Prezidentin bu körpüyə ayırdığı 1 milyonu kim mənimsəyib? - Salyandan REPORTAJ
Tarix: 14-03-2015, 16:06 | Çap et
Prezidentin bu körpüyə ayırdığı 1 milyonu kim mənimsəyib? - Salyandan REPORTAJ
2013-cü il sentyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 6 min nəfərdən artıq əhalinin yaşadığı Salyanın Babazənan qəsəbəsindən rayon mərkəzinə qədər məsafəni dəfələrlə qısaldacaq olan Kür çayı üzərində körpünün tikintisinə 1 milyon manat vəsait ayrılıb.
Həmin ilin axırlarından etibarən isə Salyanla Babazənan yaşayış massivini birləşdirəcək körpünün tikintisinə start verilib. Amma nədənsə ötən ilin iyun ayından körpünün tikintisi dayandırılıb. Bu da Babazənan qəsəbəsinin 6 min nəfərdən çox əhalisinin narazılığına səbəb olub.

Layihəyə əsasən tikintisi yarımçıq qalmış körpünün uzunluğu 216 metr, eni isə 14,5 metrdir. Bunun da hər iki tərəfdən 1,5 metri piyadaların gediş-gəlişi üçün nəzərdə tutulub.

Qəsəbədə uzun illərdən bəri körpünün tikiləcəyi ilə bağlı söyləntilər gəzib. Gözünü açandan körpü tikiləcəyini eşidən gəncin artıq 25 yaşı var. Amma körpü hələ də yoxdur. Daha dəqiq desək, var, amma yarımçıqdır.

Uzun illərdir ki, körpü olmadığından sakinlər rayon mərkəzi ilə əlaqə saxlamaq üçün yalnız qayıqlardan istifadə edirlər. İkinci alternativ yolla isə ancaq avtomobil vasitəsi ilə getmək olar.

Rayon mərkəzindəki bazara getmək üçün qayıqlardan istifadə edən qəsəbə sakinləri hər gün öz həyatlarını təhlükə altında qoyurlar. Dəfələrlə qayıqlardan çaya düşən insanlar olub. Onların əksəriyyəti xilas edilsələr də, aralarında həyatlarını Kürdə boğularaq itirənlər də olub.

Salyan rayon İcra Hakimiyyətindən bildirilib ki, işlərin yarımçıq qalması maliyyə çatışmazlığı ilə bağlıdır. Yaxın vaxtlarda maliyyə vəsaitinin ayrılacağı təqdirdə ərazidə işlərin davam etdirilməsi nəzərdə tutulub.

Burada maraqlı bir məqam var. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan körpünün tikintisi üçün 1 milyon manat ayrılıb. İndi isə maliyyə çatışmazlığını bəhanə gətirən İcra Hakimiyyəti görəsən, bir milyon manatı hara xərcləyib?



Axı, İcra Hakimiyyətinin rəsmi internet səhifəsində "Kür çayı üzərində körpünün inşası sürətlənir" adlı yazıda, körpünün tikintisinin sürətləndiyi və ən qısa zamanda tikinti işinin bitəcəyi haqda verilmiş məlumatın üzərindən 15 ay keçib. Amma körpü hələ də tamamlanmayıb.

Bəlkə də 1 milyon manat pulun sadə bir körpünün tikilməsinə bəs etməməsi, Nəqliyyat Nazirliyinə görədir? Axı, həmin pullar Nəqliyyat Nazirliyinə verilib. Altı min sakinin istifadə edə biləcəyi körpünün puluna kim göz dikib?

Qəsəbə sakinlərindən biri də bu durumdan olan narazılığını dilə gətirib: "2013-cü ildə körpünün tikiləcəyi haqqında eşidəndə çox sevindik. Çünki bu, bizim üçün hər cəhətdən yaxşı idi. Yolumuz çox qısalırdı, maşınlarımız dağılmayacaqdı, gediş-gəliş üçün əla şərait yaranacaqdı. Həm də biz illərdir ki, bu günü gözləyirdik. Mənim 33 yaşım var. İlk dəfə körpü tikiləcəyi haqqında məlumatı eşidəndə 4 yaşım var idi.

Sevindik. Amma boş yerə... Çünki uzun zamandır ki, körpünün tikintisi başa çatmayıb. Yarımçıq vəziyyətdə atıb, işi ataraq gediblər. Bir nəfər də işləmir. Yəqin daha 29 il də tikintinin bitməsini gözləməli olacağam. Çünki ayrılan pullar mənimsənilib. Belə olmasa, tikinti dayanmazdı".

55 yaşlı Səkinə Şirinova isə deyir ki, körpü onlar üçün həyati anlam daşıyır: "Həyatımız qayıqçının əlindədir. Çox vaxt o taya (rayonun mərkəzini nəzərdə tutur - red.) nəvəmlə gedirəm. Qayıq aşsa, ya da "Barkaz"ın (motorsuz gəmidir. Metal tərkibli kəndir vasitəsi ilə hərəkət edir) trosu qırılsa və suya düşsək 100 faiz boğulacağıq. Nəvəm balaca, özüm isə yaşlı qadınam, üzə də bilmirəm. Bizim üçün körpü, hava-su qədər vacibdir".

"Deyirlər ki, maliyyə problemləri var. Təbii ki olacaq. Pulları özləri üçün xərcləyiblər. Ona görə də çatmır. Çünki maliyyə probleminin olması iki məna verir. Ya dövlətimizin bir ədəd adi körpü tikməyə pulu yoxdur, ya da bu məmurlar bunun üçün ayrılan pulu "yeyiblər" - Bu sözləri də 60 yaşlı qəsəbə sakini Fazil dayı deyib.

Mövzunu diqqətdə saxlayacağıq.

Musavat.com





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net