Azərbaycanda ət istehsalı inhisara alınır - Qəssabxanalar ləğv olunur
Tarix: 13-03-2015, 17:07 | Çap et
 Azərbaycanda ət istehsalı inhisara alınır - Qəssabxanalar ləğv olunur
“Ət kombinatlarının yaradılması və ət istehsalının vahid mərkəzdən idarə olunması yalnız bir məqsədə xidmət edir. Bu da həmin sahənin inhisara alınmasıdır və nəticədə istehsal ayrı-ayrı şəxslərin əlində cəmlənərək biznesə çevriləcək”.

Bunu Modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda yaradılacaq ət kombinatları nəticəsində baş verəcək dəyişikliklərə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, yaradılacaq ət kombinatları istifadəyə verildiyi zaman hərə özünə yaxın olanları bu biznesə cəlb edəcək: “Həmin şəxslər də əti emal edərək ticarət obyektlərinə təklif edəcəklər”.

Onun fikrincə, son zamanlar toyuq əti istehsalı ilə də bağlı baş verənlər, onların xüsusi peyvəndlərlə şişirdilməsi kimi məsələlərin ortaya çıxması şəffalığın yaradılmamsından irəli gəlir:

“Belə hal təxminən 15 il əvvəl diri toyuqlar üçün tətbiq edilməyə başladı və hazırki mərhələyə qədər gəlib çıxdı. Əvvəllər istehlakçıya diri toyuqlar da təklif edilirdi, indi isə buna rast gəlmirik. Məsələn, eyni zamanda əvvəllər süd maşınları şəhərdə təzə süd satışını həyata keçirirdi. Bunun da qarşısı alındı. Nəzərə alınmalıdır ki, keyfiyyətli süd üç gündən artıq qalmır. Dükanlarda satılan südlər isə 6 ay müddətinə istifadəyə yararlı hesab olunur. Belə olan şəraitdə hansı keyfiyyətdən danışa bilərik?!”

Vahid Məhərrəmov deyib ki, hazırda heyvanlar arasında çox ciddi xəstəliklər yayılıb: “İndiki heyvanların çoxu xəstədir. Bundan başqa, satış obyektlərinə camış, at, ulaq əti daxil olur. Ət kombinatlarının yaradılması ilə istehlakçının seçim imkanı məhdudlaşacaq. Hər bir insan istəyər ki, gözünün qarşısında kəsilən heyvanın ətindən alıb yesin. Məsələn, istehlakçı olaraq məni, ətini aldığım heyvanın yaşı, çəkisi, hansı hissəsindən almaq lazım olduğu da maraqlandırır. Ət kombinatına verildikdən sonra mən bunlarla tanış olmaq imkanından məhrum olacağam. Ətin kombinatlarda kəsilərək mağazalara paylanması nəticəsində istehlakçının seçim hüququ olmayacaq. İnsanlar məcburiyyət qarşısında qalıb ona təklif edilən ətləri alacaq”.

Mütəxəssisin fikrincə, kombinatların yaradılacağı təqdirdə aldığımız ətin keyfiyyətinə zəmanat də azalacaq: “Hətta bir neçə il əvvəl çox ciddi nəzarət həyata keçirilən Avropa ölkələrində at ətinin satışda olduğuna dair informasiyalar yayıldı və öz təstiqini də tapdı.

Bizim ölkədə indiki şəraitdə onsuz da kifayət qədər at, camış əti istehlakçılara təklif edilir. Ət kombinatları yaranandan sonra kim təminat verəcək ki, orda kəsilən heyvanlar camış, at, ulaq əti olmayacaq? Məgər onlar camış əti olacağı təqdirdə üstünə “camış əti” yazacaqlarmı? Əlbəttə, yox. Belə halların baş verməməsi üçün qəssablara şərait yaradılmalıdır. Kəsim üçün müəyyən olunan yer qapalı olsa da, şəffaflıq təmin edilməlidir”.

Ekspert qəssabxanaların ləğv edilməsinin əhali arasında narazılığa səbəb olacağını da istisna etməyib: “Bu kombinatların yaradılması ilə hər bir yaşayış evinə yaxın yerləşən qəssabxanalar ləğv ediləcək və ət satışı mağazalarda aparılacaq.

Hamıya məlumdur ki, Azərbaycanda hansı məmur hansı sahəni nəzarətdə saxlayır. Ət istehsalı da həmin məmurlardan birinin əlində cəmlənəcək. Bu kombinatların yaradılması ilə ət məhsullarının keyfiyyəti də aşağı düşəcək. Çünki ətin kombinatda kəsilməsi və dükanlara paylanması da müəyyən vaxt tələb edəcək. Hazırda şəhərdə yaşayan elə insanlar var ki, onlara ət rayondan göndərilir. Vəziyyət belə olan halda hamı çalşacaq ki, elə rayondan ət sifariş versin. Onsuz da istehlakçılar kifayət qədər aldadılır. Ticarət obyektləri istehlakçıya yalnız əti təqdim etdiyindən aldadılma halı daha da artacaq.

Azərbaycan şəraitində bu sahədə inhisarçılığın yaranması mütləqdir. Bu üsulu tətbiq etməkdə məqsəd odur ki, dövriyyədən çıxarılan, südvermə qabiliyyətini itirən, daha sağlam olmayan, şikəst, kor olan heyvanları dövriyyəyə buraxmaqla gəlirlərini daha da artırsınlar”.

Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov bildirib ki, hazırda Bakı şəhərində iki ət kombinatının tikintisi başa çatmaq üzrədir. Ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq. Şəhərin ət tələbatı tam ödənildikdən sonra tələblərə cavab verməyən sallaqxanalar ləğv ediləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net