Narkobaronlar qaçmaq üçün gözyaşardıcı qazdan istifadə etdilər - Azərbaycanda
Tarix: 13-03-2015, 12:37 |
Çap et
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup ifşa edilib.
DSX-nin mətbuat mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, martın 5-də saat 24:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xidmətin əməkdaşları qaçaqmalçılıq yolu dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu “Mercedes” markalı Az-99-NN-353 nömrə nişanlı avtomobillə saxlayıblar.
Xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilər tərəfindən yaxalanıblar.
Saxlanılmış şəxslərin üzərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.
Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318 (dövlət sərhədini qanunsuz keçmə), 206 (qaçaqmalçılıq), 234 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayəti törətmiş digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.