Xalq artisti Arif Quliyev Region TV-də yayımlanan "Regionun Fəxri" verilişinin çəkiliş qrupu ilə 4 il təhsil aldığı internat məktəbini ziyarət edib. Axşam.az-ın məlumatına görə, məktəbdəki xatirələrini bölüşən aktyor göz yaşlarını saxlaya bilməyib: "Valideynləri, yaxınları olan uşaqlara yemək, hədiyyə gətirirdilər, həyətdə otururdular. Mənim kimi heç kəsi olmayanlar da pəncərədən onlara baxırdıq. Pis təsir edirdi. Çünki valideyn nəvazişini görməmişdik. Ağacların altında stollar qoyub uşaqlarını yedizdirir, qucaqlayırdılar. O isti qucağı biz də hiss etmək istəyirdik, qıraqdan baxa-baxa qalırdıq. Bir uşağa noğul konfeti gətirmişdilər, mən də uzaqdan baxırdım. Oğlan gələndə ondan noğul istədim, ovucunu bərk-bərk sıxıb dedi ki, bunu mənə anam gətirib, verə bilmərəm. Hər insanın ürəyində dərd, kədər var. O vaxt özümə söz verdim, komediya yolunu seçdim ki, insanları qəmdən uzaqlaşdırım".