"Azərsun" yeno bahalaşma dalğasına start verir...
Tarix: 13-03-2015, 11:26 |
Çap et
Manatın 34 faizlik devalvasiyasından sonra müşahidə edilən bahalaşma davam edir. Ekspertlər ilin sonuna kimi ölkədə inflyasiyanın iki rəqəmli olacağını qaçılmaz hesab edirlər.
Bəzi analizlərdə inflyasiyanın 15 faizə çata biləcəyi proqnozlaşdırılır. Hər bir halda hökumət inzibati yollarla bahalaşmanın qarşısını almağa çalışsa da, effekt vermir. Proqnozlara görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən edilən təzyiqlər mənfi nəticələrə yol aça bilər. Bunu ölkənin ən böyük ərzaq istehsalçısı olan "Azersun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozal da etiraf edir. O bildirib ki, 34 faizlik devalvasiyanın acısını hiss etməkdədir:"Təməl qida məhsullarının istehsalı üzrə "Azersun" xaricdən orta hesabla 50 faiz asılıdır. Bu, bəzi məhsullarda 60 faiz, bəzi məhsullarda isə 10 faizdir.
Abdolbari Goozal qeyd edib ki, devalvasiya yerli istehsal olan məhsulların qiymətlərini 15-17 faiz civarında bahalaşdıracaq. O, qiymətlərin "çomaq" ilə qarşısının alınmasının mümkün olmayacağını söyləyib.
“Qafqazinfo” xəbər verir ki, iqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a şərhində bildirib ki, hazırkı dövrdə qiymətlərin bahalaşmasında həm süni amillər var, həm də hökumətin devalvasiya ilə bağlı qərarının təsirləri: "Azərbaycana hər il orta hesabla 9,2 milyard dollarlıq mal gətirilir. Bu, ümumi əmtəə dövriyyəsində olan malların 35-36 faizi qədərdir. İndiyədək həmin məhsulları xaricdən idxal edəndə onu manata konvertasiya edirdilər. Bu zaman idxal olunan məhsulların həcmi 7,2 milyard manat alınırdı. Hazırkı məzənnə ilə konvertasiya etdikdə isə 9,7 milyard manat olacaq.
Yalnız manatın devalvasiyasına görə, malların qiyməti 2,5 milyard manat və ya ümumi ticarət dövriyyəsində olan məbləği 11 faiz artıb. Belə olan halda idxalla məşğul olan sahibkarlar nə etməlidir? Axı onların həm də idxal etdiyi ölkələr qarşısında öhdəliyi yaranır. Sahibkarlar məhsullarını manata konvertasiya edib ticarət mərkəzlərinə paylayanda hesablamalarını belə qurmuşdular ki, yerlərdə hər 78 manat 44 qəpik 100 dollar gətirəcək. Amma devalvasiyadan sonra hər 78 manat 44 qəpik 76 dollar gətirir. İndi idxalla məşğul olan sahibkarlar bu itkiləri necə kompensasiya edəcək? Bu səbəbdən də topdansatış mərkəzləri devalvasiyadan sonra yenidən qiymətləndirmə aparmağa məcbur oldular. Ona görə də son həftələr bahalaşma müşahidə edilir. İndi buna heç bir halda süni qiymət artımı olduğunu demək olmaz".
Ekspert bildirdi ki, idxal olunan və pərakəndə satış dövriyyəsində olan məhsulların 40 faizi əhalinin istehlak xərclərinə daxildir: "Deməli, əhalinin istehlak xərclərinin məbləği də artıb. Vətəndaş işləyirsə, onun əmək haqqı artırılmalıdır, istehsalçı isə yeni xərcləri maya dəyərinin üzərinə əlavə edəcək. İstehsalçı qiymətləri artırmağa məcburdur ki, itkiləri bərpa edə bilsin. Hələ ki, müşahidə edilən bahalaşmanı süni qiymət artımı kimi qələmə vermək mümkün deyil".
N.Əliyev onu da deyir ki, qiymət artımına qədər ölkədə monopol qiymətlər meydan sulayıb: "Onlar gətirdiyi malların bir hissəsini vergidən yayındırırlar. Habelə, monopolistlər gətirdikləri malın başqa sahibkarlar tərəfindən idxalına qadağa qoyurlar. Həm idxal, həm istehsal, həm də pərakəndə satış xüsusi adamlar tərəfindən idarə olunur.
İndiki vəziyyətdə isə "Azərsun" şirkəti qiymətləri qaldırmağa məcburdur. Çünki onların Azərbaycan bazarına çıxardığı malların xeyli hissəsi xaricdən idxal olunur. Şirkətin ölkə daxilində istehsal etdiyi məhsullar da var. Həmin məhsulların bir hissəsi isə istehsal ehtiyaclarının ödənilməsinə sərf olunur. Xarici ölkələrdə idxal olunan malların bir hissəsi də istehsal ehtiyaclarının qarşısının alınmasına yönəlir. Yəni istər-istəməz bu xərclər artır. Ona görə də, mümkün deyil ki, qiymətlər yüksəlməsin. Manatın son devalvasiya qərarı əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salıb. Artıq maaşların, təqaüdlərin, sosial müavinətlərin artırılması üçün addımlar atılmalıdır.
Əgər qiymətlərin ucuzlaşmasını istəyiriksə, enerji daşıyıcılarının tarifləri aşağı salınmalıdır. Bunun üçün kifayət qədər əsaslar da var. Hökumət dünya bazarına çıxardığı nefti heç 60 dollara sata bilmir, amma ölkə vətəndaşlarına 120-140 dollara satır".
İqtisadçıya görə, hökumət artıq bahalaşmanın qarşısını almaqda acizdir: "İnzibati yollarla qiymətləri saxlamağa çalışsalar da, bu, mümkün olmayacaq. Məsələn, siqaretin bahalaşmasının qarşısını nə qədər çalışsalar da, ala bilmədilər. Amma Türkiyənin tanınmış "Veyseloğlu" şirkətinə gətirdiyi məhsulların qiymətlərinin müəyyənləşdirilməsinə maneə yaradırlar. Belə zor gücünə siyasət yeritmək olmaz. Süni maneələrin yaradılması xarici şirkətlərin Azərbaycana mal idxalını azalda, ölkədə qıtlıq yarada bilər.
Artıq ilin sonuna kimi bahalaşma davam edəcək. Hökumət qurumlarının inzibati yollarla qeyri-peşəkar davranışları qiymətlərin daha da bahalaşmasını stimullaşdıracaq. Bu isə əhalinin sosial vəziyyətini ağırlaşdıran amilə çevriləcək".