Mədət Quliyevin həbsxana biznesi çiçəklənir?
Tarix: 14-03-2015, 16:00 | Çap et
Mədət Quliyevin həbsxana biznesi çiçəklənir?
1 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşən Paşayev martın 2-də ağzını tikərək müddətsiz aclığa başlayıb. O cəzaçəkmə müəssisəsində təzyiqlərə və qeyri-insani rəftara məruz qalmasına etiraz edir. Bu barədə 13 mart 2015-ci ildə məhbusun anası Lidya Mirzəliyeva məlumat verib: “Oğlum öyrədilmiş məhbuslar tərəfindən fiziki, mənəvi təzyiqlərə, qeyri-insani rəftara məruz qalır. Durduğu yerdə oğlumu itələyirlər, üzünə tüpürürlər, təhqiredici söyüşlər söyürlər. İstəyirlər ki, oğlum onlara cavab versin və şərləyib cinayət işi qaldırsınlar”.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O 12 il müddətinə məhkum edilib və cəzasının artıq 10 ilini çəkib.
Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Onun müraciətinə fevralın 24-də baxılıb. Cəzaçəkmə müəssisəsi ona müsbət xarakteristika verməyib.
Lidya Mirzəyeva oğluna qarşı ittihamın düzgün verilmədiyini deyir. Ölüxananın (Morq) kitabında həmin şəxsin spirtli içkidən vəfat etdiyi yazılıb: “Müxtəlif instansiyalara şikayətlər etmişəm. Şikayətim nəzərə alınmır”.
Mirzəliyeva bildirib ki, mən oğlumla görüşüb aclığı dayandırmasını xahiş etmək istəyirəm: “ Oğluma böhtan atıblar, onun həbsindən sonra 10 il müddətində 47 dəfə baş prokurorun qəbulunda olmuşam, ancaq nəticəsi olmayıb”.

Öz növbəsində, Penitensiar Xidmət Mirzəliyevanın dediklərini inkar edir: “Məhkum Paşayev Elşənin fiziki durumu və sağlamlığı ilə bağlı problemi yoxdur və aclıq aksiyası keçirməsi barədə məlumatlar həqiqəti əks etdirmir”. (contact.az).
Adətən məhkumların yaxınları onların hüquqlarının pozulması ilə bağlı açıqlamalar verirlər. Ombudsman aparatı, Ədliyyə Nazirliyi yanındakı İctimai Komitənin üzvləri isə bu açıqlamaların həqiqətə uyğun olmadığını bildirirlər.
Yayılan xəbərin həqiqi olub-olmadığını yoxlamaq üçün Elşən Paşayevin bacısı İlhamə Paşayeva ilə əlaqə saxladıq. O, bildirdi ki: “ PX bildirir ki, mənim qardaşım ağzını tikməyib, aclıq etməyib. Xidmətin əməkdaşları həm də bildirirlər ki, daxili qaydalara riayət etmədiyi üçün onu “kars”a salıblar”.
Müxbirimizin “Axı, siz haradan bilirsiniz ki, qardaşınız ağzını tikib, aclıq elan edib” sualına cavab olaraq Paşayeva qafqaznews.org-a bildirib ki, Elşən özü zəng elədi və bu barədə dedi: “ Qardaşım eyni zamanda 1 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlardan da danışdı. 1 saylı kalon rəhbərliyin biznes müəssisəsidir. Bu biznes çiçəklənir. Orda varlılar üçün ayrı kameralar var. Pul qazanmaq üçün kafe, bilyard zalı var”.
Biz dəfələrlə PX rəisinin köməkçisi Yaşar İsakovla əlaqə saxlamağa çalışsaq da mümkün olmadı.
Onda 1 saylı cəzaçəkmə müəssisəsinə müraciət etdik. Kalonun qeydiyyat şöbəsinin böyük inspektoru ( adını-soyadını demədi ) bildirdi ki: “ Paşayevlər ailəsi sizi aldadır. Elşən Paşayes nə ağzını tikib, nə də aclıq edib. Məhkumun anası Mirzəliyeva məşhur böhtançıdır. O, cəmiyyəti aldatmaqla oğlunun azad olunmasına çalışır”.
İşgəncə əleyhinə komitənin rəhbəri Elçin Behbudov isə qafqaznews.org-a bildirib ki: “ 8 il əvvəl mən Elşən Paşayevlə görüşmüşəm. Onda o ağzını tikmişdi və aclıq edirdi. Mənim xahişimdən sonra ağzını sökdü”.
Ombudsman Aparatının Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə isə qafqaznews.org-a bildirib ki: “ Mən bu gün Elşənlə görüşdüm, o aclıq elan edib, amma ağzını tikməyib. Orada məhkuma həkim baxışı da keçirildi, ancaq onun bədənində hər hansı zədə aşkar olunmadı. Sədəcə, o vaxtından qabaq azad olunmaq istəyir”.
Müxbirimizin “Nə üçün ona doğmaları ilə görüşməyə icazə verilmir” sualına Ombudsman Aparatının nümayəndəsi belə şərh verdi: “ Hazırda o “kars”dadır.”Kars”da olanlarla görüşə icazə verilmir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net