Əli Həsənov: “Axırda Sərkisyanla ətrafından başqa Ermənistanda kimsə qalmayacaq”
Tarix: 13-03-2015, 18:21 |
Çap et
Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Valterlə görüşüb.
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov Azərbaycan ictimaiyyətinin R. Valteri obyektiv, ədalətli, sözün düzünü deyən bir şəxs kimi tanıdığını və bu dövrün ən böyük probleminin sözün düzünü demək olduğunu söyləyib.
Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini çəkinmədən, açıq müdafiə etdiyinə görə R. Valterə minnətdarlığını bildirən Əli Həsənov qeyd edib ki, belə obyektiv yanaşma ilə dünyanı bürüyən problemlər tədricən həllini tapa bilər. Baş nazirin müavini R. Valterə onun Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması ilə bağlı hazırlayacağı məruzənin mövcud vəziyyəti obyektiv əks etdirəcəyinə əminliyini bildirib və onun üzərinə ağır bir vəzifə düşdüyünü vurğulayıb. Ə. Həsənov uzun illər sovet rejimində, istismar altında yaşadığımızı xatırladıb və indi qarşılaşdığımız işğal faktının da elə sovet rejiminin, Qorbaçov yenidənqurmasının “bəhrəsi” olduğunu nəzərə çatdırıb: “Məqsəd müstəqillik yolunu seçən ölkələri daimi asılılıqda saxlamaq idi. Onlar buna müəyyən qədər nail də ola bildilər. Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Prednestrovye, Azərbaycanda Dağlıq Qarabağ problemi var. Hazırda Ukraynada baş verən hadisələr də o silsilədəndir. Ona görə Dağlıq Qarabağ konfliktindən danışarkən ona yalnız Ermənistanla Azərbaycan arasında baş verən münaqişə kimi baxmaq düzgün olmazdı. Burda digər dövlətlərin maraqları daha güclüdür. Bizə deyirlər ki, öz aranızda razılığa gəlin. Deyirik, onda siz kənara çəkilin. Deyirlər, yox, onda qan tökülər. Bir də başa düşmək olmur ki, Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gələn antidemokratik bir rejimlə hansı danışıqlara getmək olar? Onlar “fəxr”lə dünya ermənilərinə bildirirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ancaq bütün bu “nailiyyətlər”ə baxmayaraq ölkə sürətlə boşalır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə son 10-15 ildə bu rejimdən canını götürüb qaçanların sayı milyon yarımı adlayıb. Onu da deyim ki, Ermənistan yeganə ölkədir ki, üç yerdən idarə olunur - Eçməzdin kilsəsi, Amerikanın erməni icması və təbii ki, Rusiya tərəfdən. Ona görə dünya Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirsə, birinci növbədə bunu Rusiya ilə həll etməlidir”.
İşğal olunan ərazilərə dəyən zərərin Azərbaycan hökuməti tərəfindən beynəlxalq qiymətləndiriciləri cəlb etməklə hesablandığını qeyd edən Ə. Həsənov Ermənistanın hazırkı siyasətindən əl çəkməsə, tezliklə böyük təzminat tələbləri ilə qarşılaşacağını diqqətə çatdırıb.
R. Valter isə hazırlayacağı məruzədə dövlət rəsmiləri ilə yanaşı, qaçqın və məcburi köçkünlərin də fikirlərinin yer alacağını qeyd edib. Qəsəbələrin biri ilə tanış olduğunu, yaradılan şəraitdən məmnunluğunu vurğulayan R. Valter qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqlarını, işğal altındakı torpaqların azad edilməsindən sonra qayıdışın kütləvi proses olacağını vurğulayan Rober Valter həmin ərazilərdə dağıdılmış infrastrukturun bərpası ilə bağlı Azərbaycan hökumətinin üzərinə böyük iş düşəcəyini söyləyib. Ə. Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib. Baş nazirin müavini məruzənin obyektivliyi əks etdirəcəyinə bir daha inandığını vurğulayaraq qeyd edib ki, biz obyektiv və ədalətli qərarın tərəfdarıyıq: “Yəni, "bizim xeyrimizə danışın" demirik. Danışılan obyektiv söz, onsuz da, bizim xeyrimizə olacaq”.
Görüşün sonunda AŞPA-nın məruzəçisinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.