi, dəyişdirəcəyik” - cavabını verdi.

Bu məqamda daha bir alıcı kassada qiymətin çox hesablandığını deyərək etiraz edirdi. Kassa qarşısında aldığı ərzaqları yığdığı zənbildən boşaldan alıcı kassir xanımdan yenidən qiymətləri hesablamasını tələb etdi. Hesablama nəticəsində alıcı yenə də bir az əvvəl eşitdiyi 38 manat 23 qəpik rəqəmlə rastlaşdı. Alıcı çaşqın bir halda ərzaqları yenidən yığaraq mağazanı tərk etdi. Görünür, aldadılan alıcı vitrindəki qiymətləri yadında saxlaya bilmədiyi üçün kassada ona necə iki qat qiymət hesablandığının çaşqınlığı içərisində idi.

“Bazarstore”də adının çəkilməsini istəməyən satıcı mağazada qiymət artımının olduğunu təsdiqlədi: “Qiymətləri bahalaşdırmışıq. Nə etməliydik axı? Baha alıb ucuz sata bilmərik. Bizə də baha gətirilir. Nə gizlədək, Novruz bayramına yaxın qiymətlər bir az da artacaq. Xüsusən də bayram alış verişi üçün zəruri olan qoz-fındığın, düyünün, quru meyvələrin, ətin qiymətində kəskin artım olacaq”.

Onu da qeyd edək ki, dəfələrlə bahalaşmanın yalnız xaricdən gətirilən məhsullara şamil ediləcəyi deyilsə də, yerli məhsulların da qiymətində nəzərə çarpacaq bahalaşma vardı.
Xatırladaq ki, bahalaşmanın bütün marketlərdə baş verdiyi halda iki marketin “Bazarstore” və “Makromarket”in adları süni qiymət artımı olan marketlərin sırasına aid edilmirdi. Bu da alıcıları sevindirir və həmin marketlərə üz tutanların sayını artırırdı. Ancaq göründüyü kimi, alıcıların sevinci uzun sürmədi. “Makromarket” kassada alıcıları aldatmasa da, qiymətlərdə müəyyən artımlar edib.

“Bazarstore” isə qiymətləri vitrində ucuz yazmaqla alıcıları aldatmaqla daha çox pul qazanmaq qərarına gəlib. Həmçinin, supermarketdə yerli istehsal olan və istehsalçı şirkət tərəfindən bahalaşmadığı açıqlanan ərzaq məhsullarının da qiymətində bahalaşma müşahidə etdik.

“Bazarstore”vitrində başqa kassada isə başqa qiymət yazaraq alıcıları aldadan ilk market deyil. Eyni hal “Neftçilər” metrosu yaxınlığındakı “Qarabağ”, Nərimanov rayonundakı “Çinar”, Xətai rayonunda yerləşən “Ümid” marketlərdə, “Grandmart”da da baş verib.
“Çinar” və “Ümid” market cəzalandırılsa da, bunun kimi onlarla marketlər hələ də alıcıları aldatmağa davam edir.

“Bazarstore”də alıcıları aldadan marketlər sırasına qatıldı
“Bazarstore”də alıcıları aldadan marketlər sırasına qatıldı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net